COVID pasportu tələbi ləğv edilməlidir – Biz demirik, həkimlər deyir

Cəmiyyət

08.02.2022 - 09:20

Müşfiq Hüseynov: “Mart-aprel aylarında pandemiya bitəcəksə, COVID-19 pasportunun da bir əhəmiyyəti qalmır”

Aydın Əliyev: “İnsanları bu xəstəliklə bağlı elə qorxudublar ki, yenə yoluxma sayının artması bəzi insanlarda panika yaradır”

Artıq bir sıra dünya ölkələrində COVID-19 pasportu ilə bağlı məhdudiyyətlər aradan qaldırılır. Belə ki, ölkə daxilində vaksin pasportu olmadan sərbəst hərəkət imkanı bərpa olunur. Buna baxmayaraq, başqa ölkələrə səyahət zamanı PCR testi və ya COVID-19 pasportunun olması tələbi qüvvədə qalır. Fevral ayının 1-dən qonşu ölkə Gürcüstanda da ölkə daxilində COVID-19 testi ilə bağlı qoyulmuş məhdudiyyətlər ləğv edilib.

"Report" İnformasiya Agentliyinin Gürcüstan üzrə müxbiri Cəmilə Babayeva AYNA-ya deyib ki, Gürcüstanda COVID pasport tələbi tətbiq olunmağa başladığı vaxtdan narazılıqla qarşılanıb: “Gürcüstanda COVID-19 pasportlarının tətbiqinə 2021-ci ilin dekabrın 1-dən başlanılıb. Sənədin yoxlanılması üçün iki mobil tətbiq də hazırlanıb aktiv edilmişdi. Bu sənəd olmadan Gürcüstan vətəndaşları və əcnəbilər restoran və kafe, teatr və kinoteatr, muzey, konsert zalları, əyləncə mərkəzləri, idman zalları, mehmanxana və digər ictimai yerlərə buraxılmırdı. “Yaşıl” status koronavirus əlyehinə tam peyvənd olunmuş və yaxud son 72 saat ərzində PCR və ya son 24 saat ərzində ekspress test vermiş və neqativ nəticə əldə etmiş şəxslərə verilirdi. Biznes sektor COVID-19 pasportlarının tətbiqini böyük narazılıqla qarşılamışdı və hökuməti bu sənədin ləğvinə çağırmışdı”.

Jurnalistin sözlərinə görə, COVID-19 pasportu ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasına dair qərarı Gürcüstan hökuməti “Omicron” ştammının yüngül formada keçirilməsi ilə əlaqələndirib: “Fevralın 1-dən Gürcüstan hökuməti COVID-19 pasportlarının ölkə daxilində istifadəsinə qoyulmuş tələbi ləğv edib. Xarici ölkəyə səfər edən vətəndaşlar “yaşıl pasport”dan istifadə edə biləcəklər. Qərar koronavirusun “Omicron” ştammına görə xəstəliyin yüngül formada keçirilməsi ilə əlaqələndirilib. Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, bu sənədin tətbiqi “Omicron”un yayılması səbəbindən artıq tam təhlükəsizlik zəmanəti vermir və pasportlar kütləvi vaksinasiyanın stimullaşdırılması funksiyasını artıq yerinə yetirib”.

“Bununla belə, Gürcüstanda virus əleyhinə vaksinasiya və testlərin aparılması davam etdirilir. Sənədin ləğvi COVID-19 əleyhinə qaydalar və peyvəndləmə prosesinə etinasız yanaşmaq anlamına gəlmir”, - deyə Babayeva bildirib.

Ölkəmizdə də yoluxma sayındakı artımın səbəbi mütəxəssislər tərəfindən “Omicron” variantının daha yoluxdurucu olması ilə əlaqələndirilir. Belə olduğu halda kütləvi immunitetin formalaşması fonunda COVID-19 pasportu ilə bağlı məhdudiyyətlər aradan qaldırıla bilərmi? İndiki halda buna lüzum varmı?

Həkim-farmakoloq Müşfiq Hüseynov AYNA-ya şərhində COVID-19 pasportu ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarı olduğunu söyləyib: “Doğru olan da budur, çünki “Omicron” ştammı sonuncu variantdır və bunu da hamı bilir. Mart-aprel aylarında bu ştammın da bitməsi ilə COVID-19 tarixə qovuşmuş olacaq. Yay aylarında artıq həyat əvvəlki axarına geri qayıdacaq”.

