Görüşdə ikitərəfli münasibətlər müzakirə edilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Serbiya Prezidenti Aleksandr Vuçiç ilə görüşüb.
AYNA xəbər verir ki, dövlət başçılarının görüşü Nyu Yorkdakı Türk Evində mətbuata qapalı keçirilib.
Danışıqlar zamanı Türkiyə ilə Serbiya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan Türkiyə ilə Serbiya arasında əlaqələrin bütün sahələrdə möhkəmlənməyə davam etdiyini qeyd edərək, əməkdaşlıq sahələrinin şaxələndirilməsi və inkişafına sadiqliyini vurğulayıb. Prezident Serbiya ilə Kosovo arasında dialoq prosesinin davam etdirilməsinin vacibliyinə də diqqət çəkib.
Bundan başqa, Ərdoğan İsrailin təcavüzü səbəbindən Qəzzada böyük humanitar faciənin yaşandığını bildirib və qətliamlara son qoyulması üçün beynəlxalq ictimaiyyətin birləşməli olduğunu vurğulayıb.
Ərdoğan xəbərdarlıq edib ki, İsrailin bütün regionda münaqişələri yaymaq cəhdlərinin qarşısı alınmasa, dünya sülhü daha da böyük təhlükə altında olacaq.
Türkiyə mətbuatının məlumatına görə, Prezident BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində bir sıra danışıqlar aparacaq, o cümlədən Ukrayna və İran prezidentləri Volodimir Zelenski və Məsud Pezeşkian, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.