“Bölgələrə səfərlərə çıxacaq və hündürboy uşaqları seçəcəyik”

İdman

13.02.2022 - 22:20

Baş məşqçi: “Uşaq basketbola getdiyi üçün boyunun 2 metr olacağını düşünmək yanlışdır”

Basketbol deyəndə ilk ağıla ABŞ gəlir. Çılğın oyunçular və hay-küylə yarışları izləyən azarkeşlər. Bizdə bu cür yarışlar keçirilməsə də, basketbol idman növü ilə məşğul olan kifayət qədər peşəkar idmançılarımız var.

AYNA-nın müsahibi Təhsil Respublika İdman Mərkəzində yeniyetmə basketbolçulardan ibarət komandanın baş məşqçisi, eyni zamanda NTD klubunun məşqçisi Tahir Baxşıyevdir.

- Bu gün bütün idman növlərinin rəhbər vəzifələrində dəyişikliklər aparılır. Uzun illər sabit qalan strukturlar dəyişdirilir. Bu prosesə münasibətiniz necədir?

- Dəyişikliklərə müsbət baxıram. Biz hamımız əl-ələ verib idmanın Azərbaycanda inkişafı üçün çalışmalıyıq.

- Basketbol Federasiyasında da yaxın günlərdə prezident seçkiləri keçirildi. Təhsil naziri Emin Əmrullayev federasiya prezidenti oldu. Federasiyada hansı dəyişikliklərin olacağını gözləyirsiniz?

- Fikrimcə, müsbət tərəfdən dəyişikliklər olacaq. Yeni rəhbərlik də məhz basketbol idman növünün Azərbaycanda daha da inkişaf etməsi üçün gəlib. Biz də əlimizdən gələni edəcəyik ki, basketbol idman növü daha da populyarlaşsın, ölkəmizi daha yaxşı xarici yarışlarda təmsil edək.

- Basketbolda boyun hündür olması önəmlidir. Bu gün uşaqlarda sanki cılızlaşma gedir. Çox valideyn uşaqların boylarının qısa olmasından narahatdır. Belə olan halda idmançı probleminiz olmur?

- Azərbaycanda kifayət qədər hündürboy uşaqlar var. Sadəcə vaxtında belə uşaqları tapıb basketbola cəlb etmək lazımdır ki, sonra gec olmasın. Həm Bakıda, həm də regionlarda istedadlı və hündürboy uşaqlar var. Bu gün bizim təlim-toplanışlarımıza qatılan 15-16 yaşlı idmançılarımızın boyu 2 metrə yaxındır. Sadəcə vaxtında axtarıb tapmalıyıq ki, sonra gec olmasın.

- "Üzgüçülük və basketbol əsas boy artıran idman növləridir" düşüncəsi var. Bu, doğrudur?

- Hansısa idman növü boy artırmır. Bir neçə santımetr artım ola bilər. Amma məhz “basketbola gedir deyə uşağın boyu 2 metr olacaq” kimi bir həqiqət yoxdur. Əsas genetikadır və uşaq vaxtlarından düzgün qidalanmadır.

- Regionda böyüyən uşaqlar daha cəld, təbiətdə böyüdükləri üçün daha sürətli və çevik olurlar. Belə uşaqların axtarışında olursuz? Yoxsa zala özləri gəlməlidir?

- Heç də şəhər uşaqları bölgələrimizdə böyüyən uşaqlardan geri qalmırlar. Basketbol idmanı şahmatdan sonra ağıllı idman növüdür. Bu idman növündə boy, sürət ilə yanaşı doğru taktika quran idmançılar həm özlərinə, həm də komandasına qələbə qazandıra bilir. Biz region və şəhər uşaqlarını ayırmırıq. Kim güclüdür və boyu hündürdüsə, o da komandaya cəlb olunur. Ən əsası isə uşağın istəyi, məqsədi olmalıdır. Əks halda o idmançı uğur qazana bilməz. Biz məktəblərdə tez-tez yarışlar keçiririk. Bu zaman uşaqların boylarına baxırıq və seçim edirik. Bakıda da, regionlarda da yarışlar təşkil edirik. Sadəcə Bakıda basketbol idman növü daha populyar olduğundan paytaxtda idmançı sayı daha çoxdur. Biz artıq yeni proqram üzrə regionları gəzib məktəblərdən basketbol idman növünə tələbələr cəlb edəcəyik.

- Elə bir idman növü var ki, o idmandan basketbola keçən şəxs hündürboy da olsa, oynaya bilməsin?

- Əlbəttə, hər birimiz basketbola başqa idman növündən gəlmişik. Mən özüm boks, həndbol, üzgüçülük, şahmat və futbol kimi idman növləri ilə məşğul olmuşam. Özüm də sonra basketbol idmanını seçdim. Amma 10--11 yaşından gec idmana başlaya bilməzsiniz. 13-14 yaşından gələndə artıq çox çətin olur. Məhz buna görə maksimum tez idmana başlamaq lazımdır. İdmançının vaxtında basketbola gəlməsi lazımdır. Digər idman növünün fərqi yoxdur, əsas gecikməsin.

- Basketbol idman növü haqqında çox az məlumat paylaşılır. Milli komanda üzvlərini çox az adam tanıyır. Buna səbəb nədir?

- KİV-də basketbol haqqında məlumatların az verilməsi bu idman növü haqqında az şəxsin xəbərinin olmasına görədir. Düşünürəm ki, Azərbaycan çempionatlarını TV-lərdə canlı göstərəndən sonra, saytlar bu idman növü haqqında daha çox yazandan sonra bizim idman növü ölkəmizdə daha da populyar olacaq.

Müəllif: Təranə Xudabaxşiyeva