“Harrisin görüşdən sonra verdiyi açıqlama görüş zamanı Netanyahuya söylədiklərindən qat-qat tənqidi olub”
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın vitse-prezidenti Kamala Harrisin görüşdən sonra verdiyi bəyanatdan məyus olub. AYNA xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Qəzet İsrail rəsmisinə istinadən yazıb: “İsrailin Baş naziri Benyamin Netanyahu vitse-prezident Kamala Harrisin görüşdən sonra kamera qarşısında verdiyi açıqlamadan məyus olub və bunun Qəzza zolağındakı girovlar və atəşkəslə bağlı danışıqlara zərər verəcəyindən narahat olub”.
Bir mənbəyə görə, “Harrisin görüşdən sonra verdiyi açıqlama görüş zamanı Netanyahuya söylədiklərindən qat-qat tənqidi olub”. Nəşrin yazdığına görə, Netanyahu vitse-prezidentin girovların azad edilməsini və atəşkəs rejimini münaqişənin yekun həlli ilə əlaqələndirməsindən, İsrailin isə müvəqqəti barışıqdan sonra hərbi əməliyyatları bərpa edəcəyini gözləməsindən narahat olub. Bundan əlavə, Baş nazir Harrisin İsraili ictimai tənqidindən və humanitar böhran yaratmaqda ittiham etməsindən narazı qalıb.
Bundan əvvəl Netanyahu ilə görüşdən sonra Harris onu Fələstinin HƏMAS radikal hərəkatı ilə Qəzza zolağında atəşkəslə bağlı ən qısa zamanda müqavilə bağlamağa çağırıb.