"Politico”: Estoniyanın Baş naziri Borrelin mümkün davamçılarından biridir
Estoniyanın Baş naziri Kaya Kallas Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrellin postuna ən çox ehtimal olunan namizədlərdən biridir. AYNA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Danışıqlardan birbaşa xəbəri olan üç fransız rəsmisi bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun ofisi Kallası Borrelin varisi kimi nəzərdən keçirir. O, ölkəsinin hüdudlarından kənarda nüfuzu olan güclü siyasətçidir”, - deyə agentlik yazıb.
Materialda həmçinin Avropa diplomatiyasının rəhbəri vəzifəsinə aşağıdakı siyasətçilərin də adı qeyd olunur: Belçikanın Baş naziri Aleksandr De Kros, Belçikanın keçmiş xarici işlər naziri Sofi Vilmes, Lüksemburq Baş nazirinin müavini Ksavyer Bettel və İrlandiyanın keçmiş Baş naziri Mişel Martin.
Bundan əlavə, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin mümkün namizədliyi bildirilir. O, Aİ-nin ilk müdafiə komissarı olmaq üçün favoritdir, lakin “başqa vəzifələrə açıq hesab olunur”.