Ermənilər yenə hallüsinasiya görürlər: müharibəyə dair gizli videoçəkilişlər varmış

Siyasət

09.09.2021 - 14:10

Üç ağaclıq meşədə günah keçisi axtarmaq əvəzinə, məğlubiyyətlərinin gerçək səbəblərini araşdırsınlar

 

Ermənistanın "Past" qəzeti yazır ki, kosmosda peyki olan ölkələrdən birinin nümayəndələri erməni müxalifətinin nümayəndələri ilə əlaqə saxlayıb və onlara əllərində olan və Ermənistana aidiyyəti olan videogörüntülər təklif ediblər. Bunların arasında, xüsusən də İkinci Qarabağ müharibəsinin bütün videosu var ki, araşdırılarkən Azərbaycanın bu 44 gün ərzində hansı taktikaları həyata keçirdiyi və Ermənistanı necə məğlub etdiyi barədə aydın təsəvvür əldə etmək olar.

“Aysor.am” da iddia edir ki, söhbət hətta bir neçə mənbədən toplanan kosmik görüntülərdən gedir: “Mənbələrimizə görə, bu məlumatlar sanki səlahiyyətlilər üçün soyuq bir duşa çevrildi. Hakimiyyətdəkilər bu cür videoların yayılmasının onlar üçün ciddi bir zərbə ola biləcəyini yaxşı bilirlər, çünki videolarda müharibə ilə əlaqədar, o cümlədən nizamsızlıq, qoşunların hərəkəti və digər halları sübut edəcək qalmaqallı məqamlar yer ala bilər”.

Qəbul edək ki, belə çəkilişlər var (texniki cəhətdən mümkündür) və kimsə onları erməni müxalifətinə təklif edir. Onların köməyi ilə Ermənistanın hərbi və siyasi hakimiyyətinin bu müharibə zamanı qeyri-adekvat davrandığını və ya məsələn, müxalifət nümayəndələrinin tez-tez yüksək səslə ittiham etdikləri kimi, erməni hakiimiyyətinin Bakı ilə əlbir olaraq, əvvəldən uduzmaq istədiklərini sübut etmək mümkündürmü?

AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov:

“Paşinyanın əvvəlcədən gizli danışıqlar yolu ilə və demək olar ki, böyük bir rüşvət müabilində Qarabağı Azərbaycana təslim etməsi ilə bağlı versiyalar tamamilə cəfəngiyatdır. Bu versiya zaman-zaman Paşinyanın barışmaz rəqibləri tərəfindən heç bir dəlil olmadan ortaya atılır. Belə videoçəkiliş olsa belə, bu, hansısa danışığı təsdiqləməyəcək, ancaq Ermənistanın hərbi və siyasi rəhbərliyinin səviyyəsini və tam səriştəsizliyini açıq şəkildə nümayiş etdirəcək.

Bu, icitmaiyyətdə çoxdan qəbul edilən bir fikirdir, amma yeni vizual sübutlar Ermənistan cəmiyyətini ayağa qaldıra bilər. Baxmayaraq ki, bu, erkən seçkilərdən sonra parlamentdə əsas çoxluğa arxalanan Paşinyan hökumətinin devrilməsinə gətirib çıxara bilməz”.

“Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert İlqar Vəlizadə:

“Məncə, erməni tərəfi sui-qəsd nəzəriyyələrinə çox həvəslidir. Bunu, haradasa başa düşmək və izah etmək olar. Erməni mediasının müharibədən sonra yazdıqlarını ümumiyyətlə təhlil etsək, bunlar məcazi olaraq, qaranlıq otaqlarda qara pişiklərin davamlı axtarışlarıdır. Orada hər şeyi tapmaq olar.

Əgər Ermənistan tərəfi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən gündə bir neçə dəfə yayımlanan videokadrlara daha diqqətli və lazımi dərəcədə ciddi yanaşsaydı, hansısa xarici dövlətin İrəvan müxalifətinə təklif etdiyi çəkilişlərə əl atmağa ehtiyac belə, olmazdı. Bu gün də həmin çəkilişləri internetdəki Azərbaycan mənbələrində asanlıqla tapmaq olar. Üstəlik, tamamilə pulsuz.

Azərbaycan Müdafiə Nazirliyi bu videoları nümayiş etdirəndə təəssüf ki, erməni tərəfi onları ciddi qəbul etmədi. Rəsmi nümayəndələrinin bunların hamısının saxta məlumat olduğu barədə dediklərini xatırlayırıq. Eyni şeyi indi başqa qurumlar onlara başqa formada təklif edir və indi ermənilər düşünürlər ki, bu məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilən məlumatlardan fərqli ola bilər. Bütün bunlar təbii ki, ciddi deyil və münaqişədən sonrakı reallıqlara heç bir təsiri olmayacaq.

Ermənilər 44 günlük müharibənin necə və hansı vasitələrlə  aparıldığını yaxşı bilirlər və yəqin ki, əlavə məlumatlara ehtiyacları yoxdur. Əlbəttə ki, ya bu gün öyrənilən, ya da hələ də gizli saxlanılan detallar var. Ola bilər ki, ermənilər bu materialların ovuna çıxıblar. Ancaq bu detalların ümumi mənzərəyə təsir etməsi ehtimalı azdır. Real mənzərə uzun müddətdir ki, hamıya yaxşı tanışdır.

Fakt budur ki, bu gün erməni tərəfinin əvvəlki 30 ildə olduğu kimi eyni dırmıq üzərinə necə basdığını görürük. Bu gün erməni hərbçiləri pilotsuz təyyarələrini sınamaq üçün poliqonlar yaradır, vəziyyəti elə bir şəkildə təqdim etməyə çalışırlar ki, sanki bu sınaqlar müharibədən sonrakı hərbi-siyasi reallığa təsir edə bilər. Bütün bunlar daxili auditoriyaya yönəlmiş, zəif düşünülmüş bir PR kampaniyasıdır. Üç ağaclıq meşədə dolaşaraq, günahkar birini axtarmaqdansa, Ermənistanın hərbi-siyasi fiaskosunun səbəblərini daha geniş miqyasda təhlil etsələr, daha yaxşı olar”.

Müəllif: Rauf Orucov