Dinlə, dinlə...

Maraqlı

10.02.2021 - 23:31

Mövlanə: “Gör, Allah nə edəcək, şübhəsiz ki, nə etsə, gözəl edəcək”

 

Allah “Qurani-Kərim”i “İqra”, yəni “Oxu” cümləsi ilə bəşəriyyətə göndərdi. “Oxu” isə əslində, cümlələrlə bəzənmiş bir mətni oxumaq yox, başa düşmək, dinləmək və nəticə çıxarmaqdır. Məhz, bu səbəbdən Həzrəti Mövlanə Cəlaləddin Rumi “Məsnəvi”yə “Bişnev”, yəni “Dinlə” deyə başlayıb. Mövlanə “Dinlə, bu neyi!” deməklə, eşq alovu ilə bürünən səfərin və bu səfər əsnasında üzləşdikləri şikayət kimi görünsə də, əslində həqiqətin əslini rəvayət etdiyini bildirib.

 

Ney təsəvvüf əqidəsində kamil insan olmağın simvoludur. Necə ki, ney qamış oduğu halda, müxtəlif formalara salınıb aşiqlərin dərdlərinə məlhəm olan alətə çevrilibsı, insan da naşı olduğu halda, müxtəlif təlimlərdən sonra yetişməyə başlayır. Həzrəti Mövlanə də buna misal olaraq “Allahım, bədən adlı bu qamışı sən deşib, cilaladın” deyir.

 

Həmçinin, mövləvi dərvişləri istənilən əşyadan istifadə edəndə, əvvəlcə həmin əşyanı öpür, sonra istiafdə edirlər. Bununla yanaşı, mövləvilər insanların ney kimi kamilliyə çatmasını simvolizə etmək üçün səcdə etməyin və təslimiyyətin mühüm olduğunu xarakterizə etmək məqsədi ilə bir-biriləri ilə görüşəndə əllərindən tutur və eyni anda əyilərək bir-birinin əllərindən öpürlər.

 

Bu görüşlə də onlar ruhların orijinal mənbəyini təqlid edərək bir-birilərinə əslini xatırlatmağın əhəmiyyətini bildirirlər. Çünki can canın dəyərini bildiyi qədər qiymətlidir. Bunun üçün də insanları bir-birindən uzaqlaşdıran dünyəvi məqam, rütbə və bu kimi şeylərə qalxan olmaq lazımdır ki, mövləvilər də görüşlərində simvollardan istifadə edərək buna nişan verirlər.

 

Mövlanənin “Məsnəvi”yə “B” hərfi ilə başlamasının bir səbəbi də “Bəsmələ”nin də “B” hərfi ilə başlamasıdır. Yəni, Mövlanə dinləməyin mənası və nəticəsinin “Bəsmələ” olduğunu bildirmək istəyir. Necə ki, “Quran”ın da bütün surələri “Bəsmələ” ilə başlayır. Hətta, yalnız “Tövbə” surəsi “Bəsmələ” ilə, yəni “B” ilə başlamasa da, “Tövbə” surəsinin də ilk cümləsi “B” həri ilə “Bəraatun”la başlayır ki, bu da bir xəbərdarlıq mənası kəsb edir. Yəni, Yaradana görə “OL” nədirsə, qullara görə də “Bəsmələ” odur. Yəni, Yaradana qul olduğunun mahiyyətini bilən hər kəs bütün işinə və arzusuna “Bəsmələ” ilə başlasa, istək və arzusu həyata keçmiş olar.

 

Əksi olduğu təqdirdə isə, şübhəyə düşənlərə yenə Mövlanə belə cavab verir: “Yaradan səni səndən daha yaxşı bilir. Həm də səni səndən daha yaxşı qoruduğu üçün etdiyin duada yer alan istəklərini də sənin yaxşılığın üçün həyata keçirmədi”.

 

Həmçinin, Mövlanə hər istək, arzu və ya narahatlığın nəticəsinə görə səbr edə bilməyənlərə deyir: “Demə, bu, nə üçün belə oldu, elə oldu! Ən yaxşısı nəticəsini gözlə! Gör, Allah nə edəcək. Şübhəsiz ki, nə etsə, gözəl edəcək!”.

 

Bir sözlə, insan da ney kimi kamil olmaq istəyirsə, səbr etməli, “Məsnəvi”nin “Bişnev”i kimi dinləməli, təsim olmalı və həqiqət məqamına ucalana qədər yola davam etməlidir. Eyni ilə Mövlanə Cəlaləddin Rumi kimi: “Dinlə, qəlbinin səsinə qulaq asandan sonra kamil insan olmağa qərar vermisənsə, dinlə! “Bəsmələ” “Quran”ın, “Bişnev” isə “Məsnəvi”nin açarıdır. Açar olmağı bilənlərin qıfılı aça biləcəyini də unutma! Sən də “Məsnəvi”yə yaxınlaşmamışdan əvvəl “Bişnev” adlı açar ol. Sonra da “Məsnəvi” adlı dənizə baş vur. Həmin dənizdən çıxandan sonra isə açarın adı “Bəsmələ” olacaq. Və artıq sən ucu-bucağı olmayan “Quran” dənizinə baş vurmağa hazır olacaqsan”.

Müəllif: Mərahim Nəsib