Bəxtiyar Hacıyev: “Prezidenti mənim həbsimə inandırmağa çalışırlar”

Cəmiyyət

11.06.2020 - 20:41

“Fazil Mustafa mənim agent olduğumu sübut edə bilməsə, atdığı böhtana görə cavab verməli olacaq”

 

Yasamalda iyunun 7-8-də baş verən insidentin ardınca deputat Fazil Mustafa ilə ictimai fəal Bəxtiyar Hacıyev arasında sərt polemika yaşandı və müzakirə təhqir müstəvisinə keçdi. Ötən gün F.Mustafa ilə müsahibəmizdə baş verənlərə aydınlıq gətirməyə çalışdıq. Bu dəfə isə AYNA-nın müsahibi B.Hacıyevdir.

 

- Polisin müdafiəçisi qismində Fazil Mustafa, sakinlərin hüquqlarının müdafiəçisi qismində isə Siz daha çox diqqət çəkdiniz. Eyni sualı deputata da vermişdim, indi Sizə ünvanlayıram: Niyə bu qədər diqqət çəkdiniz?

 

- Düşünmürəm ki, bu məsələdə mən digər insanlardan daha çox fərqləndim. Görüntüləri izləyən, hadisəyə yaxın olan hər bir insan polis zorakılığına qarşı etirazlarını ifadə elədi. Ola bilər ki, sosial şəbəkələrdə mənim izləyicilərim daha çox olduğu üçün tez nəzərə çarpır. Amma mən düşünürəm ki, bütün vicdanlı, dəyərli insanlar başa düşdülər ki, polisin binaya daxil olub insanları yarıçılpaq şəkildə evdən çıxarması, təhqir etməsi, fiziki zor tətbiq etməsi qınanılmalı idi və qınanıldı da. Sırf mənimlə Fazil Mustafa arasında olan qarşıdurmaya gəlincə, ola bilər ki, onlar öz səhvlərini ört-basdır etmək üçün “düşmən” axtarırlar və bunu mənim timsalımda gündəmə gətirmək istəyirlər.

 

- Niyə konkret Sizin timsalınızda?

 

- Ola bilər ki, ayrı-ayrı insanların mənə qarşı keçmişdən qalan narazılıqları var, ola bilər ki, məni qurban vermək daha asandır. Çünki mən sırf bu məsələdə yox, başqa məsələlərdə də hakimiyyəti tənqid etmişəm. Onlar da düşünürlər ki, bəlkə də ölkə rəhbərliyini, dövlət başçısını məni cəzalandırmağa inandırmaq daha rahat olacaq. Bu videoları da, etirazları da minlərlə insan paylaşıb. Yəni bu məsələdən xəbərdar olan milyonlarla insan sarsıntı keçirib. Ona görə də şəxsən Bəxtiyar Hacıyevi günahlandırmaq absurd məsələdir. Çünki Bəxtiyar Hacıyev polisə tapşırıq verməyib ki, “gedin həmin binada yaşayan sakinləri evlərindən çıxarın”, Bəxtiyar Hacıyev tapşırıq verməyib ki, “gedin vətəndaşı çılpaq evindən aparın”, Bəxtiyar Hacıyev tapşırıq verməyib ki, “vətəndaşları tutandan sonra işgəncə verin”. Yəni burada ən az məsuliyyəti olan insan bu hadisələri qınayan insandır. Məni hədəf göstərən və vətəndaşların haqlarını müdafiə edən çoxluğun əgər başında məni görürlərsə, mən bununla sadəcə fəxr edə bilərəm.

 

- Düşünürsünüz ki, Prezidenti Sizin cəzalandırılmağınıza razı salmaq istəyirlər?

