XİN və DTX birgə məlumat yayıb
Xarici İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə mətbuat məlumat yayıb.
AYNA xəbər verir ki, məlumatda deyilir: “Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Fərid Səfərli Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb. Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub. Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir”.
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də İrandan Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub. O, istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib.