İlham Əliyev: “Hərbi Qənimətlər Parkında quraşdırılmış bu lövhə erməni fərariliyinin təzahürüdür”
“Hərbi Qənimətlər Parkının açılışını bu gün etdim. Orada nümayiş etdirilən düşmənin dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü göstərdi, bir daha düşmənin məğlubiyyətini göstərdi”.
AYNA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında hərbi qulluqçularla görüşdə səsləndirib.
“Burada nümayiş etdirilən texnika məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının kiçik bir hissəsini təşkil edir. 125 artilleriya topu, 366 tank, 7 ədəd S-300 zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını və digər texnikalar məhv edilib və qənimət kimi götürülüb”, - deyə dövlət başçısı bildirib.
“Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu qələbəni əldə etmək nə qədər çətin idi. Düşmən 30 il ərzində azad edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, Azərbaycan hərbçiləri bütün bu maneələri dəf edərək düşməni məğlub etdi”, - deyə Prezident vurğulayıb.
İlham Əliyev xatırladıb ki, Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər: “Bir lövhə düzəltmişdilər, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb. Əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı apardığı etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlaklarını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə çalışırdılar. Mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var, azərbaycanlılar isə şəxsi maşınlarını qoyub öz torpaqlarından çıxmışlar”.
“Biz bunu unutmamışıq və bu lövhə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya qənimət kimi götürülüb. Müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın. Gün gələcək, biz bu nömrələri nümayiş etdirəcəyik. Və dekabrın 10-da keçirilmiş hərbi paradda bax, bu lövhə nümayiş etdirildi - Azadlıq meydanında. Bütün xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyi bir daha göstərildi və bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Burada sərgilənən yük maşınlarının nömrələri, sadəcə, götürülmüş texnikanın kiçik hissəsini təşkil edir. Düşmənin 522 yük maşını məhv edilib, qənimət kimi götürülüb və bura gələn hər bir insan, Azərbaycan vətəndaşı, ölkəmizin qonağı gələcək və bunu görəcək. Ermənilər də bunu görsünlər, görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur onlara verilən cavab. Qarabağ Azərbaycandır!”, - deyə ölkə rəhbəri bəyan edib.