Dörd qida əlavəsinin sertifikatlaşdırılmasından imtina edilib

Xəbərlər

10.09.2021 - 16:49

İdxal olunan 51 bioloji fəallığa malik qida əlavəsi sertifikatlaşdırılıb

Prezident İlham Əliyevin 2017-ci il noyabrın 13-də imzaladığı Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən, bioloji fəallığa malik qida əlavələrinin idxalı, ixracı, istehsalı, satışı və dövriyyəsinə nəzarət etmək bu agentliyin vəzifələrinə aid edilib.

Bioloji fəallığa malik qida əlavələrinin idxalı “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2018-ci il iyulun 16-da, ekspertizası isə 2018-ci il iyulun 10-da verdiyi Qərarla təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AYNA-ya verilən məlumata görə, bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin bu sahədəki fəaliyyətləri ilə bağlı müraciətlərə operativ və kollegial qaydada baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyanın sentyabrın 8-də keçirilən iclasında 55 müraciətə baxılıb.

Müraciət əsasında idxal olunan 51 bioloji fəallığa malik qida əlavəsi sertifikatlaşdırılıb, 4 bioloji fəallığa malik qida əlavəsinin isə sertifikatlaşdırılmasından imtina edilib.

Müəllif: Ayna.az