Gülsüm Biləndərli: “Xocalını 365 gün fikirləşirəm”

Cəmiyyət

02.03.2020 - 18:01

Sinif otağında rəqs edən müəllim: "Təhsil Nazirliyinin məni müdafiə etməsi isə daha çox sevindirdi"

 

Bir neçə gündür, cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri orta məktəb müəllimi Gülsüm Biləndərlinin rəqs etməsidir. Sinif otağında rəqs edən xanım müəllimin barəsində xoşagəlməz ittihamlar səslənsə də, böyük əksəriyyət onun müdafiəsinə qalxıb.

 

Beləliklə, AYNA-nın qonağı Gülsüm Biləndərlidir.

 

- Gülsüm müəllim, sosial medianın müzakirə mövzusuna çevrilmək sizə də qismət oldu. Necəsiniz?

 

- Bəli, baş verənlərə təəssüf edirəm, amma oldu. Mən həmin videonu öz həmkarlarımın qrupunda paylaşmışam. Oradan da kimsə mediaya ötürüb. Bu barədə polis orqanlarına müraciət etmişəm, həmin insanın tapılıb cəzalandırılmasını istəyirəm. Çünki bu, şəxsi məsələdir. Məni çox insan müdafiə etdi, buna görə hər kəsə təşəkkür edirəm. Təhsil Nazirliyinin məni müdafiə etməsi isə daha çox sevindirdi. Xahiş edirəm, mənə qəhrəman kimi baxılmasın, mən qəhrəman deyiləm. Bir sıravi təhsil işçisiyəm, yorğunluğumu atmaq üçün, sadəcə oynamışam. Bunu da dərs saatında yox, boş vaxtımda və gərgin iş vaxtında etmişəm. Etdiyim hərəkətdə də qəbahətli heç nə yoxdur.

 

- Sizi qınayanların əsas arqumenti Xocalı stendi altında oynamağınızdır...

 

- Mən Moskva şəhərində yaşamışam, amma Vətənimi sevdiyim üçün geri Vətənimə qayıtmışam. Ötən illər ərzində işimlə bağlı nəsə bir tənqid olmayıb. Həmişə geyimimdən tutmuş, dərsimə, şagirdlərimə münasibətə qədər nümunə olduğumu düşünürəm. Xocalılardan belə bir qınaq eşitdim. Amma bilsinlər ki, mənim də şəhidim var, Xocalı mənim üçün 1 gün - 26 fevral yox, 365 gün var. Azərbaycan ərazisinin kiçilməsinə həmişə yanıram. Şagirdlərimə hər zaman vətənpərvərlikdən danışıram. Bir də bu video yanvarın 29-da çəkilib. Bir daha xatırladıram ki, həmin gün sinif müəllimi olduğum üçün otağımda idim.

Raminə Eyvazqızı