Burada nə ölümünüz var?!

Aktual

28.02.2022 - 09:15

Və ya özgə qapısında məzarlarını qazanlar

Müharibə sadə insanların düşüncəsində iki ordunun qarşılaşmasından ibarət qanlı səhnə olsa da, reallıqda onun müxtəlif predmetləri var: masaətrafı diplomatik fəndlər, hərb səhnəsi, müharibədən öncə, müharibə əsnasında və sonradan edilən müraciətlər, ritorika və s. Müharibə ritorikası müxtəlif qollara ayrılır – komandanların öz ordusuna müraciəti, komandanların qarşı tərəfin ordusuna müraciəti, komandanların öz xalqına müraciəti, komandanların qarşı tərəfin xalqına müraciəti.

Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ savaşında erməni xalqına - erməni analarına, atalarına müraciət edirdi ki, övladlarını başqa ölkənin ərazisində ölümə göndərməyin. Prezident Volodimir Zelenski də Ukrayna torpaqlarına soxulan təcavüzkar rusları haqq savaşı olmayan müharibəni dayandırmağa, qonşu ölkənin ərazi bütövlüyünün qəsdinə durmamağa və bu ədalətsiz davada ölməməyə, silahı yerə qoymağa səslədi.

Müharibə zamanı liderlərlə yanaşı ictimai şəxslər, eləcə də xalqlar öz mövqelərini ortaya qoymağa, hüquqla doğru olanın yanında dayandığını göstərməyə çalışır, bu istiqamətdə çıxışlar edirlər. Maraqlıdır, görəsən, bu cür məqamlarda təcavüzə uğramış ölkə ictimaiyyətinin, liderinin təcavüzkar ölkə vətəndaşlarına müraciətinin effekti olurmu?

AYNA ekspertlərlə bu istiqamətdə həmsöhbət olub.

Sosioloq Sahib Altay ilk olaraq müharibə ritorikasının növlərinə aydınlıq gətirib: “İnsan dərketmə qabiliyyətinə malik, formal şüura sahib canlıdır. İnsan və cəmiyyətdə sosial münasibətlər iki cür - danışıq dili və davranış nümunəsi ilə formalaşır. Müharibə ritorikası da diplomatik-sosial münasibət üçün danşıq dilidir. Tarix boyu müharibələrdə komandanlar öz ordularına müraciət edib, kütlə psixologiyasına və ya toplumsal eqoya xidmət edən, qarşı tərəfin zəif, gücsüz olduğunu əks etdirən təhrikedici çıxışlarla onları döyüşə səsləyiblər. Digər ritorika isə qarşı tərəfin ordusuna ünvanlı olur ki, bu da dünyanın müharibə tarixində kifayət qədər məqsədli nəticələr verib. Məsələn, döyüşdən öncə qarşı tərəfin ordusundan əsgərlərin silahlarını atıb təslim olması kimi”.

“Bir də xalqa ünvanlanan ritorika var. Komandan öz xalqına iki məqsədlə müraciət edir. Ölkəni təmsil edən ordunun xalq tərəfindən dəstəklənməsi, böyük bir xalqın onların arxasında dəstək olduğunu ifadə etmək üçün. Bir də müharibə əsnasında kompakt ordu müdafiə missiyasını yerinə yetirmək gücünə malik olmadıqda bütöv xalqı orduya çevirmək üçün”, - deyə sosioloq fikrini davam etdirib.

Mütəxəssis söyləyib ki, bir ölkə başçısının, komandanın qarşı tərəfin xalqına müraciəti əsasən üç məqsəd daşıyır: “Bu, adətən hücum edən, işğalçı tərəfin xalqına müraciət edib, orduya təsir etmək məqsədi daşıyır. Ordunu təmsil edənlər xalqın övladlarıdır və xalq vasitəsilə hücum edən orduda mənəvi asılılıq yaratmaq istəyirlər ki, sabah siz geriyə dönəndə sizə öz ailəniz, xalqınız qaniçən kimi baxacaq. İkinci məqsəd qarşı tərəfin xalqına ünvanlı çıxış etməklə müharibə əsnasında xalqı ayaqlandırıb onları ədalət naminə işğalçı olmamağa səsləməkdir. Bu, öz hakimiyyətlərinə qarşı etiraza təşviq etmək məqsədi daşıyır. Üçüncüsü isə müharibədən sonra mövcud vəziyyətdə müharibədən öncəki ritorikanı əsas götürməklə olur. Adətən xalqlar özlərinə cinayətkar, qaniçən statusu almaq istəmir və müharibə haqqında bu təəssüratı həmişə siyasətçilərin üzərinə yükləyirlər. Qarşı tərəfə ünvanlanmış ədalət, insanlıq, humanizm çağırışları isə əsas verir ki, müharibə təkcə siyasətçilərin və orduların fəaliyyəti deyil, həm də xalqın münasibətidir”.

