“Ermənistan sülhə getmir”

Siyasət

07.10.2022 - 15:39

Sabiq nazir: “Sabah Fransa öz müşahidəçiləri vasitəsilə Ermənistanın xeyirinə bəyanatlar verəcək ki, Azərbaycan Ermənistan ərazisinə girib”

Yelisey sarayının rəsmi saytında oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşlə bağlı bəyanat dərc olunub. Bəyanatda vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini təsdiqləyib.

 “Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq”, - deyə sənəddə qeyd edilib.

Bildirilib ki, Ermənistan Azərbaycanla sərhəddə Avropa İttifaqının (Aİ) mülki missiyasına yardım göstərməyə razılaşıb: “Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib. Missiya oktyabr ayında faəliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir”.

“Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazırdır”. Bunu isə Mişel görüşün yekunları ilə bağlı “Twitter” hesabındakı paylaşımında qeyd edib. Onun sözlərinə görə, Aİ-nin dəstəkləməyə hazır olduğu dayanıqlı deeskalasiya və gücləndirilmiş sülh səyləri müzakirə edilib.

Bir çox ekspertlər Praqa görüşünün nəticələrini rəsmi Bakının növbəti diplomatik qələbəsi hesab edirlər. Analitiklərin qənaətincə, liderlərin görüşünün yekunu barədə Yelisey sarayının yaydığı bəyanat Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıması anlamına gəlir.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə fərqli fikirdədir. O, AYNA-ya müsahibəsində deyib ki, bunu diplomatik qələbə kimi qiymətləndirmək mümkün deyil:

- Bunu “qələbə” adlandırmaq yəqin ki, peşəkarlıq probleminin nəticəsidir. Əlbəttə, hansısa məsələdə razılaşmaq olar, amma buna, sözün əsl mənasında, qələbə demək olmaz. Ermənistanla Azərbaycan arasında 1991-ci ildəki mövqe fərqliliyi vardı ki, o, qüvvədə qalır. Bundan sabah Ermənistan öz xeyirinə istifadə edəcək və elə yozacaq ki, guya Azərbaycan razılaşdırılmış sərhədləri pozub. Qarabağa gəlincə, İrəvan yenə deyəcək ki, “biz Qarabağı Azərbaycan ərazisi kimi tanımamışıq”.

- Bunu nə ilə əsaslandıracaqlar?

- Əslində, onların sərhədləri ilə bağlı da birmənalı məsələ yoxdur. 1989-cu ilin dekabrında Ermənistan qəbul edib ki, Qarabağ onlara “birləşib”. Və orada bir məfhum var ki, “bu sərhədlərlə Ermənistan Respublikası olmalıdır”. Sonra da müstəqilliklərini bərpa ediblər. Demək istədiyim odur ki, Ermənistanın əlində yetərincə imkan var ki, bir çox nüanslardan istifadə etsin. Məsələn, bəyan edəcəklər ki, Azərbaycan Ermənistanın sərhədlərini 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, tanıyıb, amma indi pozur. Və Ermənistan öz mövqelərini müdafiə etmək üçün istənilən qədər element tapacaq, iddia ortaya qoyacaq. Söhbət bundan gedir. İndi hamı deyir ki, “Ermənistan sülhə razılaşır”. Mən belə düşünmürəm. Ermənistan sülhə getmir. Anlamaq lazımdır ki, Ermənistan sülhə gedən deyil. Bu formada sülh nəyimizə lazımdır?!

- Hesab edirsiniz ki, indiki halda Azərbaycana sülh sazişini imzalamaq lazım deyil?

- Sülh sazişi o vaxt imzalanmalıdır ki, Ermənistan tələbləri icra etsin. Ən azından tərəflər bir-birinin daxili işlərinə müdaxilə etməsinlər. Bu, sülh prinsipinə daxil olan məsələdir. Biz indi nə görürük? Ermənistan hər il dövlət büdcəsindən Qarabağdakı qondarma qurumun ayaqda qalması üçün maliyyə ayırır. Sonradan da separatçıları Azərbaycana qarşı təxribata sövq edirlər. Sülh belə əldə olunur? Bu baxımdan, biz nəyə nail olduq? İmkan verdik ki, Ermənistan bir çox elementlərlə bizi ittiham etsin. Başqa bir sual: 1920-ci ilin xəritəsinə əsaslanan sərhədlər məsələsi nə yerdə qaldı?

- Zəngəzur məsələsini nəzərdə tutursunuz?

- 1920-ci il xəritəsindən imtina etmişik? Doğrusu, anlaya bilmirəm, biz Praqada nəyə əsaslanmışıq, nəyə razılaşmışıq, nəyə imza atmışıq...

- Hansısa sənəd imzalanmayıb, sadəcə 1991-ci il Alma-Ata Bəyannaməsində göstərilən sərhədlər çərçivəsində tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması barədə şifahi razılıq olub. Hər halda, Yelisey sarayının görüşlə bağlı bəyanatından bu qənaət ortaya çıxır.

- Axı 1991-ci ildə - Alma-Ata Bəyannaməsi imzalanarkən Ermənistan Qarabağın onların tərkibində olduğunu iddia edirdi. Bəs indi necə olacaq?

