Böyük bazarlıq: “Xameneyini qara siyahıdan çıxara bilərik, bir şərtlə ki...”

Dünya

02.07.2021 - 14:15

Ya da böyük anlaşmanın kiçik maneələri: Tehran incik, Vaşinqton simasını qorumağa çalışır

 

İranın Ali dini lideri Ayətullah Əli Xameneyi nüvə anlaşması çərçivəsində ABŞ sanksiyalarından azad ola bilər. Bu seçim İran tərəfinə Vyanadakı danışıqlarda təklif edilib. Amerika rəsmilərinə görə, 2019-cu ildə Ali Rəhbərə qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlər simvolik xarakter daşıyırdı və İran siyasətini dəyişdirmədi.

 

“Lakin Tehrana edilən bu güzəştin bir qiyməti var: mümkündür ki, İslam Respublikasının ali rəhbərliyinə təzyiqdən imtina etmək, əvvəlcə Vaşinqton ilə Tehran arasında danışıqları bərpa etmək fikrini bəyənməyənlərin narazılığını artıra bilər”, - deyə “Nezavisimaya Qazeta” yazır.

 

Xameneyinin sanksiyalardan qurtula biləcəyini Ağ Ev rəhbəri Cozef Baydenin yaxın olan NBC telekanalının mənbələri bildirib. Onlara görə, Vyanada Nüvə Sazişinin - Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası ilə bağlı danışıqlarda artıq müvafiq məsələ qaldırılıb.

 

NBC-nin qeyd etdiyi kimi, Xameneyinin “qara siyahı”lardan çıxarılması Amerika tərəfinin iranlılara təklif etdiyi ümumi razılaşma paketinin bir hissəsidir. Vaşinqton məhdudiyyətlərin İslam Respublikasının “davranışları”na ciddi bir təsir göstərmədiyini etiraf edir. Bundan əlavə, iranlı müzakirəçilər dövlətin birinci şəxsinə qarşı tətbiq olunan sanksiyaların təhqiramiz olduğuna diqqət çəkirlər.

 

Eyni zamanda, İran mətbuatı İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaeziyə istinad edərək, Bayden rəhbərliyinin İslam Respublikası yüksək rəhbərliyinin bir sıra nümayəndələrinə qarşı sanksiyaların ləğv edilməsinə qəti razılığını bildirdiyinə dair məlumat yaydı.

 

Maraqlıdır, Ayətullaha qarşı sanksiyaların ləğvi danışıqlarda irəliləməni necə təmin edə bilər? Bu vəziyyət BHFP-nin bərpası üçün həlledici ola bilərmi? Yəni bu, hər şeyin mümkün olduğu dönüş nöqtəsi ola bilərmi, yoxsa iranlılar və amerikalılar hələ Xameneyi məsələsi müsbət həll olunsa belə, prosesi ləngidə biləcək bir çox qarşılıqlı iddiaya sahibdirlər?

 

AYNA-nın suallarını İran üzrə tanınmış mütəxəssislər cavablandırıblar.

 

Rusiya Elmlər Akademiyasının Post-Sovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin:

Stanislav Pritçin: “Ölkələrimiz üçün ciddi iqtisadi fəsadlar yarana bilər”

“Buradakı vəziyyət kifayət qədər mürəkkəbdir. Bir tərəfdən ölkə rəhbərinə qarşı şəxsi sanksiyaların ləğvi ciddi bir addımdır, çünki istənilən beynəlxalq münasibətlər baxımından belə bir vəziyyət kontr-produktivdir. Dövlətin rəhbərinə qarşı sanksiyalar tətbiq edirsinizsə, bu yolla öz qanunvericiliyiniz baxımından özünüzü ünsiyyət, danışıqlar aparmaq, qanuni hərəkət etmək imkanlarından məhrum edirsiniz.

 

Bu, o deməkdir ki, belə vəziyyət, prinsipcə nə danışıqlar aparan Amerika maraqlarına, nə də nüvə sazişinin bərpası çərçivəsində qarşıya qoyulan hədəflərə çatmağa cavab verən absurd bir qərardır. Buna görə də, bu baxımdan mənə elə gəlir ki, amerikalılar indi BHFP ilə əlaqəli yeni bir xətt axtarırlar.