Ukraynadakı mövcud vəziyyətə münasibət bildirən həmsöhbətimiz xatırladıb ki, Zelenski bir neçə gündə müharibə ritorikalarının hamısından istifadə edib: “Hazırda vəziyyət belədir ki, Rusiya işğalçı, Ukrayna müdafiə olunan tərəfdir. Bir neçə gündür, Ukrayna Prezidenti Zelenski müharibə ritorkalarının hamısından istifadə edib. Artıq öz xalqını bütöv orduya çevirib. Növbə qarşı tərəfin xalqına olan müraciətdə idi. Bir neçə gün əvvəl bu metoddan da istifadə etdi və mətbuatda nəticəsini gördük. Rusiyanın Sankt-Peterburq şəhərində yüzlərlə adam küçələrə axışıb, işğalçılıq əleyhinə şüarlar səsləndirdi”.

“Hazırda Ukraynanın rus şovinizminin qurbanına çevrilməsi vətəndaş hüququna da, beynəlxalq hüquqa da ziddir, cinayətdir. Bu vəziyyətdə rus xalqı susursa, sabah Ukrayna xalqının gözündə təkcə Prezident Putin və əmrindəki ordu deyil, həm də rus xalqı cinayətkar hesab ediləcək. Əsas isə budur: “Axı biz döyüşdən əvvəl və ya döyüşün müəyyən mərhələsində öz təmsilçimiz, Prezidetimiz, komandanımız vasitəsilə sizə çatdırdıq ki, bu ədalətsizliyə, cinayətkarlığa, qaniçənliyə, günahsız insanların qətlə yetirilməsinə susmayın”. Zelenski öz ritorikasında təkcə Prezident kimi öz sözünü demir, həm də Ukrayna xalqının sözünü deyir. Çünki xalq tərəfindən demokratik seçki yoluyla seçilmiş Prezidentdir”, - deyə S.Altay qeyd edib.

Hərbi psixoloq Azad İsazadənin də fikrincə, bu cür müraciətlər qarşı tərəfə təsirsiz ötüşmür: “Sözsüz ki, hər bir müraciət dövləti təmsil edən şəxslə yanaşı, dövlətinin də mövqeyini göstərir. Düzdür, demək olmaz ki, bir müraciətlə qarşı tərəf təslim olur, amma müəyyən qədər belə müraciətlərin təsiri var. Hücumun birinci günündə camaat şokda idi, nə etməli olduqlarını bimirdilər. Gördüyünüz kimi, artıq Zelenskinin ruslara müraciətindən sonra qarşı tərəfdə müharibəyə etirazını bildirən, Putinə “dur” deyən ruslar da meydana çıxdı. Demirəm ki, bu, birbaşa Zelenskinin müraciəti ilə oldu, amma etiraz edənlər arasında məhz Zelenskinin müraciətindən təsirlənmiş şəxslərin olması da istisna deyil. Bu baxımdan, sözsüz ki, bu cür müraciətlər də təsirli olur”.

“Hər bir dövlət öz mövqeyini bildirməlidir. Bəzən hansısa siyasi maraqlara görə neytral mövqedə dayanılır. Bunun özü də bir mövqedir. Kimdənsə hansı mövqedə dayanmasını tələb etmək düzgün deyil. Biz ilk növbədə, öz təhlükəsizliyimizi düşünməliyik”, - deyə İsazadə vurğulayıb.

