Dırnaq arasındakı aləm - Yaşasın üç nöqtə

Cəmiyyət

10.05.2024 - 16:37

Biz kimin yetirmələriyik, kimin “yetimçə”ləriyik?

Ortaq sevgili üstündə məhəlləmizdə iki gənc oğlan dalaşmışdı. Əslində, cümləm başından sonunadək naqisdir: “ortaq” tək ikisinə aid deyildi, “sevgili” heç onlara aid deyildi, gənclik onlara aid olsa da, belə çıxır ki, oğlanlıq da onlara aid deyildi(r)!

Və dalaşmaq... Dalaşmamışdılar – bıçaqlaşmışdılar. Biri o birinin sağ baldırını doğramış, şah damarını kəsmişdi, o biri də bu birinin çənəsinin altından saplamış, dilini kəsmişdi. Biri topal, digəri laldır bu gün!

Bu ikisinə “qurban” deyək, keçək. Bir də “qurban”ı bıçağın ağzına itələyən(lər) varmış - “brat” və “bratva”! Hər ikisinin qulağına “bizim aləm” fısıldayan(lar), “bizim aləmdə bizim sözümüz keçir”dən(lər), “böyük qardaş”(lar)a istinad edənlər və “böyük qardaş”(lar)ın yoluna “dəvət” edən(lər).

O üçüncü tərəf – “aləmin dəvətçisi” bu gün axtarışdaymış. Nə topalın yanındadır, nə lalın, nə də öz ailəsinin. Atası haqq dünyasındadır, anası da hansısa dövlət idarəsində xidmətçidir - oğlunu “xilas etməyə” imkanı yoxdur...

Və “brat” beləcə sürgün həyatını “içəridəki aləm”ə qovuşmaqdan daha üstün tutur. Haqlıdır da, kim dəmir barmaqlıqlar arxasında ömrünü çürütmək istər ki?!

... Dünən 9 May idi. Qələbə Günü! Stalinin Hitler üzərində qələbəsinin ildönümü. Ya da belə deyək, içində bizim babalarımızın da olduğu Sovet ordusunun Berlinə bayraq sancmasının təntənəsi. Bu qələbənin başqa səbəbkarlarını və qələbə gününün başqa tarixini qeyd etməyə lüzum yoxdur. Qələbənin və axan qanımızın səbəbi-səbəbkarı hər nə-kim olur-olsun, Allah babalarımıza rəhmət eləsin.

Bəli, biz “sovetlərdən” idik. 70 il vahid sistemin parçası olduq. “Sosializm” qurduq, “kommunizm”ə ayaq basdıq, “ədalətli cəmiyyət” yaratdıq, qurdla quzunu eyni qabdan “yedirtdik”...

Sonra dağılışıb getdik (getdilər). Bizə o sistemdən nə ədalət qaldı, nə mərhəmət, nə mənəviyyat, nə qanun! Nə qaldı, bilirsinizmi? “Vorovskoy aləm”! Saxta rejimin öz “qanunlarını” yeritmək, öz “qaydalarını” yaşatmaq, öz “ömrünü” uzatmaq üçün yaratdığı bir “aləm”.

Bəlkə də, həmin saxta sistemin ÖZÜ üçün yeganə doğru əməli bu “aləmi” yaratmaq və yaşatmaq olub. Hələ də xatırlanır, hələ də “yaşayır” belə bir “aləm”də.

Yoxsa, niyə günümüzə Sovetin başqa bir əməli gəlib çatmasın? Yox idimi bunların daha müsbət keyfiyyətləri ki, indi onları yaşayaq, yaşadaq? Niyə saqqalının tükünü SÖZ olaraq ortaya qoyan babalarımızı repressiyaya qurban edən quruluşdan riyakarlıq, donosbazlıq, rüşvətxorluq... miras almalıydıq?

Niyə?

... Köhnə qonşuluğumuzda bir meyvəçi vardı. Yay-qış demirdi, səhər saat 5-dən “Meyvəli”dən yüklənir, gecə 12-dək həyətə sərdiyi mer-meyvənin milçəyini qovur-qarını yuyur, ailəsinə 5-10 manat çörəkpulu aparırdı.

İki oğlu vardı. Gözümüzün önündə böyümüşdülər. Balacalıqda ağıllı, şirin uşaqlardılar. Zarafatlaşırdıq, “atanızın zəhmətini unutsanız, adam olmazsınız” deyirdim. Üstündən 10 il keçib...

İndilərdə öyrənmişəm ki, o uşaqların biri “içəridə”, digəri “daha içəridədir” - biri “çiyin vurmağın”, o biri “söz vurmağın” üstündə. Atalarının da işi artıb: “Meyvəli” – məhəllə, məhəllə - həbsxana, həbsxana - ...

Biz kimik? Kimin yetirmələriyik? Kimin “yetimçə”ləriyik?

Müəllif: İsmayıl Məmmədli