“Virtual məktəb” layihəsinə qoşulmuş şagird və müəllimlərin sayı 9 min nəfərə yaxınlaşır
Nəticələrindən narazı qalan şagirdlər nəticələrini yaxşılaşdırmaq istəyirləsə, yaxud hər hansı fəndən birinci yarım il üzrə qeyri-kafi qiymət alıblarsa, həmin şagirdlər tədris ili öncəsi məktəbə müraciət edərək yenidən qiymətləndirmədə iştirak edib qiymətlərini yaxşılaşdıra bilərlər.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Ceyhun Bayramov deyib. O bildirib ki, məcburi dayanma dövründə intensiv şəkildə şagirdlərə məzmunların çatdırılması həyata keçirilib.
“Bu, həm bizim müəllimlərimiz tərəfindən, həm də Təhsil Nazirliyinin mərkəzləşmiş qaydada teledərsləri vasitəsilə həyata keçirilib. Artıq bu həftənin sonunadək 1200 dərsin yayımını həyata keçirmişik. “Virtual məktəb” layihəsinə qoşulmuş şagird və müəllimlərimizin sayı artıq 9000-ə yaxınlaşır. Bu və digər üsullardan istifadə edərək məzmun təqdim edilib və bu məzmunun mənimsənilmə səviyyəsini müəyyən etmək məqsədiylə iyun ayı ərzində Təhsil Nazirliyi hər bir yaş qrupu üzrə 3000-6000-ə qədər şagird arasında onlayn formada qiymətləndirmələr həyata keçiriləcək”, - Bayramov vurğulayıb.
Nazirin sözlərinə görə, bu qiymətləndirmələrin məqsədi yalnız təhqiqat və monitorinq məsədilə həyata keçiriləcək: “Ki, biz bununla proqramların mənimsənilmə səviyyəsini müəyyən edək və növbəti aylarda şagirdlərimizə dəstək mexanizmlərini daha uyğun formada təqdim edə bilək”.