Dəlidən sərsəm hədə və ya: “Moskva izahat verməlidir, əks halda...”

Aktual

02.08.2021 - 20:20

Vahid Əhmədov: “Cavab verməlidirlər ki, Azərbaycan xalqının, dövlətinin və dövlət rəhbərliyinin əleyhinə nəyə görə bu cür fikirlər tirajlanır”

 

Fərid Şahbazlı: “Onlar Jirinovskini hürdürməklə Azərbaycana hansısa mesajlar vermək istəyirlər”

 

Rusiya Liberal Demokrat Partiyasının sədri və Dövlət Dumasının üzvü Vladimir Jirinovski Azərbaycan iqtidarının ünvanına hədyanlar yağdırıb. Bundan öncə Azərbaycan xalqını və suvereneliyini hədəfə alan rusiyalı siyasətçinin açıqlaması ölkəmizdə sərt etirazla qarşılanıb.

 

Bir çox ekspertlər Jirinovskinin açıqlamasını özfəaliyyət adlandırsa da, onun Kremlin diqtəsi ilə belə fikirlər səsləndirdiyini iddia edənlər də var. Artıq rəsmi Bakı Rusiyaya etiraz notası da təqdim edib. Bəs, görəsən bu açıqlama Rusiya-Azərbaycan münasibətlərinə hansısa təsir göstərəcəkmi?

Vahid Əhmədov: “İslahatın məgər buynuzu olur?”

Milli Məclisin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında deyib ki, siyasi sistemdə hər zaman Jirnovski kimi şəxslər olub və onlardan bəlli məqsədlər üçün istifadə edilib: “Onlar özləri də bilirlər ki, heç zaman siyasi lider olmayacaqlar. Konkret olaraq öz missiyaları var və lazım olduğu hallarda onlardan istifadə olunur. Jirnovski çox tərbiyəsiz adamdır. Həm də qeyri-ciddi biridir. Rusiyada da onu belə qəbul edirlər. Bu şizofren siyasətçi bizə hədələyici tonda mesajlar verir”.

 

“O, bütün fəaliyyətini Sovet imperiyasının bərpasına həsr edib. Xəstə təfəkkürü ilə buna inanır. Lakin anlamır ki, bu, artıq mümkün deyil. Baxmayaraq ki, o, öz açıqlamaları ilə Rusiyanın nüfuzuna zərbə vurur, hələ də Rusiya Dövlət Dumasının üzvü və partiya sədridir”, - deyə deputat bildirib.

 

Həmsöhbətimizin sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi müəyyən dairələrdə ciddi qıcıq yaradıb: “Vaxtaşırı olaraq bunun təzahürləri ilə üz-üzə qalırıq. Uzun illər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, milyondan artıq soydaşımızın öz yurd-yuvasından didərgin salınmasına, Xocalıda insanlıq əleyhinə soyqırıma göz yuman qüvvələr Azərbaycanın tarixi qələbəsinə kölgə salmaq istəyirlər. Bu qələbə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qələbəsidir. Qarşıda bizi ağır və məsuliyyətli bir dövr gözləyir. Biz hərbi müstəvidə qələbə qazansaq da, informasiya müharibəsi davam edir. Bu mənada bu cür sərsəm fikirlər gözləniləndir”.

 

“Rusiya məsələyə aydınlıq gətirməlidir. Rəsmi Bakı bununla bağlı Moskvaya nota göndərib. Düzdür, bu notadan sonra Jirinovski geri addım atıb. Lakin bu adam Rusiya Dövlət Dumasının üzvüdür, partiya sədridir və onun açıqlaması siyasi açıqlamadır. Müəyyən ehtimallar var ki, o, bu fikirləri özbaşına demir. Bu mənada rəsmi Moskva məsələyə izah verməlidir ki, Azərbaycan xalqının, dövlətinin və dövlət rəhbərliyinin əleyhinə nəyə görə bu cür fikirlər tirajlanır? Əgər bu izahat olmayacaqsa, deməli, deyilənlərin həqiqət yükü var”, - deyə Əhmədov fikrini yekunlaşdırıb.

“İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı da AYNA-ya şərhində qeyd edib ki, Jirinovski Rusiya cəmiyyətində siyasi təlxək kimi qəbul olunur: “Biz dəfələrlə Jirinovskinin yalnız Azərbaycanın deyil, dünyanın bir çox dövlətlərinin və xalqlarının ünvanına sərsəm fikirlərinə şahidlik etmişik. Eyni zamanda, Jirinovksinin sonradan bu fikirləri təkzib etməsini və ağır sözlərlə təhqir etdiyi şəxslərə yaltaqlandığını müşahidə etmişik. Bu, Jirinovskinin ənənəvi obrazıdır. Onun Azərbaycan dövlətinin və rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlər reallıqdan tamamən uzaq, xəstə təfəkkürün məshsuludur”.

 

İGİB sədrinin bildirdiyinə görə, Azərbaycanın Qarabağ zəfəri, apardığı müstəqil xarici siyasət Rusiyada da bir çox dairələri narahat etməkdədir: “Onlar Jirinovskini hürdürməklə Azərbaycana hansısa mesajlar vermək istəyirlər. Ancaq onlar yeni dünya reallıqlarını qəbul etməli və Azərbaycanla bu ritorikayla danışmağın yolverilməz olduğunu anlamalıdırlar. Bu qüvvələr başa düşməlidir ki, Ermənistanın başına dəyən “Dəmir yumruq” bir gün onların da başlarına dəyə bilər. Heç bir qüvvə Azərbaycanın müstəqil və suveren siyasətini əngəlləmək gücündə deyil. Yaxı olar ki, bunu Rusiyadakı erməni lobbisinin təsiri altında olan qüvvvələr başa düşsünlər”.

 

Şahbazlı əlavə edib ki, Jirnovski təlxək siyasi fiqur olduğundan onun fikirləri Rusiyanın rəsmi mövqeyi kimi qiymətləndirilə bilməz: “Lakin bununla yanaşı, o, Rusiya Dövlət Dumasının üzvdür. Azərbaycan tərəfi nota verib və bütün hallarda Rusiya hökuməti belə axmaq fikirlərinə görə Jirinovskiyə yerini göstərməlidir. Çünki Jirinovskinin artıq təkrarlanan bu davranışları Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun deyil. Ölkəmiz bütün qonşuları, o cümlədən Rusiya ilə münasibətdə daim qarşılıqlı hörmət və etimad prinsiplərini əsas götürüb. Jirinovski kimi təlxəklərin sərsəmləmələri bu münasibətləri zədələyə bilər”.

Müəllif: Azər Niftiyev