Biz niyə karantin qaydalarına əməl etmirik – <font color=red> SORĞU</font>

Cəmiyyət

06.06.2020 - 23:01

“Mən qaydalara riayət edirəm, amma ətrafımdakılar mənə gülürlər”

 

Azərbaycanda COVID-19-a yoluxmaların yenidən artması səbəbindən karantin rejimi təkrar sərtləşdirildi. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxmaların artmasını vətəndaşların xüsusi qaydalara əməl etməməsi ilə əlaqələndirir. Və təbii olaraq sual yaranır: Biz niyə karantin qaydalarına riayət etmirik ya da edirikmi? AYNA bu sualı sosial şəbəkə istifadəçilərinə ünvanlayıb. Beləliklə:

 

Tural İsaqov: “Mən ilk gündən bütün qaydalara riayət edirəm. Bunu özüm üçün yox, sevdiklərim üçün edirəm. Hər kəsi də qaydalara riayət etməyə çağırıram. İnanmayan şəxslərə isə tövsiyə edirəm ki, gigiyenik qaydalara riayət edin. Təmizlikdən heç kim zərər görməyib”.

 

Elyar Həsənov: “Koronavirus məsələsində ehtiyatsız davranmaq məsuliyyətsizlikdir. Məsələn, nə məcburdur, əllə görüşmək? Yaxud, qapı tutacaqlarını salfetlə tutmaq olmazmı? İctimai görüşlərdə bir az aralı oturanda nə olar, axı?!”

 

Elmir Muradov: “İlk gündən qaydalara riayət edirəm. Daimi maskam və spirtim olur. Hər dəfə insanlarla ünsiyyətdən sonra mütləq spirtlənirəm. Biz, sadəcə bəzi insanların məsuliyyətsizliyinin əziyyətini çəkirik. Çünki hələ də çoxları bu xəstəliyə inanmır və ya inanmaq istəmirlər. Bu səbəbdən də həm dezinfeksiya qaydalarına, həm də digər qaydalara əməl etmirlər. Bu da xəstəliyin artması və ölüm hallarının çoxalmasına gətirib çıxarır”.

 

Şəfaqət Cavanşir: “Əməl edirəm. Sağlamlığımı qorxduğum üçün qorumuram, əksinə, qədrini bildiyim üçün qoruyuram. Şəxsən virusun varlığına inanıram. Heç bir ölkə öz iqtisadiyyatını virus yalanıyla zərbə altına qoymaz. Bizdə isə həmişə olduğu kimi inanmırlar, inananda isə gec olur. Məsələyə səhlənkar yanaşırıq. Amma hökumət insanların dolanışığı üçün tədbir də görməlidir”.

 

Arzu Umut: “Mən, ailəm və yaxın adamlarım qaydalara riayət edirik. Qonaq getmirik, qonaq qəbul etmirik. Maskadan ictimai yerlərdə istifadə edirik. Sosial məsafəni qoruyuruq”.

 

Arzu Murad: “Heç bir qaydaya riayət etmirəm”.

 

Səriyyə Musəvi: “Qanun var, qayda var, riayət edirəm. Fors etmək vaxtı deyil. Hər kəs maska taxsın, əzizlərini fikirləşsin”.

 

Ülviyyə Quliyeva: “Mən qaydalara riayət edirəm. Amma ətrafımdakılar mənə gülürlər. Çünki qanunu qoyanlar özləri qanunlara əməl etmirlər. Ona görə də insanlar inanmır və əməl etmirlər”.

 

Şaiq Çələbi: “Təhlükəsizlik kəmərini cərimə olunmamaq məqsədi ilə taxmaq kimi bir şeydir bu qanunlara əməl etmək”.

 

Samir Əliyev: “Mən inanmıram. Hər asqıran, öskürən şəxsi karantinə aparırlar. Sanki, say artırmaq üçün adam yığırlar”.

Müəllif: Təranə Xudabaxşiyeva