Ərdəbildə Azərbaycan Ordusuna dəstək aksiyası: 50 nəfərədək soydaşımız saxlanılıb

Xəbərlər

02.10.2020 - 12:32

Aksiyada Ermənistanın qeyd-şərtsiz işğal etdiyi Qarabağ torpaqlarını tərk etməsi tələb olunub

 

Sentyabrın 29-da Güney Azərbaycanın Ərdəbil şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirən fəallar saxlanılıb. Bu barədə AYNA-ya Cənubi Azərbaycanda yaşayan soydaşlarımız məlumat veriblər.

 

“Cənubi Azərbaycanda Qarabağı azadetmə əməliyyatına ilk dəstək Ərdəbildən gəldi. İranın polis qüvvələri dinc mitinq keçirmək istəyənlərlə şiddətlə davrandı və çoxlu sayıda etirazçını saxladı”, - soydaşlarımız bildiriblər.

 

Onların sözlərinə görə, Azərbaycan Respublikası Ordusunun Qarabağ ərazisini azad etmək yönündə keçirdiyi əməliyyata dəstək vermək üçün  sentyabr 29-da Cənubi Azərbaycanın Ərdəbil şəhərində mitinq keçirilib: “Bu mitinqdə 100-dən artıq Güney Azərbaycan fəalı bir araya gəlib və plakatlar qaldırmaqla dəstək göstəriblər. Aksiyaçılar Qarabağ müharibəsinin bütün azərbaycanlıların müharibəsi olduğunu elan ediblər”.

 

Mənbələrimizin məlumatına görə, aksiyada əsas şüarlar bunlar olub: “Bir millət sizin arxanızdadır, Azərbaycan əsgəri” və “Həsrətin həsrətimdir, zəfərin zəfərim, Qarabağ”.

 

Aksiyada BMT-nin dörd qətnaməsi xatırladılıb, Ermənistanın Azərbaycan ərazisini işğal etməsi qınanılıb və Ermənistanın qeyd-şərtsiz işğal etdiyi Qarabağ torpaqlarını tərk etməsi tələb olunub.

 

Polis 50-yə yaxın etirazçını saxlayıb. Onların bəzilərinin kimlikləri də bəlli olub:

 

Əsgər Əkbərzadə

Müctaba Pərvin

Mürtəza Pərvin

Mustafa Pərvin

Mehdi Huşmənd

Məhəmməd Cövlani

Pərviz Syabi

Hamed Heydəri Baris

Bəhmən Xeyircu

Hüseyin Balaxani

Səccad Cövlani

Müəllif: Ayna.az