"Bundan sonra dövlət qurumları fors-major halları da nəzərə alacaq"

Mədəniyyət

15.07.2019 - 20:33

Nahid Bağırov: “Hadisə unudulana kimi turistlərin sayında azalma olacaq, amma bir müddətdən sonra yenidən turist axınının şahidi olacağıq”

 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilib. Bu xəbərdən sonra Şəkiyə turist axını daha da çoxalıb.

 

Lakin yenicə sevinməyə başlamışdıq ki, olmayacaq iş oldu - iyulun 14-də Şəkidə təbiət hadisəsi nəticəsində, yerli və əcnəbi turistlərdən ibarət 19 nəfər ciddi xəsarət alaraq xəstəxanalara yerləşdirildi.

 

Baş vermiş bu bədbəxt hadisə bir sıra məqamları ortaya çıxarır. Sual yaranır ki, tarixi abidələrin yerləşdiyi ərazilərdə ziyarətçilərin təhlükəsizliyi necə qorunur? Bundan sonra daha hansı tarixi məkanda belə bədbəxt hadisə baş verə bilər? Həmçinin, Şəkidə baş vermiş hadisə əraziyə turist axınına necə təsir göstərəcək?

 

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov AYNA-açıqlamasında bu suallara aydınlıq gətirib.

Похожее изображение

Onun sözlərinə görə, ölkədə tarixi abidələr, qoruqlar varsa, bununla məşğul olan qurumlar həmin ərazilərdə turistlərin və yerli əhalinin təhlükəsizliyini təmin etməlidir: “Xüsusilə daha çox maraq göstərilən, ziyarətçilərin sayı çox olan turizm məkanlarında təhlükəsizliyə ciddi diqqət ayrılmalıdır. Təbii fəlakətlərin baş vermə riski də qismən hesablanmalıdır. Düzdür, bütün təbii fəlakətlərə qarşı nəzarət mümkün deyil, amma 500 yaşlı ağacın hər an aşma ehtimalını nəzərə almaq lazımdır. Xüsusilə küləkli hava varsa, bu risk daha da çoxalır”.

 

Müsahibimiz düşünür ki, baş verən bədbəxt hadisədən sonra adiyyəti qurumlar daha diqqətli olacaq və ciddi tədbirlər həyata keçirəcək: “Fors-major hallar da nəzərə alınacaq. Əks halda, belə hadisələr turizm sahəsinə də təsir göstərə bilər”.

 

Assosiasiya rəhbəri onu da vurğulayıb ki, küləklər şəhəri olduğuna görə Bakıda yerləşən qoruqlara, tarixi abidələrə xüsusi diqqət ayrılmalıdır: “Həmçinin Qobustan və turistlərin daha çox getdiyi digər qoruqlara da nəzarət gücləndirilməlidir. Şəki Xan Sarayında baş verən bu hadisə bütün qurumlara ibrət olmalıdır. Gərək bundan sonra bütün turizm məkanlarında hava şəraiti nəzərə alınsın, turistlərə və yerli əhaliyə xəbərdar edilsin”.

 

Nahid Bağırovun fikrincə, baş verən hadisə bir müddət Şəki Xan Sarayına gedəcək turistlərin sayına mənfi təsir edəcək: “Hadisə unudulana kimi turistlərin sayında azalma olacaq. Amma bir müddətdən sonra yenidən turist axınının şahidi olacağıq”.

 

Suallarımıza cavab tapmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxlamağa çalışdıq. Lakin gün ərzində Nazirliyin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.

 

Öz növbəsində, Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə də baş verən hadisəylə bağlı işlərinin çox olmasını deyərək, suallarımızı daha sonra cavablandıracağını bildirdi.

Müəllif: Təranə Xudabaxşiyeva