Darmadağın dünyaların bərpası olmur...

Cəmiyyət

29.05.2023 - 14:45

...və ya şumlayıb üstündə başqa dünyalar qururlar...

“Dünya sənin, dünya mənim, dünya heç kimin”. Heç kimin deyil dünya, hərənin öz dünyası var. Ona məxsus dünyası. Onu əhatə edən mühitdən – ailədən, doğmalardan, dostlardan, qonşulardan, qohumlardan, həmin mühitin təbiətindən – ağacdan, meşədən, bulaqdan, yovşan qoxusundan, gül ətrindən, bəlkə peyin iyindən ibarətdir. Bütün bunlar cəm halında insanın öz dünyasıdır. Bəlkə kiminsə dünyası maşın səslərindən, neft qoxusundan ibarətdir. Kiminsə dünyası üfunət qoxur, amma o onun dünyasıdır, ona doğmadır, əzizdir, onun ətirli dünyasıdır, gül kimi dünyasıdır. Həşəratlar da, insanlar da öz dünyalarında yaşayırlar, kimsəyə, heç nəyə başqasının dünyası doğma olmaz...özününkü əzizdir.

Ağalıya gedəndə kəndimizdən keçdim. Horadizdən keçər-keçməz öz dünyamı hiss etdim, qoxusu ilə, tozanağı ilə, ağacları, göyü, buludları, havası ilə... Daşı daş üstündə qalmayan bu kənd mənim dünyamdır. Dağıdılmış evləri, küçələri, qurumuş ağacları, indi kol-kos basmış bağları mənim gülüstanımdır. Viran edilib sonra da minalanmış məzarlığında babalarım uyuyur.

Salamat qalan bircə 10 il oxuduğum, pilləkənlərində izlərim qalan, divarlarından xatirələrim danışan Aşıq Pəri adına Aşağı Maralyan kənd orta məktəbinin binasıdır. İndi bizim sərhədçilərin kazarmasıdır. Çox şükür, 3 il əvvəl düşmən məskəni idi, özümüzünkülər azad edib, özləri yerləşdilər. Üst-başınıın rəngini dəyişiblər, əl gəzdirib səliqəyə salıblar, o məktəbə az oxşayır, amma qarşısındakı sərv ağacları, şam ağacları elə həminkidir, bizim əkdiklərimiz. Ağac elə bil dil açıb danışır adamla, nələr demir ki...

Çox istərdim ki, o ağacın altında oturub onunla, uşaqlığımla, xatirələrimlə dərdləşim. Soruşum ki, bəs sənin ətrafındakı rəngbərəng, yerli, ətirli qızılgüllər necə oldu? Yəqin düşmənin murdar nəfəsinə dözməyib məhv olublar hə..?

Özüm deyib özüm cavablandırıram, oxuyuram deyəcəklərini.., amma ağaca yaxın dura bilmədim ki, 100 metirliyində durub baxdım, əlim çatmadı. Şəklini də çəkmək olmaz, anlayıram, məni də bir anlayan olsaydı...

Anlasaydılar ki, 30 il həsrət qaldığım dünyama yenidən qayıtmaq, özümə dönmək istəyirəm. O məktəbin sinif otaqlarını gəzib öz oxuduğum sinifdə bircə dəfə sinif yoldaşlarımla yığışıb oturub ötənləri birlikdə xatırlamaq istəyirəm. Evimizin divarlarından qalan daşlara toxunmağım, qoxlamağım gəlir. 30 il kimsə kəndə getməyindən bəhs edib ata ocağının şəklini paylaşanda içimdə qovrulub yanmışam, kül olmuşam, o külün altında bircə zərrə köz qalmışdı, alovlanar yurdum geri alınanda düşünürdüm...sönür.

Ayağının altında doğma torpağı hiss etmək çox böyük xoşbəxtlik imiş, hərdən o yurda gedib keçmişindən enerji alanda gələcəyə doğru yolun rəvan olur.  Bu çox vacibdir.

Nə o ev yox, nə o məktəb, nə o mühit, o kök yox, söykənəcəyin divar uçulub, bünövrəsizlik... boşluq.

Bəlkə, hər şey bizim dünyamızda olduğundan  daha gözəl olacaq. Hər kəsin daha gözəl dünyası olacaq, amma o mənim, mənim həmyaşıdlarımın, ailəmin, doğmalarımın, məcburi köçkün olanların dünyası olmayacaq. Mənim dünyam darmadağındır, darmadağın dünyaların  bərpası olmur. Şumlayıb üstündə başqa dünyalar qururlar...

Nə isə, ürəyimi boşaltdım, ovqatım dəyişdi. Boş verin, siz də çıxın o ovqatdan. Həyatdır də, baş alıb gedən bir yoldur, kiminsə yolu başa çata bilər, amma yol davam edir.

Ramilə Qurbanlı

Aşağı Maralyandan xüsusi olaraq, AYNA üçün.

Müəllif: Ayna.az