Böyük müharibəyə doğru

Dünya

20.07.2022 - 22:13

ABŞ üçüncü tərəfləri öz yanında mümkün müharibəyə hazırlayır

Bəşəriyyətin hər yeni kəşfi və onun tapdığı, inkişaf etdirdiyi hər bir texnoloji yenilik öz sonunu (qiyamətini) öz əlləri ilə hazırlamaqdan başqa bir şey demək deyil. 20-ci əsrdə iki böyük müharibədən ağır xərclərlə sağ çıxan köhnə dünyamız 21-ci əsrlə yeni böyük (total) müharibənin astanasına gəldi.

Bunun əlamətlərini görən ölkələr (Çin, Hindistan, Rusiya və s.) ərzaq ehtiyatı yığaraq tədbir görməyə çalışır. Amma nə dərəcədə?

Üçüncü böyük müharibə ABŞ və onun tərəfdarları ilə Çin və tərəfdarları arasında olacaq. Buna görə də ABŞ Avropa İttifaqı (Aİ) ölkələrini və bəzi Sakit Okean ölkələrini (Yaponiya, Cənubi Koreya, Avstraliya və s.) onlarla mümkün müharibədə yanında yer almağa hazırlayır.

ABŞ əvvəlcə Çinin ən güclü müttəfiqi ola biləcək Rusiyanı zəiflətmək üçün onu Ukraynaya soxdu. Hazırda Rusiya-Ukrayna müharibəsinin heç vaxt bitməməsini istəyir: həm öz silah zavodlarına gün doğsun, həm də Rusiya günü-gündən gücdən, qüvvətdən düşsün. Və Ukrayna Rusiya üçün yeni Əfqanıstan olsun.

Bildiyiniz kimi, İkinci Dünya müharibəsinin günahkar və məğlub ölkələri olan Almaniya və Yaponiya öz silahlı qüvvələrini yarada bilməz. ABŞ bu iki ölkəni öz nəzarəti altında silahlandırmaq və mümkün müharibədə onların yanında olmalarını təmin etmək istəyir.

Almaniya və Yaponiya illərdir müdafiəyə vəsait xərcləmir. Ona görə də dünyanın ən varlı və inkişaf etmiş ölkələri oldular. Onlar da əldə etdikləri bu üstünlükdən istifadə edərək müstəqillik üçün zəruri olan silahlı qüvvələr yaratmaq istəyirlər.

Bu vəziyyəti qaçılmaz görən ABŞ əvvəlki Türkiyədə olduğu kimi, bu iki dövləti də öz nəzarətində və rəhbərliyi altında silahlandırmaq və beləliklə də onlardan öz forpostu kimi istifadə etmək istəyir.

O da məlumdur ki, ABŞ öz forpostlarından rıçaq kimi istifadə etmək niyyətindədir. Yəni onun əsas məqsədi çayın daşı ilə çay quşunu vurmaqdır.

Ukrayna və Rusiyanı tələyə salıb bir-biri ilə döyüşdürdüyü kimi, forpost kimi gördüyü digər ölkələri də bir-birinə qırdırmaq və kənardan seyr edib əllərini ovuşdurmaq Vaşinqtonun əməli və arzusudur.

İstəyir ki, onun üçün təhlükəli olan ölkələr bir-biri ilə vuruşsun, yorulsun. Və özü meydana çıxanda rəqiblərinin qolları, qanadları qırılmış olsun.

İkinci Dünya müharibəsinin sonunda eyni oyunu oynadı: döyüşən tərəflər yorulub tükənəndə ABŞ ortaya çıxaraq dividendlərini toplamağa başladı.

Ehtimal olunan Üçüncü Dünya müharibəsində nüvə silahları işə düşəcəyi üçün belə bir müharibədə qalib olmayacaq. Çünki ortada salamat bir tikə qalmayacaq ki, kimsə ona sahiblənsin.

Deyildiyi kimi: kim nə edərsə, özünə edər. Nə deyək, Allah ağıl versin…

Müəllif: Fuat Bol

Mənbə: "hurriyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli