“Bunun mənə nə dəxli var, Ramiz Mehdiyevin mənə nə dəxli var?"
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi, ev dustaqlığına məhkum edilmiş Ramiz Mehdiyevin 25 il tabeliyində işləmiş Əli Həsənov keçmiş rəhbərinin ardınca istintaqa cəlb olunması ilə bağlı yayılan xəbərləri təkzib edib. AYNA.AZ-ın xəbərinə görə, Ə.Həsənov “Haqqın.az”a deyib ki, hazırda onun "ictimai-siyasi öhdəliyi yoxdur".
"Bunların hamısı yalandır, məni heç bir istintaqa cəlb etməyiblər. Bunun mənə nə dəxli var, Ramiz Mehdiyevin mənə nə dəxli var?", - deyə Həsənov qeyd edib.
Xatırladaq ki, dünən Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş R.Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyevin hansı cinayətlərdə ittiham edildiyi məlum olub. "Gununsesi.info" xəbər verir ki, o Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Qeyd edək ki, R.Mehdiyev 1995-2019-cu illərdə daxili və xarici siyasətə cavabdeh olan, eləcə də media və ictimai təşkilatlara nəzarəti həyata keçirən əsas struktur olan Azərbaycan Prezident Administrasiyasının rəhbəri olub. Həmin dövrdə Əli Həsənov Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb. O, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinə rəhbərlik edib, KİV və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyətə nəzarət edib. Həsənov həmçinin Ramiz Mehdiyevin “Azərbaycan İnkişaf Modeli” kitabının redaktoru olub.
Hər ikisi 2019-cu ildə vəzifələrindən azad ediliblər.
Həmçinin 2020-ci ilin noyabr ayında Ramiz Mehdiyev və Əli Həsənov bu vəzifələrə müsabiqə yolu ilə keçirilən seçim prosesində iştirak etmək üçün sənədləri təqdim etmədiklərinə görə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tutduqları vəzifələrdən azad ediliblər. 2021-ci ilin martında isə R.Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən gedib.
Hər iki siyasətçi Rusiyanın Azərbaycanda siyasi təsirini genişləndirmək üçün ehtiraslı lobbiçi olub və Putin rejimi ilə inteqrasiyaya çağırıb. Bundan başqa, media Mehdiyev və Həsənovu Rusiya xüsusi xidmət orqanlarının rəhbərliyi ilə sıx əməkdaşlıqda ittiham edib.