Vəsait hava hücumundan müdafiə texnikası, artilleriya alınması və Ukrayna Hərbi Hava Qüvvələrinə dəstək üçün istifadə olunacaq
Danimarka 2025-2027-ci illər üçün Ukraynaya 6,7 milyard kron (970 milyon dollar) məbləğində iyirmi beşinci yardım paketi ayıracaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Krallığın Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, vəsait hava hücumundan müdafiə texnikası, artilleriya alınması və Ukrayna Hərbi Hava Qüvvələrinə dəstək üçün istifadə olunacaq.
Müdafiə naziri Troels Lund Poulsen mətbuata açıqlamasında "25-ci ianə paketi ilə biz həm qısa, həm də uzunmüddətli perspektivdə Ukraynaya dəstəyimizi vurğulayırıq" deyib.
Xarici işlər naziri Lars Løkke Rasmussen ümid etdiyini bildirib ki, Danimarkanın yardımı "digər müttəfiqləri daha da böyük dəstək verməyə ruhlandıra bilər", çünki "Ukraynanın təhlükəsizliyi bütün Avropanın gələcəyi üçün çox vacibdir".
2022-ci ilin fevralından bəri Danimarka Kiyevə 7,45 milyard avroya yaxın hərbi yardım ayırıb. Daha 853 milyon avro mülki məqsədlər üçün bağışlanıb.