Əhalinin qaz və elektrik istehlakı ilə bağlı sirli məqam

Cəmiyyət

27.01.2020 - 13:14

Məsələyə rəsmi münasibət bildirilməsi yerinə düşər

 

 

10 il ərzində (2008-2018-ci illər) əhalinin sayı 13% artıb - 1.1 milyon nəfərdən söhbət gedir. Amma rəsmi statistikaya baxanda məlum olur ki, həmin müddətdə vətəndaşların məişətdə təbii qazdan istifadəsi 1% (30 mln. kubmetr) azalıb.

 

Eyni vəziyyət elektrik enerjisində də müşahidə edilib. 2008-2018-ci illərdə ev təsərrüfatlarının istehlak etdiyi elektrik enerjisinin həcmi, təxminən 10% və 700 mln. kvt-saat azalıb.

 

Nəticədə həmin dövrdə sırf məişətdə istifadə baxımından qaz istehlakının adambaşına illik istehlakı 351 kubdan 308 kuba, elektrik istehlakı isə 847 kvt-saatdan 677 kvt-saata enib. Hər nəfər hesabı ilə götürdükdə istehlakda daha kəskin azalma var - qazda 12%, elektrikdə 20%.

 

Əhalinin 13% artdığı bir dövrdə, üstəgəl rəsmi məlumatlara görə ölkədə qazlaşdırmanın 55-60%-dən 90%-ə qədər yüksəldyi bir zaman intervalından söhbət gedir. Məsələn, qaz istehlakı artıb, elektrikdə azalma olsaydı, bunu əhalinin mənzillərin qızdırılması, isti su tələbatı üçün elektrik enerisindən imtinası ilə əlaqələndirmək olardı.

 

Daha bir arqument bu ola bilər ki, mərkəzləşdirilmiş qazanxanalar vasitəsilə mənzillərdə istilik enerjisinin istehlakı artır. Bu, gerçəkdir - 10 ildə bu mənbədən alınan enerjinin həcmi 4 dəfə artıb. Lakin 2 səbəbdən bu mənbənin ciddi təsiri istisna olunur:

 

1) Bu mənbədən alınan enerjinin 98%-i Bakının payına düşür. Amma iş orasındadır ki, istilik enerisinin olmadığı Bakıdan kənardakı bütün ölkə ərazisində həm qaz, həm də elektrik enerjisi istehlakı azalmaqda davam edib;

 

2) İstilik enerjisi ev təsərrüfatlarının ümumi enerji istehlakının cəmi 3%-ni təşkil edir. Yəni bu qədər az payı olan mənbənin həcminin, hətta 10 dəfə artımının belə, elektirk enerjisinin istehlakını 10% azaltması real görünmür.

 

Başqa bir ehtimal ev təsərrüfatlarına nəqldə itkilərin həcminin kəskin azaldılması ola bilər. Heyf ki, sırf ev təsərrüfatlarında itkilərin dinamikasına dair statistika tapa bilmədim. Hər halda, rəsmi münasibət bildiriləsi maraqlı məqamdır.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert