Cənub Qaz Dəhlizinin ən mühüm həlqəsi TANAP tamamlandı, növbə TAP-ındır

İqtisadiyyat

08.10.2019 - 15:24

Cənub Qaz Dəhlizinin son mərhələsi olan Trans-Adriatik Boru Kəməri (TAP) tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz Avropaya çatdırılaraq, qitənin enerji təhlükəsizliyinə töhfə verəcək

 

Azərbaycan qazını Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilən Cənub Qaz Dəhlizinin ən mühüm həlqəsi Trans-Anadolu Təbii Qaz Boru Kəməri layihəsi (TANAP) tamamlandı.

 

AYNA xəbər verir ki, TANAP-ın baş direktoru Saltuk Düzyol kəmərin Ədirnənin İpsala qəsəbəsindəki MS4 ölçmə məntəqəsində bu barədə mətbuat nümayəndələrinə məlumat verib.

 

"Türkiyə və Azərbaycan arasında strateji enerji əməkdaşlığının ən mühüm layihələrindən biri olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri layihəsi (TANAP) tamamlandı. Ərdahanın Posof qəsəbəsindən Türkiyəyə daxil olan, 20 şəhər, 67 qəsəbə və 600 kənddən keçdikdən sonra Ədirnənin İpsala qəsəbəsində Avropa sərhəddinə çatdırılan 1.850 kilometrlik boru xətti Azərbaycan təbii qazını Türkiyə-Yunanıstan sərhədində Avropaya ötürəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) qaz verilməsi üçün hazır vəziyyətə gətirildi", - S.Düzyol bildirib.

O, qeyd edib ki, Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya daşıyacaq Cənub Qaz Dəhlizinin ən mühüm həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsinin açılışı 2018-ci il il iyunun 12-də beynəlxalq mərasimlə həyata keçirilmiş və 2018-ci il iyunun 30-dan etibarən Türkiyəyə kommersiya məqsədli qaz axını başlamışdı: "Boru kəmərinin Əskişəhər ilə Türkiyə-Yunanıstan sərhədindəki Avropaya çıxış nöqtəsi arasında qalan hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatmış və 2019-cu ilin aprelində kəmərə sınaq məqsədilə qaz vurulmuşdu. 2019-cu il iyulun 1-dən etibarən Avropaya qaz nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP “Türkiyə, Orta Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz boru kəməri” kimi adını tarixə qızıl hərflərlə yazdı. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşən TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına çatdırılacaq".

 

"Yekun investisiya qərarı qəbul ediləndə ümumi xərcləri  11,7 milyard dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik  nəticəsində indiyə  qədər 45% qənaətə nail olunmuş və layihə 6,5 milyard dollarlıq sərmayəyə başa gəlmişdi. Digər tərəfdən layihə çərçivəsində bu günədək TANAP boyunca sosial və ətraf mühitin mühafizəsi məqsədilə 1000-ə yaxın layihə həyata keçirilmişdir. Layihənin icrası zamanı boru kəmərinin keyfiyyətinə, ətraf mühitin mühafizəsinə, əməyin təhlükəsizliyi və sağlamlığın qorunmasna beynəlxalq standartların üzərində əməl olunmuşdur", - TANAP-ın baş direktoru vurğulayıb.

 

Azərbaycan və Türkiyə dostluğu regional iqtisadi birliyin təməl daşıdır

 

TANAP-ın Avropaya Azərbaycan təbii qazının nəqli üçün hazır olduğunu qeyd edən TANAP baş direktoru Saltuk Düzyol qeyd edib: “Enerji daşıyıcıları ilə zəngin olan Azərbaycan qapalı hövzədə yerləşdiyi üçün dünya bazarlarına birbaşa çıxışı yoxdur, Türkiyənin isə enerji ehtiyatları məhdud olsa da, okeanlara çıxışı və Avropa bazarı ilə birbaşa əlaqəsi var. Bu iki gücün əmələ gətirdiyi möhtəşəm iqtisadi potensial ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək.” TANAP vasitəsilə Türkiyənin dost və qardaş ölkə Azərbaycan ilə Avropa Birliyi arasında bir enerji dəhlizi təşkil etmək  istiqamətində mühüm addım atıldığını vurğulayan Saltuk Düzyol daha sonra qeyd etdi: “Eyni zamanda, Azərbaycan və Türkiyə arasındakı tarixi dostluğu ticarət sahəsində də gücləndirdik. Türkiyənin enerji sektorunun gücünə güc qatacaq TANAP vasitəsilə dost və qardaş ölkə Azərbaycan da Avropa Birliyinin mühüm qaz tədarükçülərindən birinə çevriləcək”. 

 

TANAP Təbii Qaz Boru Kəmərinin gündəlik ötürmə qabiliyyəti haqqında məlumat verən Saltuk Düzyol 2019-cu il sentyabrın 30-dan etibarən  TANAP üzərindən Türkiyəyə nəql olunan qaz həcminin 2,7 milyard kubmetrə çatdığını əlavə edib.

 

Regional inkişafa dəstək

 

Qeyd olunub ki, TANAP bir tərəfdən Türkiyənin və Avropanın enerji təhlükəsizliyinə töhfə verərkən, digər tərəfdən də  Türkiyədə sosial və ətraf mühit sahəsində özəl sektor vasitəsilə həyata keçirilən ən böyük investisiya proqramlarından biri olan Sosial və Ətraf Mühit İnvestisiya Proqramı (SEIP) vasitəsilə kəmərin keçdiyi şəhər, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və təbii ehtiyatların qorunması məqsədilə 860 birbaşa qrant, 10 birbaşa investisiya və 8 dəstək proqram protokolu çərçivəsində imzalanan 149 alt layihə ilə 1000-ə yaxın layihə həyata keçirilib.

Müəllif: Ayna.az