“Böyük şahmat taxtası”: kiçiklər üzərindən alver, yoxsa...

Dünya

03.09.2021 - 20:25

Deputat: “ABŞ ehtiyatı əldən verməyəcək, Rusiya ilə açıq qarşıdurmaya getməyəcək”

 

Ekspert: “Ağ Ev Ukraynanı yox, öz maraqlarını düşünür, bu dəfə də belə olacaq”

 

Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona işgüzar səfər edib. Co Baydenlə görüşən Zelenski və xanımının amerikalı həmkarının dəvəti ilə ABŞ-a yollandığı bildirilir.

 

Səfər zamanı Bayden-Zelenski görüşü baş tutub. Ağ Evdə keçirilən görüşdə ABŞ dövlət başçısı Rusiyanın aqressiv davranışı qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb.

 

Görüşdən öncə Bayden jurnalistlərin qarşısına çıxıb. O, Ukraynanın müstəqilliyinin 30-cu ildönümünü qeyd edərkən ABŞ-la münasibətlərin önəmli bir nöqtədə olduğunu bəyan edib.

 

Həmçinin, Bayden Zelenski ilə Ukraynanın Avropaya daha sıx inteqrasiya olunması üçün demokratik islahatları davam etməsini və 60 milyon dollarlıq təhlükəsizlik paketini müzakirə edəcəklərini bildirib. Prezidentlərin görüşü iki saatdan artıq davam edib.

Ad günü ildə bir dəfə olur, onlara quru “sağ ol” deyim?” — Aydın Mirzəzadə

Milli Məclisin deputatı Aydın Mirzəzadə AYNA-ya açıqlamasında xatırladıb ki, Vaşinqton səfərindən əvvəl Zelenskinin təşəbbüsü ilə Krım Plafforması sammiti keçirilib: “Tədbir ABŞ-ın birbaşa dəstəyi və hətta deyərdim himayəsi altında reallaşdı. Energetika naziri səviyyəsində ABŞ sammitdə iştirak etdi. Ardınca Zelenskinin ən yüksək rəsmi səviyyədə Vaşinqtona dəvət edilməsi göstərir ki, Ağ Ev Ukraynaya siyasi dətək verir. Lakin bu, iqtisadi və hərbi dəstəyə çeviləcəkmi – indidən hər hansı mülahizə yürütmək çətindir”.

 

Deputatın sözlərinə görə, Əfqanıstanda baş verənlər göstərdi ki, digər ölkələrin daxili işlərinə müdaxilə cəhdləri yolverilməzdir: “ABŞ uzun müddət Əfqanıstanda qaldı. Lakin bu ölkəni tərk edəndən sonra “Taliban” yenidən iqtidara gəldi. Bununla da adıçəkilən ölkədə daxili qarşıdurmalar artdı. Azərbaycanın həm ABŞ, həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yüksək səviyyədədir. Bu baxımdan Krım məsələsinin dinc və dialoq yolu ilə həll edilməsində maraqlıyıq. Diolomatik müstəvidən kənar addımlar heç bir region dövləti üçün arzuolunan deyil. Biz təcrübədə bunu dəfələrlə görmüşük”.

 

Mirzəzadə hesab edir ki, ABŞ Ukrayna məsələsinə münasibətdə ehtiyatı əldən verməyəcək: “ABŞ-ın Ukraynanı silahlandıracağı da inandırıcı deyil. Düzdür, bu barədə qəti söz demək mümkün deyil. Lakin ABŞ-ın Rusiya ilə açıq münaqişəyə gedəcəyi ehtimalı azdır. Yəqin ki, sanskiyalar məsələsi gündəmə gətirilə bilər”.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

Respublikaçı Alternativ Partiyasının (ReAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli də AYNA-ya şərhində bildirib ki, ABŞ-ın Ukraynaya ciddi dəstəyindən söhbət gedə bilməz: “Rəsmi Kiyev gözləyir ki, ABŞ “Şimal Axını 2” qaz boru xəttinin fəaliyyətinə əngəl olsun. Zelenski bunu açıq şəkildə dilə gətirir və Qərbdən bununla bağlı ciddi gözləntilərinin olduğunu deyir. Bu isə praktik olaraq mümkün deyil. Əvvəla ona görə ki, bu layihədə əsas tərəflərdən biri Almaniyadır. Və onlar heç bir halda imkan verməzlər ki, “Şimal Axını 2” qaz boru xəttinin fəaliyyəti dayandırısın. Bu kəmərə görə, Ukrayna ildə təxminən 3 milyard dollar itirir. Mümkündür ki, ABŞ bu ziyanın bir hissəsini kompensasiya olaraq Ukraynaya ödəsin”.

 

Cəfərlinin fikrincə, Ukraynanın NATO-ya üzvlüyü məsələsinin də yaxın müddətdə baş verəcəyi inandırıcı deyil: “Ukraynanin daha bir tələbi qısa müddətdə NATO-ya üzvlüklə bağlıdır. Rusiya isə bu məsələdə israr edir, postsovet məkanında hər hansı dövlətin Şimali Atlantika Alyansında təmsilçiliyinə imkan vermək istəmir. Ukrayna da başa düşür ki, bu quruma üzv olarsa, Kremllə bütün bağlarını qıracaq”.

 

“Görünən odur ki, ABŞ və Qərb bu məsələdə tələsmir. Ukrayna amilindən hələ uzun müddət Moskvaya qarşı istifadə etməyə çalışır. Bayden-Zelenski görüşündə bununla bağlı hər hansı razılaşmanın olduğunu da güman etmirəm”, - deyə həmsöhbətimiz vurğulayıb.

 

ReAL təmsilçisi sonda qeyd edib ki, Zelenskinin Vaşinqton səfəri ABŞ-ın Ukraynaya siyasi dəstəyinin davamı olacaq: “ABŞ-ın, o cümlədən Qərbin Ukraynanı silahlandıracağı ehtimalı azdır. Bu səfər daha çox siyasi dəstəyi özündə ehtiva edəcək. Rusiyaya qarşı müəyyən sanksiyalar məsələsi də gündəmə gətirilə bilər. Lakin bu səfərdən ciddi gözləntilər yoxdur. ABŞ Əfqanıstanda olduğu kimi, Ukraynada da sona qədər müttəfiqlərini müdafə etməyəcək. Öz maraqları isə bu dəfə də ön planda olacaq”.

Müəllif: Azər Niftiyev