 

Digər tərəfdən, Bayden rəhbərliyi nüvə sazişini imzalayan Obama dövründə başlayan işləri müəyyən dərəcədə davam etdirir. Ardıcıllıq xətti var və hazırkı rəhbərlik bu razılaşmaya Tramp qədər məsuliyyətsiz yanaşa bilməz.

 

Onu da qeyd edim ki, amerikalıların özlərinin siyasi elm və məlumat baxımından yaratdığı vəziyyət - nüvə sazişinin mənfəətli olmadığı, ABŞ-ın maraqlarına cavab vermədiyi və İrana nüvə proqramını inkişaf etmək imkanı verməsi - amerikalıların özlərinə manevr üçün çox məhdud məkan yaranmasına gətirib çıxardı. Çünki sadəcə tələblərinizdən imtina edərək, razılaşmaya qayıtmaq simanı itirmək və səhv etdiyinizi etiraf etmək deməkdir - bu, prinsipcə Amerika diplomatiyasına xas deyil.

 

İranlılardan təsdiq edilmiş və qüvvəyə minmiş BHFP-yə yeni şərtlər əlavə edilməsini tələb etmək də beynəlxalq hüquq baxımından tamamilə məntiqli deyil, çünki bir sənəd var, onu tərk edirsiniz, sonra qayıdıb deyirsiniz ki, gəlin buraya əlavə bəndlər salaq. İranın yeni Prezidenti nüvə sazişini imzaladığına görə Ruhanini tənqid edən və seçki kampaniyası dövründə ondan fəal şəkildə istifadə edən mühafizəkar dairələrin nümayəndəsi olduğu şəraitdə, bu, əlbəttə ki, Tehran üçün qəbuledilməzdir. Təbii ki, bu kimi reallıqlar nəzərə alınmaqla, İrandan Amerika şərtlərinə razılıq verməyə hazır olmağı gözləməyə dəyməz.

 

Bu səbəbdən Xameneyiyə qarşı sanksiyaların ləğvi amerikalıların danışıqlara hazır olduqlarını göstərən bir addımdır, lakin yenə də ilk olaraq, İrandan qarşılıqlı addımlar gözləyirlər. İndi burada çox şey yeni İran rəhbərliyinin mövqeyindən, nüvə sazişinə münasibətini necə quracağından və amerikalıların simasını qurtarmaq üçün əlavə tələblərin daxil edilməsinə razı olub-olmayacağından asılı olacaq. Yaşayarıq, görərik”.

 

Ukraynalı politoloq, Orta Şərq Araşdırmaları Mərkəzinin İcraçı direktoru İqor Semivolos:

Предложения Ирана по Карабаху пока мало напоминают план» - Игорь Семиволос  - ZERKALO.AZ - Новости Азербайджана и мира.

“Nüvə problemi Xameneyinin üzərindən şəxsi sanksiyalar qaldırılaraq həll olunsaydı, Amerika administrasiyası üçün böyük bir şad xəbər olardı. Bu addım, tərəflər arasında razılığa gəlmək üçün vacib, lakin yetərli olmayan bir addımdır. İranın Ali dini liderin İranın xarici siyasətinin məhdudlaşdırılması üçün əlavə tələblərin verilməməsi şərti ilə nüvə anlaşmasına qayıtmaq fikrini şəxsən dəstəklədiyi heç kimə sirr deyil.

 

Xüsusilə İranın yeni seçilmiş Prezidenti, XAmeneyinin sadiq davamçısı İbrahim Rəisi bu barədə danışıb. Amerikalılar üçün bu, kifayətdirmi? Görünür, müttəfiqlərinin Yaxın Şərqdəki maraqlarını nəzərə alacaq hərtərəfli bir razılaşmaya ümid bəsləyirlər. Hələlik bu istiqamətdə irəliləyiş çox cüzidir - nə raket proqramı, nə də İranın bölgədəki genişlənməsi müzakirə mövzusudur”.

Müəllif: Rauf Orucov