Dünəni bu gününə kələf olan mediamız: <font color=red> Səhvlərimizin altını çəkirik</font>

Aktual

20.10.2020 - 09:37

Cəbhədə qazanılan uğurlar, haqlı davamız dünya mediasında “tərsdən” oxunur

 

Qərb mediasının Qarabağ məsələsində qərəzli mövqe sərgiləməsi, eyni zamanda da xarici mediada Azərbaycan mediasına az istinad edilməsi müzakirə obyektinə çevrilib. AYNA mövzu ilə bağlı mütəxəssislərlə həmsöhbət olaraq, problemlərə və həll yollarına aydınlıq gətirməyə çalışıb.

 

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyevin fikrincə, nəhəng dövlətlərin bilavasitə münasibətindən asılılığı nəzərə almasaq, bu müharibə ilə bağlı ən ciddi problemlərimiz media sahəsindədir: “Gördüyümüz kimi daxili sabitlik təmin edilib, bütün ölkə potensialı cəbhəyə yönəldilib, eyni zamanda diplomatik sahədə kifayət qədər irəliləyişlər əldə olunub. Media sahəsində isə çox problem var. Bugünlərdə müşahidələrimiz onu göstərdi ki, sosial şəbəkə istifadəçilərimiz böyük sürətlə informasiya müharibəsində ermənilərin tutduğu mövqelərə yaxınlaşır və kifayət qədər də üstünlüklər əldə edir”.

 

Jurnalist ənənəvi mediada isə çıxışların olduqca zəif olduğunu və məhz problemlərin daha çox bu istiqamətdə göründüyünü deyir: “Çox təəssüf ki, ermənilərin və onların havadarlarının əvvəldən qoyduqları tezislər informasiya qarşıdurmasında müəyyən üstünlüyə sahib olmalarına səbəb oldu. Burada, ilk növbədə, söhbət ənənəvi mediadan gedir. Məsələnin mahiyyəti bir qədər kənara qoyuldu. Mahiyyət də ondan ibarət idi ki, Azərbaycan özünün beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərini azad edir, ərazilərindən işğalçıları çıxarır, lakin dünya mediasında yalanlar önə keçir: Türkiyənin, guya hərbi iştirakı, terrorçuların bölgəyə gətirilməsi və s. Maraqlıdır ki, dünyanın çox ciddi və aparıcı KİV-ləri bu tezislərin arxasınca getdi. Baxmayaraq ki, bu tezislərlə bağlı bu günə qədər ciddi bir sübut ortaya qoyulmayıb”.

Arif Əliyev: "Vüqar Səfərli həqiqəti etiraf edib"

“Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi bildirir ki, sübut ona görə yoxdur ki, öldürülən Suriya terrorçularını Araz qırağındakı qabanlar yeyir və buna görə əllərinə nəsə dəlil keçmir. Bu cür cəfəng söhbətlər aparırlar. Onu da qeyd edim ki, burada bir neçə faktor var. Söhbət təkcə bizim media sahəsindəki zəifliyimizdən getmir. Söhbət həm də ondan gedir ki, bu tezisi önə çəkən KİV oqranları arasında BBC, yaxud Fransanın güclü media orqanları var. Onların professionallıq problemi yoxdur. Onlar başa düşürlər ki, nə edirlər. Burada həm dövlət siyasətlərinin, həm də din faktorunun rolu danılmazdır”, - Əliyev bildirir.

 

Mütəxəssis hesab edir ki, Azərbaycan hökumətinin media sahəsində öz işini lazımi səviyyədə qurmaması yenə də öz sözünü deyir: “Sosial şəbəkələrin və xarici mediaya çıxışın bu dərəcədə məhdudlaşdırılması çox böyük zərbə vurdu. Düzdür, sosial şəbəkə istifadəçiləri bu və ya digər formada mövcud məhdudiyyətdən yan keçə bilirlər, amma bizim xarici KİV-lərə çıxışımız, eyni zamanda da xarici KİV nümayəndələrinin oraya getməsi xeyli əngəlləndi. Bütün bunlar nəticədə belə bir situasiya yaratdı ki, biz Rusiya televiziyasından tutmuş İngiltərə qəzetlərinə qədər zərbələri ciddi hiss edirik”.