Politoloq Nəsimi Məmmədli isə bu qənaətdədir ki, belə müraciətlərin nəticəsini müharibədən sonra qiymətləndirmək daha doğrudur: “Bu, bir qədər psixoloji, humanitar məsələdir. Kimlərəsə təsir göstərə bilər, lakin ümumi götürdükdə ciddi siyasi nəticəsi ola bilməz. Hərbi əməliyyatlar belədir ki, hərbçi qarşısına mütləq hədəflər qoyur və onun üçün əsas olan həmin hədəflərə çatmaq, əmrləri icra etməkdir. Hərbi əməliyyatlar başlayan zaman bir qayda olaraq cəmiyyət hərbi qaydalarla idarə olunur. Hansısa etiraz aksiyaları, fərdi addımların atılması sonra qanunvericiliklə də əks nəticələr doğurur. Buna görə mən fikirləşirəm ki, bu cür müraciətlər psixoloji, mənəvi baxımdan qiymətləndirilməlidir. Bu müraciətlərin hansısa ciddi nəticəsinin olması, yalnız müharibə bitdikdən sonra müzakirə oluna bilir. Yəni itki yaşamış cəmiyyət sonradan izlədikdə nəticəni görür”.

İkinci Qarabağ müharibəsində Azərbaycan ictimaiyyətinin, eləcə də liderinin təczvüzkar ölkəyə çağırışının nə dərəcədə təsirli olduğu ilə bağlı sualımızı cavablandıran politoloq söyləyib ki, bununla bağlı qarşı tərəfdə ciddi bir təsir müşahidə edilməyib: “Mən döyüş bölgəsində də olmuşam. Həmin prosesləri yaxından izləmişəm. Eyni zamanda Ermənistan sosial şəbəkə seqmentində də təsir etdiyi məqamlarla qarşılaşmamışam. Ancaq ağır itkilərlə üzləşib məğlub olduqdan sonra Ermənistan cəmiyyətində bunu xatırlatdılar. Lakin isti-isti bu, effekt vermir. Sözsüz ki, məğlubiyyətdən sonra xatırladanlar olur ki, belə müraciətlər olmuşdu, buna niyə reaksiya vermədiniz. Ermənistan cəmiyyətində də buna məhəl qoymadılar. Hətta müharibə bitdikdən sonra Azərbaycana 600-lük bir diversiya qrupu da gəlmişdi. Onların yüzdən çoxu əsir düşdü”.

“Ukrayna və Rusiya xalqı etnik, dini baxımdan çox yaxın, qardaş xalqlardır. Qarışıq ailələr var. Rusiyada milyonlarla ukraynalı, eyni zamanda da ukrayna ərazisində ruslar yaşayır. Bunlar bir-birinə çox qaynayıb qarışmış xalqdır. Buna görə də müraciətlər olmasa belə, etirazlar gözlənilən idi”, - deyə Məmmədli fikrini yekunlaşdırıb.

Tarixçi alim Yasəmən Qaraqoyunlu da oxşar fikirdədir: “Bütün savaşlarda belə müraciətlər olsa da, müharibənin taleyini güc həll edir. Tarixə nəzər saldığımızda görürük ki, müharibələrdə hər zaman belə müraciətlər olub. Lakin savaşın taleyini müraciətlərdən daha çox, ağıllı strategiya, taktika, ideologiya, güclü tərəflər müəyyənləşdirir, güc həll edir”.

Həmsöhbətimiz belə müraciətlərin müharibəni dayandırmasa da, təcavüzə məruz qalmış tərəfi mənəvi, psixoloji olaraq gücləndirdiyini vurğulayıb: “İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyevin erməni analarına, xalqına müraciəti çox effektli oldu. Prezident bu müraciətlə demək istəyirdi ki, “Qarabağ Azərbaycan torpağıdır, siz bizim torpaqlarımızı işğal etmisiniz. Biz öz torpaqlarımızı işğaldan azad edəcəyik. Bu bizim haqqımızdır. Siz işğaldan vaz keçin ki, övladlarınız həlak olmasın””.

“Eyni müraciəti Zelenski də rus xalqına etdi. Bu müraciətlər müharibəni dayandırmasa da, müharibədə işğalçı ilə işğal olunan, müdafiə olunan tərəflərin mövqelərini psixoloji, mənəvi və hüquqi baxımdan gücləndirir, işğalçının mövqeyini zəiflədir. Ona görə də müharibə gedişində belə müraciətlər həm xalqın, həm əsgərin döyüş ruhuna ciddi təsir göstərir. Həm də qarşı tərəfə “biz sizi öldürmək istəmirik, bu müharibənin səbəbkarı sizin işğalçılıq siyasətinizdir, günahkar sizin tərəfdir” mesajı verilir”, - deyə tarixçi əlavə edib.

Müəllif: Aləmdə Nəsib