“Buster” doza ilə bağlı qoyulmuş tələbə toxunan həkim bunun lüzumsuz olduğu qənaətindədir: “Fevralın 15-nə qədər bizdə “buster” dozanın vurulmasına məcbur edirlər. Bunu düzgün qərar hesab etmirəm. Çünki Azərbaycanda statistikaya görə, yoluxma sayı 7 mindən çox olsa da, mən hesab edirəm ki, bu, dəfələrlə artıqdır. Çünki çox adam yoluxur, adi qrip kimi evdə keçirir. Şəxsən özüm də “buster” doza qəbul etməyimə baxmayaraq, bu yaxınlarda yoluxdum. Xəstəlik öskürək, iki günlük boğaz ağrısı, üç-dörd günlük halsızlıqla müşahidə olunur. Hər kəs də evdə müalicə alır, sağalır. Mart-aprel aylarında pandemiya bitəcəksə, COVID-19 pasportunun da bir əhəmiyyəti qalmır. Azərbaycanda ümumilikdə məhdudiyyətlərin aradan qaldırılmasını indi üçün tez hesab etsəm də, aprel ayının 1-dən məhdudiyyətlər aradan qaldırılmalıdır”.

Azərbaycan Tibb Universitetinin (ATU) şöbə müdiri Aydın Əliyev mövzuya dair AYNA-ya açıqlamasında söyləyib ki, pandemiyanın səngiməsində peyvəndlərin rolu danılmaz olsa da, hazırkı peyvəndlər yeni ştamlarda effektiv deyil: “Özüm peyvəndin ən qatı təbliğatçılarından olmuşam. Amma işin gedişatı onu göstərir ki, biz sanki virusun arxasınca qaçırıq. Yəni bizim hazırladığımız vaksin hazır olanda virus mutasiyaya uğrayır, yeni ştamm əmələ gəlir. Köhnə varianta qarşı hazırladığımız vaksin yeni ştamda o qədər də effektiv olmur”.

“Düzdür, biz vaksinin təsirini dana bilmərik. Pandemiyanın zəifləməsində vaksinin əlahiddə dərəcədə əhəmiyyəti oldu. İndiki zamanda da ağırlaşanların əksəriyyəti peyvənd olunmayanlardır. “Omicron” demək olar ki, 95% hallarda ağırlaşma ilə nəticələnmir. Peyvənd də bu ştamda müəyyən qədər təsirlidir. Peyvəndlər əvvəlki ştamlara qarşı effektiv idi, onlar da indi demək olar ki, yoxdur. Ona görə də, düşünürəm ki, sərt şəkildə peyvənd tələbi tədricən yumşaldılmalıdır”, - deyə müsahibimiz vurğulayıb.

Həkim hesab edir ki, insanları vaksin üçün məcbur etmək doğru deyil: “Ümumiyyətlə, əvvəldən demişdik ki, məcburiyyətlə nəsə olmaz. Düzdür, cinayət tərkibinə qarşı məcburiyyət olmalıdır. Lakin peyvənd məsələsi elə məsələdir ki, burada maarifləndirməyə üstünlük vermək lazımdır. Mən hesab edirəm, məhdudiyyətlər ləğv edilməlidir. İnsanlar arasında maarifləndirmə aparmaq lazımdır ki, könüllü şəkildə peyvənd olunsunlar”.

Əliyevin sözlərinə görə, məhdudiyyət və məcburiyyətlər ona görədir ki, yoluxan şəxs özü yoluxduqdan sonra başqalarını da yoluxdura bilir: “Onsuz da əvvəldən bilirdik ki, COVID-19-a qarşı peyvənd steril immunitet yaratmır. Steril immunitet o deməkdir ki, həmin peyvəndi qəbul etmiş şəxsin orqanizminə virus daxil olsa da, onda xəstəlik yaratmır. Bəzi yoluxuculara qarşı illərlə aparılmış sınaqlardan çıxmış belə peyvəndlər var. Lakin əvvəldən bilirdik ki, COVID-19-a qarşı hazırlanmış peyvənd ekspress peyvənddir. Yəni peyvənd olunsaq da, COVID-19-a yoluxma ehtimalımız var. Sadəcə yoluxmuş şəxs xəstəliyi ağır keçirmir. Amma mutasiya çox baş verdi və sübut olundu ki, mövcud peyvəndlər o qədər də effekt vermir”.

Mütəxəssis yoluxma sayının artması ilə bağlı insanlarda yaşanan təlaşa da toxunub: “Dəfələrlə qeyd etsək də, insanları bu xəstəliklə bağlı elə qorxudublar ki, yenə yoluxma sayının artması bəzi insanlarda panika yaradır. Bu, bizi təlaşlandırmamalıdır. 2020-2021-ci illərdə yoluxma sayı yeddi minə çatmamışdı. Amma o vaxt ağırlaşmalar indikindən daha çox idi. İndi isə ağırlaşmalar çox deyil. Bu da onu göstərir ki, virus mutasiyaya uğradıqca zəifləyir. Ümid edirik ki, tezliklə pandemiya sonlanar”.

Müəllif: Aləmdə Nəsib