Gəncə terrorunda dağılan evlərin yerində xatirə kompleksi yaradılacaq

Cəmiyyət

07.01.2021 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

Prezident: “Heç kim bizim şəhidlərimizi unutmasın və biz onların əziz xatirəsini əbədiləşdirməliyik”

 

Ermənilərin Gəncədə törətdiyi terror nəticəsində dağılmış evlər xatirə olaraq saxlanılacaq. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə bildirib.

 

“9 mindən çox ev ki, onlara ziyan dəyib, əlbəttə, bu evlərin bərpası bizim əsas vəzifələrimizdən biri olmalıdır. İndi işlər başlanıb. İndi siz də qeyd etdiniz, itirilmiş əmlakın bərpası, vətəndaşlara vəsaitin verilməsi - bütün bunları həll etmişik. Əlbəttə ki, evlərin tikintisində və bərpasında biz fəal iştirak edirik. Çalışmalıyıq ki, bu məsələ də qısa müddət ərzində öz həllini tapsın. Eyni zamanda, çoxmənzilli evlərin yenidən tikilməsi üçün vəsait ayrılmışdır. Hesablayın, əgər əlavə vəsait lazım olacaqsa, nə qədər lazımdırsa, biz o qədər də vəsaiti ayırmalıyıq”, - deyə ölkə başçısı vurğulayıb.

 

Prezident deyib ki, Gəncə şəhərində yaşayış binalarının Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılması və bunun nəticəsində bir çox insanın həlak olması faktı erməni vəhşiliyini bir daha bütün dünyaya göstərib: “Bu evlər yenidən tikilməlidir. Amma hesab edirəm ki, həmin yerlərdə yox, həmin yerlər xatirə komplekslərinə çevrilməlidir. Hesab edirəm ki, biz artıq orada təmizləmə işlərinə də start verməliyik. Çünki bir müddət o yerlər dağılmış vəziyyətdə qalmışdır ki, xarici jurnalistlər, eyni zamanda, diplomatik missiyaların nümayəndələri gedib orada erməni vəhşiliyini öz gözləri ilə görsünlər. Demək olar ki, dünyanın bütün aparıcı kütləvi informasiya vasitələri bu dəhşətli görüntüləri öz videoreportajlarında əks etdirmişlər. İndi isə Gəncə şəhərində dağılmış çoxmənzilli evlərin ərazilərində təmizlik işlərinə start verilməlidir. Yerli icra orqanlarına kömək göstərin və layihələr hazırlayın. O xatirə kompleksi həmin yerlərdə olmalıdır ki, heç kim bizim şəhidlərimizi unutmasın və biz onların əziz xatirəsini əbədiləşdirməliyik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş