Politoloq: "Türkiyənin önünü tıxayan qocalardan biri getdi, qaldı ikisi..."
"Türkiyənin Cümhuriyyətin və Cümhuriyyət Xalq Partiyasının 100-cü ildönümündə keçirilən 38-ci Qurultayda partiyanın TBMM-dəki qrupunun lideri Özgür Özəl səsvermənin 2-ci turunda böyük fərqlə başqan vəzifəsinə seçildi: Özəl - 812, Kılıçdaroğlu - 536 səs". AYNA xəbər verir ki, bu aözləri politoloq Şahin Cəfərli deyib.
Analitik bildirib ki, bu, Türkiyə daxili siyasətində vacib hadisədir: "CHP-nin 8-ci başqanı, 49 yaşlı Özgür Özəl Manisada doğulub və Balkan kökənli ailənin övladıdır. Ege Universiteti məzunudur, ixtisasca əczaçıdır. Siyasətə qoşulmadan öncə Türk Əczaçılar Birliyinin baş katibi olub. CHP-dəki dəyişiklikdə baş rol oynayan fiqur şübhəsiz ki, Əkrəm İmamoğludur. İmamoğlu prezident seçkilərinin ertəsi günü - 29 mayda, səhər saatlarında sosial mediadan yayınladığı videomüraciətlə dəyişim müzakirələri və mübahisələrini başladan şəxs oldu. CHP İstanbul təşkilatının qurultayında İmamoğlunun dəstəklədiyi namizədin sədr seçilməsi partiya qurultayının nümayəndələri arasında dəngələri Özgür Özəl lehinə dəyişdirdi. (İstanbul təşkilatının 196 qurultay nümayəndəsi var.) İmamoğlunun planı partiyanın bütün resurslarını arxasına alaraq gələn il 31 mart seçkilərində bir daha İstanbul bələdiyyə başqanı seçilmək (Kılıçdaroğlu qalsa, lazımi dəstəyi ala bilməyəcəkdi), 2028-ci ildə isə (o vaxta qədər hər hansı fors-major baş verməsə) prezidentliyə namizəd olmaqdır. Bu məsələdə Ö.Özəl ilə aralarında anlaşma var".
"Beləliklə, Türkiyənin önünü tıxayan qocalardan biri getdi, qaldı ikisi... Təəssüf ki, 75 yaşlı Kılıçdaroğlu gənclərin yolunu açaraq dəyişikliyə liderlik edib, hörmət-izzətlə siyasi karyerasını tamamlamaq fürsəti varkən çeşidli şərq kurnazlığı metodları ilə vəzifəsini qorumağa çalışdı və hətta qurultaydakı seçkilərin ilk turunu geridə bitirdikdən sonra da çəkilmədi. Halbuki vaxtında getməyi bacarmaq da siyasətçilər üçün mühüm siyasi-əxlaqi keyfiyyətdir".