 

- Bir neçə il ərzində dəfələrlə bunun şahidi olmuşam ki, müxtəlif şəxslər dövlət başçsının yanına gediblər ki, Bəxtiyar Hacıyevi həbs etmək lazımdır və hətta, bəzi məqamlarda mənim yazmadığım yazıları belə, mənim adımdan ona təqdim ediblər. Lakin araşdırmalar olub və görüblər ki, mənim yazmadığım yazılardır, yaxud yazdıqlarımda qəbahət yoxdur. Belə baxanda, Prezidentin “ictimai nəzarət güclənməlidir” və “gənclər mənim köməkçilərim olmalıdır” çağırışlarına ən çox dəstək verən adamam. Prezident “ictimai nəzarət olmalıdır” deyirsə, biz də ictimai nəzarət edirik. Yəni hadisə baş verir və biz də güzgü qoyuruq ki, harda, necə baş verib, baxın. Əgər, kimlərsə güzgünü sındırıb eybəcərlikləri davam etdirmək istəyəcəklərsə, buyurub etsinlər. Burada uduzan tərəf heç vaxt Bəxtiyar Hacıyev olmayacaq. Kimsə Prezidenti inandırıb Bəxtiyar Hacıyevı məsuliyyətə cəlb etdirmək istəyirsə, itirən mən olmayacam.

 

- Deyirsiniz, bir neçə ildir, dövlət başçısını həbsinizə dair inandırmağa çalışırlar. Amma bu bir neçə ildə isə hakimiyyətdəki siyasi komandanın bir neçə əsas siması vəzifədən uzaqlaşdırıldı…

 

- Uzaqlaşdırılanların, əslində uzaqlaşdırılma səbəblərindən biri də bu idi ki, onlar kimi bəyənmirdilərsə, dosye hazırlayıb Prezidentin masasına qoyurdular ki, “bu şəxsi həbs etməliyik”. Nəticədə, ən azından mənə qarşı bu addımı atmaq istəyən dövlət məmurları var idi, hamısı vəzifəsindən kənarlaşdırılıb.

“Bəsdi, vurma” - Yasamalda vətəndaşın saxlanılmasının         YENİ GÖRÜNTÜLƏRİ

- Qayıdaq əsas mövzumuza. Fazil Mustafa hesab edir ki, Bəxtiyar Hacıyev Azərbaycan dövlətinin düşmənidir. Bunu da belə əsaslandırır ki, Yasamal 2020=Xocalı 1992” tezisinin sahibi düşməndən başqası ola bilməz. Siz, həqiqətən Yasamal hadisələri ilə Xocalı faciəsini eyniləşdirirsiniz?

 

- Fazil Mustafa polisə zibil atılmasını belə əsaslandırmışdı ki, müharibə şəraitində olan ölkənin vətəndaşlarının polisə zibil atması güllə və bomba atmağa bərabərdir. Bu müqayisə ilə biz eyni şəkildə deyə bilərik ki, düşmən ölkənin əli silahlı seperatçıları müharibə şəraitində Azərbaycanın əliyalın vətəndaşlarına qəddarcasına hücum etmişdilərsə, eyni müqayisəni Yasamalda baş verənlərə də aid edirəm. Yəni, əgər müharibədirsə, Fazil Mustafa Azərbaycan polisinin Azərbaycanın əliyalın vətəndaşına bu şəkildə hücumunu nəyə bənzədir? Mən sonuncu dəfə bu zorakılığı - heç bir zərurət olmadığı halda, siravi bir vətəndaşın bu şəkildə təhqir olunmasını, zorakılığa məruz qalmasını Xocalı faciəsini əks etdirən görüntülərdə görmüşdüm.

 

- Amma ölkəmizdə polisin vətəndaşa qarşı zorakılıq etməsinə dair xeyli faktlar var. Məsələn, mitinqlərin, etiraz aksiyalarının dağıdılması…

 

- Adətən bir çox insanlar belə düşünürlər ki, mitinq siyasi prosesdir. Mitinqə çıxan başa düşür ki, onu polis zorakılığı gözləyə bilər. Amma bir də var ki, evlərində azyaşlı uşaqlarının gözü qabağında atalarının çılpaq aparılması, yaxud övladlarının gözləri qabağında qadının təhqir olunması - bunlar əvvəllər görmədiyimiz zorakılıq halları idi. