Sabir Rüstəmxanlı: “Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqətlə yanaşılmalıdır”
“Bu günün müharibələrində təkcə ordular savaşmır, həm də intellektual potensial, insan potensialı, büdcələr savaşır. Azərbaycan Ordusu öz sözünü dedi, torpaqlarımızı işğaldan azad etdi. İndi Qarabağın ümumi inkişaf planı hazırlanmalıdır, işğaldan azad edilmiş ərazilər minalardan təmizlənməlidir”. AYNA xəbər verir ki, bu sözləri Milli Məclisdə büdcə müzakirələri zamanı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmzanlı deyib.
Millət vəkili bildirib ki, vətəndaşlarımıza yeni gözlə baxılmalıdır: “Bu məsələdə də əsas məsuliyyət, əsas yük hökumətin çiyinlərinə düşür. Vəzifə sahibi işlədiyi, rəhbərlik etdiyi qurumu ideala da çevirə bilər, yaşanmaz hala da döndərə bilər. Ona görə də, hər bir vəzifə sahibi öz məsuliyyətini axıracan dərk etməlidir. Xüsusilə də, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqətlə yanaşılmalıdır. Onlara həssaslıq göstərilməlidir”.