Rusiya heyətinin Baş Assambleyanın iclasında iştirakının qarşısını almaq üçün beş ölkə səs versə, bu, kifayət edər
BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, həm Təhlükəsizlik Şurasında, həm də “Bretton Woods” sistemində islahatların vaxtı çatıb. Onun fikrincə islahat aparılmalıdır ki, bugünkü dünyanın reallıqlarına uyğun olsun. Amma məncə, buna sakit yanaşmaq və sensasiya yaratmamaq lazımdır. Çünki məsələ o deyil.
Fakt budur ki, birincisi, təşkilatın hazırkı strukturunda islahatlar aparıla bilməz. Biz ya, belə demək mümkünsə, bu məsələyə son qoymalı və bir daha ona qayıtmamalıyıq, ya da təşkilatın özünü bərpa etməliyik.
İkincisi, əslində belə bəyanatlar çoxdur, ona görə də mənası o qədər də yoxdur. Antonio Quterreş bu baxımdan orijinal nəsə demədi, buna bənzər bəyanatlar ondan əvvəl, yəqin ki, hətta qırx il əvvəl də verilmişdi. Real islahat BMT Baş katibinin islahatlar haqqında söylədiklərindən çətindir. Rusiya bunu çox gözəl anlayır, ona görə də özünü belə təkəbbürlü aparır.
Əsas sual budur: bəyanatlar vermək olar, amma əslində nə edilməlidir? Reallıqda BMT-nin artıq əldə etdiyi təcrübədən istifadə etməyə cəhd oluna bilər – məsələn, Rusiya nümayəndə heyətinə səlahiyyətlər verməməklə.
Rusiyanı BMT-dən çıxarmaq lazım deyil (axı qəbul olunanlar xaric edilir, amma Rusiya qəbul olunmayıb), sadəcə BMT orqanlarında işləməyə icazə verməmək olar. Nəzərə çatdırım ki, aparteid cinayətlərinə görə Cənubi Afrika Respublikasına BMT orqanlarının bütün sistemində işləməyə icazə verilməyib. Yəni söhbət təkcə Təhlükəsizlik Şurasından getmir.
Bunu necə etmək olar?! Hər Baş Assambleyanın iclasından əvvəl Etibarnamə Komitəsi toplanır. Doqquz ölkədən ibarət kiçik bir qurumdur və qərarları sadə səs çoxluğu ilə qəbul edir. Eyni zamanda, heç kimin veto hüququ yoxdur. Yəni ki, Rusiya nümayəndə heyətinin BMT Baş Assambleyasının iclasında iştirakının qarşısını almaq üçün beş ölkə səs versə, bu, kifayət edər. Ona görə də ümid etmək olar ki, bu məsələ ilə bağlı siyasi qərar qəbul olunarsa, Rusiya nümayəndə heyəti həm BMT Baş Assambleyasının, həm də BMT Təhlükəsizlik Şurasının növbəti sessiyasının işində iştirak etmək səlahiyyətinə malik ölkə kimi sadəcə olaraq tanınmayacaq.
İndiki mərhələdə biz BMT-nin hazırkı strukturuna görə hüquqi müstəvidə heç nəyi dəyişdirə bilməsək də, bu, bəlkə də Rusiyanın təşkilatın işində iştirakdan uzaqlaşdırılmasının yeganə yoludur. Və sonra nəticəni görəcəyik. Axı Rusiya əbədi deyil. Artıq bir neçə gündür ki, Belqorodda baş verənləri müşahidə etmək kifayətdir... Deməli, BMT-də Rusiyanın məsələsini həll etmək olar.
Müəllif: Vladimir Oqrızko - Diplomat, Rusiya Araşdırmaları Mərkəzinin rəhbəri, Ukraynanın keçmiş xarici işlər naziri.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.