Bu il 15 uşaq övladlığa götürülüb

Xəbərlər

19.10.2020 - 14:57

Uşaqlardan 14-ü evli cütlüklər, 1-i tək ana tərəfindən övladlığa götürülüb

 

Bu ilin yanvar-sentyabr aylarında ölkəmizdə 15 uşaq (14-ü Azərbaycan vətəndaşı, 1-i əcnəbi tərəfindən) övladlığa götürülüb. Onlardan 5-i qız, 10-u oğlandır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AYNA-ya bildirilib ki, övladlığa götürülmüş uşaqların 6-sı 3 yaşa qədər, 4-ü 4-6 yaş, 4-ü 7-11 yaş, 1-i 12-18 yaş aralığındadır. Uşaqlardan 14-ü evli cütlüklər, 1-i tək ana tərəfindən övladlığa götürülüb.

 

Övladlığagötürmə üzrə idarəetmə ötən il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Qeyd olunan sahədə yeni idarəetmə modelinin əsas prinsiplərindən biri - uşaqların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasına güclü nəzarətin həyata keçirilməsidir. Övladlığa götürülən uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyətinin öyrənilməsi üçün monitorinqlər aparılır.

 

Bu ilin 9 ayında da ötən dövrdə övladlığa götürülmüş 90 uşağın əyani, habelə pandemiya dövründə 1444 uşağın distant formada monitorinqi aparılıb.

Müəllif: Ayna.az