- Azərbaycan da ondan qabaq Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib axı...

- Biz ləğv etmişik, bu, öz yerində. Dünən Praqada Ermənistan öz mövqeyini, biz isə öz mövqeyimizi təsdiqləmişik. Burada bir-birinin ərazi bütövlüyünü tanımasını harda görürsünüz? 1991-ci ildə Alma-Ata Bəyannaməsini yenidən təsdiqləmək nəyə lazım idi? Biz onsuz da onu özümüz üçün təsdiqləmişik. Əvvəl Rusiya 1991-ci ilin sənədini Ermənistanın xeyrinə yozurdu, bundan sonra Fransa yozacaq. Biz nə qazandıq? Hesab edirəm ki, heç nə qazanmadıq.

- BMT-yə daxil olarkən Alma-Ata Bəyannaməsi əsasında...

- Bir dəqiqə dayanın. BMT-yə üzvlük heç bir ölkənin ərazi bütövlüyünün tanınmasının təsdiqi deyil. Üzvlük üçün təqdim edilən sənəddə sərhədlərin koordinatları var? Təbii ki, yoxdur. Müstəqil dövlət olduğunu bəyan edirsən, BMT-yə müraciət ünvanlayırsan. BMT də səni dövlət kimi tanıyır, vəssalam. Sənin sərhədlərini təsdiq etmirlər axı. BMT-də o qədər ölkələr var ki, bir-birinin sərhədlərini tanımır, amma üzvlükləri var.

Bilirsiniz, mən bu razılaşmanın problemli tərəflərini görürəm. Yenə deyirəm, bunu qələbə kimi təqdim etmək bizim üçün yanlışdır. Bu, Ermənistana sərf edir. Sabah biz 1920-ci ilin xəritələri əsasında sərhədlərdən danışanda Ermənistan da, Fransa da deyəcək ki, siz 1991-ci ilin sərhədlərini tanıdınız axı. Bu, bizə lazım idi? Ermənistan deyəcək ki, 1991-ci ildə Azərbaycanın sərhədlərini Dağlıq Qarabağsız tanımışıq. Ona görə də deyim: bu, birmənalı şəkildə Ermənistan diplomatiyasının qazancıdır. Fransanın da oraya gətirilməsi bizim ziyanımızadır.

- Avropa İttifaqının mülki missiyasını nəzərdə tutursunuz?

- İstənilən ad qoya bilərsiniz: mülki missiya, yaxud başqa bir ad. Fransızların gətirilməsinə icazə verilməməli idi.

- Yelisey sarayının bəyanatında belə qeyd edilir: “Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib”...

- Deməli, Azərbaycan qəbul edir də bunu. Bu, bizə nəyə görə lazım idi?

- Bəlkə məqsəd Rusiyanı neytrallaşdırmaqdır?

- Əvvəl bu məsələdə Rusiyanın bizə ziyanı bundan çox idi ki? Nə istəyirdik, qəbul edirdi. İndi sabah Fransa öz müşahidəçiləri vasitəsilə Ermənistanın xeyirinə bəyanatlar verəcək. Deyəcək ki, Azərbaycan Ermənistan ərazisinə girib. Nailiyyət budur?

- Ümumilikdə Praqa görüşünü necə qiymətləndirirsiniz?

- Bu, sülhə doğru addım deyil. Bizim mövqelərimizə zərər gəldi. Hələ bunun ziyanlarını gələcəkdə görəcəyik. Mən anlamıram, danışıqlar sənədini hüquqşünaslar görməyib? Ümumiyyətlə, sənədlər əvvəlcədən hazırlanmalı idi. Onu kim hazırlayıb?

- Yəqin ki, Xarici İşlər Nazirliyi və oradakı hüquqşünaslar...

- Əgər hazırlıqsız sənədə imza atılıbsa, bu, bizim səhvimizdir. Bilmirəm, imza atılıbmı, razılıq necə olub.

- Mən bildiyim qədərilə imza atılmayıb, şifahi razılıq olub və Yelisey sarayı da görüşün yekunu ilə bağlı bəyanatda bunları qeyd edib...

- İndi Ermənistanın təbliğatına baxarsınız, görün nələr yazacaqlar.

- Erməni saytlarında “Paşinyan növbəti dəfə kapitulyasiyaya getdi” yazırlar...

- Hansı kapitulyasiyaya gedib, nəyi uduzub ki?! Heç nəyi uduzmayıb. Əlbəttə, Ermənistanda bu cür təbliğat daha çox sərf edir. Faktiki olaraq İrəvan Qarabağa iddialarını qüvvədə saxlayırsa, bunun harası kapitulyasiyadır? Belə təbliğat Ermənistanın taktikasıdır. Biz güc-bəla Zəngəzur məsələsini ortaya çıxarmışdıq. Alma-Ata Bəyannaməsi əsasında ərazi bötüvlüyünün tanınması Zəngəzur məsələsinin də üzərindən xətt çəkir. İndi görək, rəsmi Bakı bunu necə izah edəcək. Hesab edirəm ki, Yelisey sarayının bəyanatı ciddi tənqid olunmalıdır. Və ən azı XİN-dən kimsə məsuliyyət daşımalıdır.

Müəllif: Anar Bayramoğlu