Dastana dönən şəhid: Düşmən tam da boğazını nişan aldı... - <font color=red> FOTOLAR</font>

Cəmiyyət

27.12.2020 - 19:52

“Xudayar sinəsindən ilk güllə yarası alıb, lakin postunu qoruyaraq son damla qanına qədər döyüşüb”

 

Sentyabrın 27-də işğalçı Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı Vətən müharibəsi ilə nəticələndi və Azərbaycan Ordusunun göstərdiyi şücaət, qəhrəmanlıq İkinci Qarabağ müharibəsinin taleyini Azərbaycanın xeyrinə həll etdi. 44 gün davam edən döyüşlərdə Ordumuz yüzlərlə kənd, strateji əhəmiyyətli yüksəkliklər və Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini işğaldan azad etdi. Nəticədə noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında, Ermənistanın məğlubiyyəti ilə nəticələnən üçtərəfli bəyanat imzalandı. Həmçinin, bəyanatda Azərbaycanın itkisiz və zərərsiz şəkildə Kəlbəcər, Ağdam və Laçın rayonlarını da geri alması təsdiqləndi.

 

Beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycanın Ermənistan üzərində böyük qələbəsi ilə başa çatdı. Təbii ki, dövr nə qədər dəyişsə də, yeni texnologiyalar meydana çıxsa da, müharibənin taleyini İNSAN - qəhrəman əsgərlər, hərbçilər və könüllü döyüşənlər həll edir. Ona görə də heç bir müharibə itkisiz ötüşmür. Azərbaycanın haqlı davasında qələbə qazanmasının əsas pay sahibləri də əzmkarlıqla döyüşən, qazilik və şəhidilik mərtəbəsinə yüksələn qəhrəmanlardır.

 

Bu qələbədə pay sahibi olanlardan biri də, döyüşlər zamanı oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə dillərə dastan olan şəhid Xudayar Yusifzadədir. AYNA şəhidin qardaşı Məhəmməd Yusifzadə ilə həmsöhbət olub.

 

“Xudayar 1998-ci il iyulun 15-də Bərdə rayonunda dünyaya gəlib. Lakin dünyaya gəlişindən cəmi 27 gün sonra, 1998-ci ilin 12 avqustunda atamız Qurbanov Müslüm dünyasını dəyişib. Xudayar, anam, bacım və digər qardaşlarımızla birlikdə nənəmiz Tovuz, babamız Şümşad kişinin himayəsində böyümüşük. 2004-cü ildə Xudayar Zərifə Əliyeva adına məktəbin 1-ci sinfinə qəbul olub və ailə vəziyyətimiz ilə əlaqədar, Ağdam rayonunda Qarabağ qaçıqınlar düşərgəsinə - Baharlı qəsəbəsinə köçmüşük. Xudayar da ibtidai sinfi Baharlı qəsəbəsində bitirib. 2009-cu ildə isə yenidən Bərdə rayonuna qayıtmışıq və Bərdə rayon 1 saylı tam orta məktəbdə təhsilimizi davam etdirmişik”, - deyə şəhid qardaşı danışır.

 

Dediyinə görə, Xudayar orta məktəblə birlikdə, 1 saylı uşaq musiqi məktəbində də təhsil alıb: “2013-cü ildə musiqi məktəbini fəxri fərmanlarla və müvəfəqiyyətlə başa vurub. 2015-ci ildə isə tam orta təhsilini bitirib. Elə həmin ili Xudayar Daxili Qoşunlar Akademiyasına müraciət edib. Lakin qabiliyyət imtahanından keçsə də, yazılı imtahandan keçə bilməyib və 2016-cı ilin 15 iyulunda hərbi xidmətə yollanıb. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) hərbi xidmətini fəxri fərmanla bitirən Xudayar orada qalıb işləmək istəsə də, müəyyən səbəblərdən alınmayıb”.

 

Mülki həyatda bir müddət mühafizəçi kimi çalışan Xudayar 2018-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət edib: “Hərbi xidmət arzusunda olan qardaşım bundan sonra hərbi kurslara başlayıb. Kursu bitirdikdən sonra Dövlət Sərhəd Xidmətində fəaliyyətə başlayıb və fəliyyətini Astara rayonu sərhəd xidmətində davam etdirib. Xudayar, Azərbaycanın Milli Qəhrəmanı, rəşadətli generalımız Polad Həşimov şəhid olandan sonra Yuxarı komandanlığa müraciət edərək, müharibə olarsa, könüllü qatılmaq istədiyini bildirib. Avqust ayında başlayan təlimlərə könüllü qoşularaq təlimi uğurla başa vurub və döyüşə hazır vəziyyətə gətirilib. Sentyabrın 27-də Ali Baş Komandanımızın əmri ilə başlayan əks-hücum əməliyyatı və sonradan Vətən müharibəsinə çevrilən döyüşlərə könüllü qatılıb”.

 

“Öncə Kəlbəcər-Murov yüksəklikləri uğrunda uğurlu döyüş aparan hərbçilərimiz, sonra Füzuli istiqamətində yola düşüblər. Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda gedən qızğın döyüşlərdə Xudayar da fəal iştirak edib. Lakin Xudayar və döyüş yoldaşları Zəngilan rayonu Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəfildən mənfur düşmənin diversiya qrupunun hücumuna məruz qalıblar. Düşmən sayca çox olsa da, postu qoruyan Xudayar və döyüş yoldaşları yağı düşmənin diversiya qrupunun qarşısını almağa çalışarkən, Xudayar sinəsindən ilk güllə yarasın alıb. Lakin qardaşım döyüş meydanını tərk etməyib və postunu qoruyaraq son damla qanına qədər döyüşüb. Növbəti dəfə isə boğazından ikinci güllə yarasını alıb və yerindəcə şəhidlik zirvəsinə ucalıb. Köməyə yetişən hərbi qüvvələrimiz Xudayar və şəhid olan digər qəhrəmanlarımızın qisasını alıblar və hücumda olan düşmən diversiya qrupunu məhv ediblər. Allah qardaşım Xudayara da, digər şəhidlərimizə də rəhmət eləsin”, - deyə M.Yusifzadə fikrini yekunlaşdırır.

Müəllif: Mərahim Nəsib