Dostumuzu və düşmənimizi bir daha tanıdıq

Aktual

14.02.2023 - 18:36

Əsrlərlə türkün yıxılmasını istəyənlər, bunun üçün çoxsaylı planlar quranlar yenə də pərişan və peşman olacaqlar

Türkiyədə baş vermiş zəlzələ yalnız bu ölkəni, onu sevənləri deyil, həm də bütün dünyanı sarsıdıb. Əsrin, bəlkə də əsrlərin fəlakəti adlandıra biləcəyimiz bu hadisə günlərdir ki, gündəmimizi zəbt edib, qardaş-bacılarımızın ağrı-acısını içimizə, ürəyimizə hopdurub. Xilas edilən hər bir fərdə görə sevinir, həlak olanların sayının artmasını acıyla izləyirik.

Azərbaycan dövləti ilk dəqiqələrdən, saatlardan yardım əlini uzatdı. Hətta heç Türkiyənin yardım tələbini, açıqlamasını gözləmədən belə. Buna ehtiyac duymadı, duyulmadı. Qardaş olaraq etməli olduğumuzu etdik və edirik.

Xalq da dəstəyini göstərdi, göstərir. İstər Bakıda, istərsə də regionlarda yardımlar maşın karvanlarıyla qardaş ölkəyə yola salınır. Varlı-kasıb demədən hər kəs bu prosesə qatılıb. Türkiyə ilə birgə ağlayan, ağrıyan xalqımız dəstəyini əsirgəmir. Axın-axın yardım məntəqələrinə gedirlər. İnsanlar evində olanı, əlinin yetdiyini qardaşına göndərmək üçün tələsir. Budur qardaşlıq nümunəsi, qardaşın qardaşa bəslədiyi münasibət.

Bu qədər böyük fəlakətin yaşandığı bir məqamda insanların bir yumruq kimi birləşib çətinlikləri aşmağa çalışdığı vəziyyətdə fürsətcillərin peyda olmasını da hiddətlə, təəssüflə izləyirik.

Diqqəti cəlb edən ilk fürsətcillər siyasi platformadadır. 20 ildən çoxdur Ərdoğanla açıq siyasi müstəvidə qalib gələ bilməyən bəzi siyasi qrupların xırda hisslərin əsiri olduqlarını, zəlzələylə bağlı hər bir məqamı dövlət başçısının əleyhinə çevirməyə çalışdıqlarını görürük.

Onlar binaların tikintisi ilə bağlı problemləri qabardaraq məsələni ancaq iqtidarın üzərinə gətirməyə çalışırlar. Əlbəttə keyfiyyətsiz tikintilər var və bunu edənlər cəzalandırılmalıdır, yəqin ki, cəzalandırılacaqlar. Ancaq bütün problemlərin Ərdoğan iqtidarında olduğunu iddia etmək faicədən öz siyasi məqsədləri üçün yararlanmaq cəhdidir. Bu cəhd isə hazırkı situasiyada o qədər də ciddi nəticə vermir.

İdeoloji fürsətcillər. Hər addımbaşı dini, mənəvi-milli dəyərləri hədəfə alanlar. “Allah varsa niyə bu boyda fəlakətə icazə verir?”, “Bu qədər namaz qılan insanlar niyə təbii fəlakətdə həlak olur?” kimi anlaqsız, məntiqsiz sualları ilə cəmiyyətin pozulmuş psixologiyasından istifadə edərək gərginliyi artırmaq istəyənləri müşahidə etməkdəyik. Bununla da onlar vəziyyətdən istifadə edərək öz ateist, anti-islami düşüncələrinə haqq qazandırmağa çalışırlar. Çabaladıqca da cəmiyyətin nəzdində olan-qalan etibarlarını və mövqelərini itirirlər.

Geosiyasi fürsətcillər. Bunları Fransanın, Ermənistanın qismində müşahidə edirik. Birisinin mətbuatı anti-Türkiyə çağırışı edir, digərinin vətəndaşları sevinclərini gizlətmirlər. Ancaq özləri də anlayır ki, art niyyətləri gerçəkləşəcək deyil. Çünki Türkiyənin zəlzələdən, müharibədən, terrordan, iqtisadi tələlərdən yıxılmasını gözləmək sadəlövhlükdür.

Bir qism fürsətcillər də Azərbaycanda peyda olub. Türkiyəyə yardıma insanların bu qədər coşquyla, həvəslə, istəklə qoşulması onları xoflandırır. Gah Suriyadakı zəlzələni yada salıb onlara niyə dəstək vermədiyimizi soruşurlar, gah bu prosesi süni adlandırmağa çalışırlar, gah da hansısa xırda məqamları qabardıb ümumi yardım kampaniyasını gözdən salmağa çalışırlar. Anlamaq istəmirlər ki, Azərbaycan-Türkiyə münasibətlərini Suriya ilə müqayisə etmək belə gülüncdür. Hansısa xırda-para söz-söhbətlərlə insanların Türkiyə sevgisini azaltmaq, ona zərbə vurmaq isə mümkünsüzdür.

Daha əvvəl də dediyimiz kimi - Türkiyə böyük və güclü dövlətdir. Baxmayaraq ki, bu zəlzələ əvvəlkilərdən daha dəhşətli, dağıdıcı və öldürücüdür. Bu hadisə bir daha bizlərə dostumuzu, düşmənimizi, zəif və güclü tərəflərimizi bizə göstərmiş oldu. Amma Türkiyə, başda Azərbaycan olmaqla onu sevənlərlə birgə bu imtahandan alnıaçıq çıxmağı bacaracaq. Əsrlərlə türkün yıxılmasını istəyənlər, bunun üçün çoxsaylı planlar quranlar isə yenə də hər zaman olduğu kimi pərişan və peşman olacaqlar.

Mübariz Göyüşlü

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

Müəllif: Ayna.az