 

Xarici medianın Azərbaycan mediasına az istinad etməsi məsələsinə gəlincə, A.Əliyev bunun ilk növbədə siyasət olduğunu düşünür: “Onlar bilirlər, nə edirlər. Gəncəni göstərəndə ondan əvvəl Xankəndidə bir daxmanın uçmasını göstərirlər. Bu daxmanın uçduğunu da xüsusi olaraq vurğulayırlar. Yəni bu, bir siyasətdir. Amma bununla biz özümüzü rahatlandıra bilmərik. Biz o siyasi cəbhəni yarmaq üçün əlimizdə olan imkanlardan istifadə etmirik. Qismən ona görə ki, media bu vəziyyətdədir, məsələn, rusdilli və ingilisdilli resurslarımız çox azdır, olanlar da xeyli dərəcədə keyfiyyətsizdir. Əsasən güc dövlət KİV-lərinə və ya bilavasitə hökümətə yaxın KİV-lərə yönəlib. Qərbdə isə onlara inam azdır. Ona görə yox ki, onlar yalan danışır, ona görə ki, sistem belə qurulub. Onlar müstəqil mənbələrdən informasiya əldə etmək istəyir və yaxud da özləri gəlib görmək istəyirlər. Belə bir şəraitdə bizim jurnalistlərimiz də çox zaman mahiyyətini düz dərk eləmədən, informasiya savaşı haqda danışırkən belə düşünülür ki, informasiya savaşı daxildə düşmən təxribatına qarşı mübarizə aparmaqdır. Amma bu, onun kiçik elementlərindən sadəcə biridir”.

 

“İndiki vəziyyətdə hər hansı ciddi, böyük dəyişikliyə nail olmaq mümkün deyil. İndi jurnalistlər olaraq bizim sosial şəbəkə fəallarının göstərdiyi qəhrəmanlığı göz önünə alıb o cür bu divarı yarmağa cəhd etməliyik. Hər bir uğurun birinci şərti davamlılıqdır. Necə ki cəbhədə bunu edirik, eyni zamanda mediada da bunu etməliyik. Davamlılığı və bir nöqtəyə vurmağı təmin etməliyik. Jurnalistlər, xüsusilə də xaricə çıxış imkanı olan KİV-lər üçün məhdudlaşdırılmış imkanları bərpa etmək lazımdır. Bəzi hərəkət məhdudiyyətini ölkə daxilində saxlamaqla xarici jurnalistlərin ölkəyə gəlişinə daha geniş imkanlar yaratmaq lazımdır. Yerli media ilə dövlət orqanları daha yaxından işləməlidir. Özlərinin deməli olduğu sözləri də bir az başqa formada KİV vasitəsilə deməlidirlər, çünki bu, bir prinsipdir”, - həmsöhbətimiz vurğulayır.

 

Jurnalistin sözlərinə görə, dünya mediasında müstəqil mənbələr həmişə daha böyük etibara malik olub və olacaq da: “Yəqin ki, hələlik əlimizdə olan imkanlar bunlardır. Az yatmalı, çox işləməliyik və bütün əlaqələrdən istifadə etməliyik. Mövcud imkanlardan istifadə etməliyik, eyni zamanda da ardıcıllığı unutmamalıyıq. Necə ki, erməni mətbuatı və ona tərəfdar duran mətbuat bir nöqtəyə vura-vura terrorçu söhbətini yaydı, biz də eyni nöqtəyə vuraraq bizim həqiqətləri, tezisləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Bilməliyik ki, bu, yalnız media ilə olmur. Çox müxtəlif istiqamətlər var və onlarla paralel getməliyik. Diasporlarla birbaşa əlaqələri artırmalıyıq. İnformasiya mənbələrinin özünü xaricdən genişləndirməliyik və sair”.

 

Hazırda da davam edən internet məhdudiyyətinə toxunan Əliyev qeyd edir ki, sosial media aktivləri bir sıra metodlarla işləməyin yolunu tapırlar: “Gəncə hadisələrində kifayət qədər yaxşı nəticə əldə etdilər. Məhdudiyyətləri indiki şəraitdə aradan qaldırmaq olmaz. Bizim informasiya məkanımız təhlükəsizlik baxımından problemlidir. İnsanlarda xarakter, psixologiya elədir ki, onlara həmişə bəd, hətta “feyk” xəbərlərin təsir imkanları daha böyükdür. Eyni zamanda da dövlət resurslarını haker hücumlardan qorumaq üçün bunlar başadüşülən və legitim addımlardır. Bu məsələdə bizim bəzi daxili mənbələrimizə - KİV-lərə, geniş auditoriyaya malik blogerlərimizə müəyyən əlavə imkanlar yaratmaq lazımdır. Çünki hamı eyni qələbə üçün çalışır”.

