DİN-dən Bakı metrosundakı insidentə münasibət: “Bir neçə şəxs saxlanılıb”

Hadisə

02.06.2020 - 17:40

Ehsan Zahidov: “Onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, mübahisəli vəziyyət yaradıblar”

 

Bu gün sosial şəbəkə və xəbər saytlarında “Bakı Metropoliteni”nin metro qatarlarından birinin vaqonunda polis əməkdaşları ilə bir neçə vətəndaş arasında mübahisə yarandığını əks etdirən videogörüntü paylaşılıb. AYNA xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlama verib.

 

DİN rəsmisi bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları insanların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədi ilə onlardan mütləq qaydada tibbi maskalardan istifadə etməyi və sosial məsafə saxlamağı tələb edirlər: “Metro qatarında tibbi maskadan istifadə etməyən bir neçə sərnişindən də bu qaydalara riayət olunması tələb edildikdə onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, mübahisəli vəziyyət yaradıblar”.

 

“Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin şəxslərdən bir neçəsi artıq saxlanılıb, barələrində müvafiq tədbirlər görülüb. Digərlərinin də müəyyən edilərək saxlanması üçün tədbirlər davam etdirilir. Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, uzun müddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir”, - deyə E.Zahidov qeyd edib.

 

Qeyd edək ki, bu gün səhər Bakı metrosunda polislə sərnişin arasında mübahisə yaranıb. Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb. Paylaşım edən şəxs hadisənin ötən gün “Qara Qarayev” stansiyasında baş verdiyini qeyd edib.

Müəllif: Ayna.az