Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırmaq üçün Qətərin vasitəçiliyi ilə danışıqlar aparırlar
Rusiya və Ukrayna Qətərin vasitəçiliyi ilə “bir-birinin enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı ilkin müzakirələrə” başlayıb. AYNA xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Financial Times” qəzeti yazıb.
Nəşr yazır ki, danışıqlarla tanış olan diplomat onları “nəyisə bərpa etmək barədə çox erkən danışıqlar” adlandırıb.
Avqust ayında bir çox Qərb mediası Rusiya və Ukraynanın Qətərin vasitəçiliyi ilə enerji infrastrukturuna - Rusiya tərəfdən Ukraynadakı elektrik stansiyalarına və Ukrayna tərəfdən isə neft sənayesi obyektlərinə hücumların dayandırılması ilə bağlı danışıqların başlanmasını müzakirə etdiyini bildirmişdi.
“Financial Times”ın yazdığına görə, Ukraynanın Kursk bölgəsini nəzarətə götürməsindən sonra Rusiya danışıqlara getməkdən imtina edib.
Oktyabr ayında Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə belə bir razılaşmanın müharibənin qaynar fazasını bitirməyə hazır olduğunu göstərə biləcəyini söyləyib.