 

Digər həmsöhbətimiz - media müəxəssisi Rizvan Qənbərli də mövcud informasiya savaşının durumundan məmnun deyil: “Sentyabrın 27-də başlayan Azərbaycanın əks-hücum əməliyyatı Qərb mediasında dörd açar sözlə əks olundu: dronlar, suriyalı muzdlular, etnik ermənilər və Türkiyə. Bunlar Qərb mediasının bizim gündəmimizi necə çərçivələdiyini də göstərir. Bizim arzuladığımız açar sözlər isə bunlar olmalıydı: işğal, beynəlxalq hüquq, mülki əhali, Rusiya. Görünən isə budur ki, istəyimizlə reallıq üst-üstə düşmür. Çox işləməliyik”.

Azərbaycanda 50 min nəfərə 1 muzey, 20 min nəfərə 1 Xalq artisti düşür...  Yeni Sabah

“Hazırda görünən mənzərəyə görə, indiyə qədər obyektivliyindən, tərəfsizliyindən, peşəkarlığından çox nümunələr gətirdiyimiz Qərb mediası təəssüf ki, Qarabağ mövzusunda bizi məmnun etməyəcək xəbərçilik praktikası ortaya qoyur. Burada da daha çox narahat olduğumuz məqamlardan biri odur ki, Qərb mediası xəbər mənbələrinin etibarlılığını yoxlamadan, Ermənistan tərəfin iddialarını fakt kimi səsləndirməyə meyillidir. Çünki informasiya cəbhəsində Ermənistan bir az daha erkən qabaqlayıcı tədbirlər görmüşdü. Əməliyyatların ilk günündən Paşinyan və Makron vasitəsilə suriyalı muzdlular məsələsi çox qabarıq şəkildə gündəmə gəldi və gördüyümüz qədər də xarici mediada daha çox bizim İkinci Qarabağ müharibəmiz - əks-hücum əməliyyatımız daha çox suriyalı muzdlular fonunda qabarıq verilir”, - ekspert bildirir.

 

Qənbərlinin dediyinə görə, Qərb mediasının inandığı müəyyən stereotiplər var ki, həmin stereotiplər onların qarşılaşdıqları bəzi iddiaları fakt kimi qəbul etmələri ilə nəticələnir: “Son iki-üç gün içərisində “Vaşinqton post”, “Nyu-York Tayms” kimi dünyanın öndə gedən, peşəkarlıqları ilə adətən nümunə göstərilən qəzetlərində Qarabağ məsələsi ilə bağlı primitiv səhvlərə yol verilir, onlar etibarlılığı şübhəli olan mənbələrin iddialarını fakt kimi səsləndirirlər. Bunu da təbii ki, Qərb mətbuatının bizə, coğrafiyaya, xüsusilə də bu əməliyyatlarda Azərbaycana akiv dəstək verən Türkiyəyə qarşı qərəzli münasibətinin fonunda hiss edirik. Bu faktor daha güclüdür. Məsələn “Nyu-York Tayms” qəzeti Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə yayıb. Qəzet əməkdaşı məqalədə 6 mənbəyə müraciət edib: 1) Ermənistandan kənd icra nümayəndəsi; 2) Ermənistandan kənd sakini; 3) Ermənistandan kənd məktəbinin gözətçisi; 4) Qafan şəhərindən erməni kardioloq; 5) Azərbaycanlı hüquq müdafiəçisi; 6) Britaniyalı ekspert.  Mənbə bölgüsünə baxanda oxucuya elə gəlir ki, əks-hücum əməliyyatımız sanki Ermənistan əhalisini, kənd sakinlərini hədəf alıb. Münaqişənin tarixçəsi haqqındakı bir neçə cümlə, araya səpilmiş bir neçə fakt oxucuda formalaşan bu təsəvvürün kölgəsində itir”.

