ABŞ Hərbi Dəniz Qüvvələrinin Çindən olan dənizçisi Çinə casusluq etdiyinə görə 16 il həbs cəzasına məhkum edilib
ABŞ məhkəməsi Çində anadan olmuş ABŞ Hərbi Dəniz Qüvvələrinin dənizçisi Çinçao Veyni anasının məsləhəti ilə Çin hökumətinə Amerika gəmiləri haqqında məxfi məlumatları satdığına görə 16 il həbs cəzasına məhkum edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında qeyd edilib.
"Vey Hərbi Dəniz Qüvvələrinə qoşularkən ABŞ-a sədaqət andı içib və vətəndaşlıq aldıqda bu andı bir daha təsdiqləyib. Bugünkü hökm millətimizin sirlərini satanların xəyanətlərinə görə çox yüksək bədəl ödəmələrini təmin etmək öhdəliyimizi əks etdirir", - deyə Milli Təhlükəsizlik üzrə baş prokurorun köməkçisi Con Eyzenberq bildirib.
Müstəntiqlərin sözlərinə görə, hərbçi sosial media vasitəsilə özünü dəniz həvəskarı kimi təqdim edən bir Çin agenti tərəfindən əməkdaşlığa cəlb edilib. Hüquq-mühafizə orqanlarının əldə etdiyi Veyin dostu ilə yazışmalarına görə, dənizçi kəşfiyyat zabiti ilə iş gördüyünü bilirib və özünün dediyi kimi, "lənətə gəlmiş casusluq"la məşğul olub.
"New York Post" qəzetinin məlumatına görə, müstəntiqlər Veyin anasının da oğlunun casusluq fəaliyyətlərindən xəbərdar olduğu qənaətinə gəliblər. Ana oğlunu Çin kəşfiyyatı ilə əməkdaşlığı davam etdirməyə təşviq edib. Onlar bu fəaliyyətin Veyin gələcəkdə Çin hökumətində işlə təmin edəcəyinə inanıblar.