Şahmar Mövsümov: “Narıncı zonaya daxil olan ərazilərdə 190 manatın verilməsinə başlanılacaq”
Sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların əhalisinə 190 manat birdəfəlik yardım veriləcək. Bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, karantin rejimi dövründə mərhələli şəkildə 190 manatın verilməsi təmin ediləcək: “Narıncı zonaya daxil olan ərazilərdə 190 manatın verilməsinə başlanılacaq”.
Ş.Mövsümov karantin dövründə dövlətin yeni iqtisadi paketinin olmadığını, belə bir sənədin əvvəldən mövcud olduğunu söyləyib: “Nazirlər Kabieti tərəfindən təsdiq edilən Tədbirlər planı çox geniş və əhatəlidir. Bir çox tədbirlər artıq görülüb, bir çoxları üzrə işlər hələ də davam edir. Orada həm vergi güzəştləri var, güzəştli kreditlər, zərərçəkmiş bütün sahələr üzrə iqtisadi təsərrüfat subyektlərinə yardımlar sənəddə əksini tapıb. Bu gün paket üzrə işlər hələ də davam edir. Bu gün hansısa əlavə paketə ehtiyac görmürük. İqtisadiyyata böyük həcmdə dəstək verilir. Dövlət büdcəsi çərçivəsində investisiya proqramı da öz planında davam etdirilir. Ölkə iqtisadiyyatına bu investisiyalar qoyulur”.