Kavelaşvili Trampa Vaşinqtonun passivliyindən şikayət edib
Gürcüstan Prezidenti Mixail Kavelaşvili ABŞ Prezidenti Donald Trampa açıq məktub ünvanlayıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, məktubda Prezident Gürcüstan-Amerika münasibətlərinin yenidən qurulmasının vacibliyindən bəhs edib.
Qeyd edib ki, strateji tərəfdaşlığa sıfırdan başlamaq Gürcüstanın xarici siyasətinin prioriteti olaraq qalır.
Kavelaşvili məktubunda Trampı Gürcüstana daha çox diqqət yetirməyə çağırıb və iki ölkə arasında strateji tərəfdaşlığın bərpasının vacibliyini vurğulayıb.
"Xatırladıram ki, bu strateji tərəfdaşlıq Bayden administrasiyası tərəfindən sizin andiçmə mərasiminizdən bir neçə həftə əvvəl ləğv edilib. Bu addım onun bir çox suveren dövlətlərə qarşı ədalətsiz, kobud və aqressiv siyasətinin bir hissəsi idi. Bu kontekstdə administrasiyanızın Gürcüstana kifayət qədər diqqət yetirmədiyini təəssüflə qeyd etmək lazımdır", - Kavelaşvili vurğulayıb.