Psixoloq: “Ümidsizlik hər şeyi daha da çətinləşdirir”
COVID-19 virusuna yoluxanların sayı artdıqca bir çox insan virusa yoluxmasa da, yoluxma və yaxınlarını da yoluxdurma riskinin qorxusu ilə yaşayır. Qorxuları, fiziki baxımdan sağlam olan bir çox insanı psixoloji zəiflədir, gündəlik yaşayışını davam etdirməsinə mane olur. Artan yoluxma, ölüm sayı insanlarda psixoloji gərginliyin də yüksəlməsinə səbəb olur.
AYNA psixoloq Leyla Musayeva ilə pandemiyanın yaratdığı psixoloji gərginlik barədə həmsöhbət olub.
- Leyla xanım, bildiyimiz kimi, xüsusi karantin rejimi yenidən sərtləşdirildi. Zəruri ehtiyaclarımız üçün evdən ancaq icazə ilə 3 saatlıq çıxa bilərik. Ümumi baxası olasaq, bu qapanma halları insanların psixologiyasına necə təsir göstərir?
- İstənilən problemə ilkin psixoloji yanaşma həddindən artıq laqeyd yanaşma və ya həddindən artıq panik yanaşma formasındadırsa, bu, yanlışdır. Belə ki, ümumiyyətlə, ətrafda baş verən heç bir hadisə səbəbsiz deyil və tam laqeyd yanaşma yanlışdır. Bu prizmadan insan təmkinlə oturub ətraf mühitdə baş verənləri qəbul etməli, işini və ya tələbatlarını sistemləşdirməlidir. Panik yanaşma isə çox zaman psixoloji cəhətdən həyəcana, stressə, qorxu kimi emosional proseslərin yaranmasına səbəb olur. Bu zaman emosional vəziyyətin dəyişməsi və kəskinliyindən asılı olaraq, insan orqanizmində hormonal dəyişikliklər müşahidə olunur. Nəticədə sağlamlıq problemi olan insanların səhhətində narahatlıqlar yaranır.
- COVID-19 xəstələrindən tez-tez məsləhət xarakterli eşidirik ki, virusla mübarizə aparmaq üçün ilk növbədə, mütləq şəkildə psixoloji sağlamlığımızı qorumalı, panikaya düşməməliyik. İndi ki evdəyik, daha çox izolyasiya olunuruq, belə vəziyyətdə psixoloji sağlamlığımızı qorumaq, güclü saxlamaq, xoflanmamaq üçün nələr edə bilər və etməliyik?
- COVID-19 ilə mübarizə özü-özlüyündə insanlar tərəfindən mənfi hal kimi qəbul olunduğundan stress, qorxu, həyəcana səbəb olur. Bu da orqanizmdə adrenalinin, noradrenalinin və hətta kortizol hormonunun artmasi ilə nəticələnə bilir. Adrenalin qorxu ve həyəcanlı olduğumuzda orqanizmimizdə artan hormondur. Təbii ki, hormonların dəyişməsi orqanizmimizə təsirsiz ötüşmür. Buna görə də ilk olaraq bütün deyilən qaydalara əməl edilməlidir ki, yoluxmayaq. Virusa yoluxduğumuz halda və ya əlamətləri özümüzdə hiss etdiyimizdə panikaya düşməmək, bunu təmkinlə qarşılamaq, həkimə müraciət etmək, pozitiv əhval-ruhiyyəyə köklənmək lazımdır. Yadda saxlamalıyıq ki, insan ümidsizliyə qapıldıqda hər şey ona daha çətin görünür. Düşünək ki, yüksək əhval-ruhiyyəmizi qoruya bilsək, qalib gələ bilməyəcəyimiz çətinlik yoxdur.
- Yaxınları koronavirusdan əziyyət çəkən və ya dünyasını dəyişən insanlara tövsiyələriniz nədir?
- Yaxınları bu xəstəlikdən əziyyət çəkən şəxslər onlayn formada dəstəklərini bildirə, əhval-ruhiyyəsini yüksək saxlamaqda kömək ola bilərlər. Yaxınlarını bu virusdan itirən insanlar da var. Təbii ki, bu, çox üzücü bir haldır. Ancaq unutmaq olmaz ki, bu, hazirda tək bizim yox, bütün dünyanın əziyyət çəkdiyi haldır. Bizə düşən özümüzü və yaxınlarımızı bacardığımız qədər qoruya bilməkdir.
- Qorxularımıza (yoluxma, başqasına yoluxdurma, ölüm və s. kimi) necə qalib gələ bilərik? Bu istiqamətdə də fikirlərinizi öyrənmək istərdik.
- Pandemiyanin hökm sürdüyü dövrdə qorxular bir çox insanda rast gəlinir. “Görəsən, necə olur, mən də yoluxa bilərəmmi? Yoluxsam, necə keçirərəm? Bu gün yanımda biri asqırdı, görəsən, xəsdə idi? Boğazım ağrıyır, halsızlığım var, bəlkə yoluxmuşam?” və s. suallar bir çox insanı düşündürür, narahat edir. Lakin bu sualların bizi ələ alıb idarə etməsinə, bədbinliyə salmasına imkan vermək olmaz. Hər şey beyində, düşüncələrdə başlayır. Çalışmalıyıq ki, düşüncələrimiz bizi yox, biz düşüncələrimizi idarə edək.