 

Müsahibimiz xarici medianın bizim mediaya istinad məsələsinə belə qiymət verir: “Azərbaycan mediasına istinad məsələsinə qaldıqda, təəssüf ki, bizim mediamızın dünya praktikası ilə ayaqlaşmayacaq bir keçmişi var, ona görə də ortaya qoyduğu fəaliyyət, apardığı praktikanın inandırıcılığı baxımından Qərb ölkələri tərəfindən birmənalı qarşılanmır. Bu mənada bizim mediamıza istinadda sıxıntılar yaşayırıq. Məsələn, keçən günlərdə “Reuters” xəbər agentliyinin son bir həftədə yaydığı 30 xəbərə göz atdım. Xəbər mənbəyinə fikir verdim, iki xəbərin mənbəyi Fransa, üç xəbərin mənbəyi Kreml, bir xəbərin mənbəyi Azərbaycan idi. Qalan 24 xəbər Ermənistan və qondarma “DQR” rəsmilərinə istinadla yayılmışdı. İnformasiya mənbəyindəki bu balanssızlıq “Reuters” kimi agentlik üçün də, bizim informasiya siyasətimiz üçün də qorxuncdur. Burada digər məqam isə ondan ibarətdir ki, bizim dünyanın qlobal media sisteminə çıxa biləcək informasiya mənbələrimiz çox zəifdir. Bu mənbələri formalaşdırmaqda da yetərincə fəaliyyət göstərə bilməmişik. Buraya diaspor, vətəndaş cəmiyyətləri və s. bir çox faktorlar daxildir. Yəni bir çox faktorlar var ki, bu faktorlar bizim dünya informasiya məkanına məhsul olaraq infirmasiya çıxarmağımızda çətinliklər yaradır”.

 

“Biz hazırda beynəlxalq medianın qərəzli mövqeyi ilə üz-üzəyik. Hazırkı situasiyanı bizim hansısa strategiya ilə dəyişdirə bilməyimiz çox çətindir. Bundan ötrü biz keçmişə qayıtmalıyıq, nələri səhv etmişik - onların müzakirəsinə getməliyik. Hazırkı vəziyyətdə də bu, faktiki bir həll ortaya qoymur. Hazırda ortaya çıxan qərəzli informasiyaların dayandırılması və ya yumşaldılması istiqamətində biz vətəndaş, diaspor olaraq reaksiyamızı göstərməliyik. İnformasiya siyasətini ortaya atılan iddialara cavab vermək şəklində yox, bizim özümüz kimlərinsə cavablandırmaq məcburiyyətində qalacağı iddialarla çıxsaq, bu, bizə bir qədər üstünlük qazandırar. Xarici medianın marağını çəkəcək situasiyalar yaratmalıyıq ki, onlar da buna cavab axtarsın və informasiya ilə təmin olunsun”, - mütəxəssis diqqətə çatdırır.

 

“Çox təəssüf ki, bir neçə gündür müşahidə edirəm ki, Qərb mediasının qərəzli mövqeyini irqçiliklə əlaqələndirənlər var. Bu məqamlarda da onlarla aramıza bir sədd qoymağa çalışırıq ki, bu, çox ziyanlı yanaşmadır. Səbəbi nə olursa olsun, biz daha çox işləməli, qapıları bağlamamalıyıq. Diqqətə almamaq bugünkü gün üçün çox ziyanlı bir şeydir. Tam tərsi, daha səmərəli çalışmalıyıq, xarici mediaya açıq olmalı, onlarla daim ünsiyyətdə olmalıyıq. Ən qərəzli yanaşma qoyan jurnalistlər də buraya daxildir. Kommunikasiyanın davamlı olması vacibdir. Əməliyyatlar başladığı gündən bəri Prezident xarici mediaya müsahibələrində Azərbaycanın haqlı mövqeyini çox sanballı, müzakirəsiz və mübahisəsiz iddialarla ortaya qoyur. Bundan da müsbət reaksiya alırıq. İndiki halda bu cür müsahibələrin sayının artmasında maraqlı olmalıyıq. Azərbaycan rəsmi olaraq bu işlərdə daha təşəbbüskar rol oynamalıdır”, - deyə Qənbərli əlavə edir.

Müəllif: Aləmdə Nəsib