Bu duanı cibinizdə gəzdirin, amma dəyənəyi də əldən buraxmayın...

Cəmiyyət

07.12.2021 - 23:03

Sahibsiz itlərin hali olmadığı mətləb və ya hər kəsə bir dəyənək?

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da...

(Nizami Gəncəvi)

İnsan yaradılışın zirvəsi, Allahın şah əsəridir. Əlbəttə ki, bu – sırf nəzəri, daha çox potensiala hesablanmış postulat və iddiadır. İnsan yaradılışın zirvəsi olaraq xəlq edilsə də, bunu həyatının hər anı, hər davranışı ilə isbatlamalı və əzəldən çiyinlərinə qoyulmuş mənəvi yükü daşımağa layiq olduğunu sübut etməlidir.

Təəssüf ki, bəşər övladının Adəmdən ta günümüzə qədər qət etdiyi yol tam yəqinliklə söyləməyə əsas verir: bu dünya pəncərəsindən boylanıb keçən insanların mütləq əksəriyyəti onlar üçün nəzərdə tutulan zirvəyə yüksələ bilməmiş, əksinə, tənəzzülə uğrayaraq heyvanlardan da aşağı pillələrə yuvarlanmışlar. Belələri haqqında “Quran”da da xatırlatmaya rast gəlinir: “Onlar heyvan kimidirlər, hətta daha da azğın bir yoldadırlar” (“Furqan”surəsi, 25 ayə).

Amma romantizm, poeziya və ifrat altruizmi bir kənara qoyaraq, bütün ictimai formasiyalar və dövrlər üçün təkzibolunmaz bir düsturu qəbul etmək məcburiyyətindəyik: mənəviyyatından və ruh durumundan asılı olmayaraq, istənilən insanın həyatı, təhlükəsizliyi və sağlamlığı heyvanın həyatı, təhlükəsizliyi və sağlamlığından daha üstün, daha önəmli və daha vacibdir. Və məhz bu tezisi rəhbər tutaraq toxunmaq istədiyimiz məsələyə keçid alaq...

“Kürdəmirdə sahibsiz itlər yerli sakinə hücum edərək qulağını qoparıb”, “İtlərin hücumuna məruz qalan İsmayıllı sakini xəsarət alıb”. Bu, eyni gündə, bir neçə saat fərqi ilə saytlarda yer alan xəbər başlıqlarıdır. Araşdırma aparmaq niyyətinə düşsək, daha əvvəlki tarixlərdə də buna bənzər acınacaqlı halların baş verdiyinin şahidi olarıq.

Amma son illərin bu qəbildən olan, bəlkə də, ən yaddaqalan hadisəsi 2019-cu ildə meydana gəlmişdi. O zaman paytaxtın  Binəqədi rayonunun Sulutəpə qəsəbəsində, 4 yaşlı Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalmışdı. İt azyaşlının yanaq nahiyəsini  parçalamışdı. Yalnız xoşbəxtlikdən uşağın həyatını xilas etmək mümkün olmuşdu.

Və belə hallar “N” qədərdir. Onların ümumi cəhəti isə ondan ibarətdir ki, bütün hallarda hər hansı dövlət qurumunun baş verənlərlə əlaqədar tədbir görməsinə rast gəlinmir. Vətəndaş heyvanın hücumuna məruz qalır, müəyyən dərəcədə (bəzən hətta çox ağır) xəsarət alır, ambulator və ya stasionar müalicəyə cəlb olunur və... Vəssalam! Növbəti belə bədbəxt hadisəyə qədər ara sakitləşir.

Halbuki vəziyyət, bəlkə də bir çoxlarının düşündüyündən də ciddidir. İş o yerə çatıb ki, artıq bəzən paytaxtın mərkəzində də dəstə-dəstə ora-bura qaçan sahibsiz itləri müşahidə etmək mümkündür. Bəs o zaman Bakıətrafı rayonlar, Abşerondakı yaşayış məntəqələri haqqında nə deyək? Gündüzlər müxtəlif gizlin yerlərdə olan heyvanlar qaranlıq çökdükdən sonra Abşeron kəndlərində özlərini sanki vəhşi təbiətin qoynunda hiss edir.

Nəzərə alsaq ki, sözügedən ərazilərin böyük əksəriyyəti işıqlandırılmır, o zaman sakinlərin hansı təhlükələrlə üz-üzə qaldıqlarını təsəvvür etmək olar. Amma nə fayda? Məsələyə cavabdeh tapmaq olmur ki, olmur. Nə MTK, nə MKİS, nə bələdiyyə, nə icra hakimiyyəti orqanları məsuliyyəti üzərlərinə götürmək istəyir. Bir sözlə, əhali problemlə üz-üzə buraxılıb. Necə deyərlər, “sizin problemləriniz – ancaq sizin problemlərinizdir”.

Əlbəttə ki, heç kim təklif etmir ki, sahibsiz itlər qəddarcasına məhv edilsin. Onlar da bu dünyaya gəlibsə, hər halda onların da yaşamaq haqqı var. Və mütləq məqbul bir çıxış yolu tapılmalıdır. Amma yersiz və ifrat, bəzən isə sadəcə auditoriyaya hesablanan rəhmdilliyi kənara qoyaraq, sadə Azərbaycan vətəndaşlarının əmniyyəti haqqında ciddi düşünüb-daşınmaq gərəkdir. Çünki sahibsiz itlərin növbəti qurbanı hər birimizin əzizi, lap elə özümüz ola bilərik...

P.S. Bir nəfər Molla Nəsrəddinin yanına gəlib deyir ki, “ay molla, küçəmizdə iri bir sahibsiz it var, hər dəfə evdən çıxanda qorxuram, bəzən hürür, hücum edir. Mənə bir dua yaz ki, xətər toxunmasın”. Molla bir kağız parçasına ərəb dilində nəsə yazıb müsafirə verir. O dönüb gedəndə isə ona səslənir: “Əzizim, bu duanı, əlbəttə ki, cibində gəzdir. Amma hər ehtimala qarşı, evdən çıxanda özünlə bir dəyənək də götür. Çünki inanmıram ki, it ərəb dilini bilsin”... İşlər belə davam etsə və müvafiq dövlət strukturlarından eyni laqeydlik nümayiş etdirilsə, yenə də ifrat rəhmdilliyə və humanizmə yer verilsə, böyük ehtimalla, yaxın gələcəkdə hər birimiz evdən çıxanda dəyənəyə sarılmaq məcburiyyətində qalacağıq. Çünki burdakı itlər də nə ərəb dilini bilir, nə də insanın yaradılış baxımından onlardan üstün olmasını...    

Müəllif: Polad Xudayarlı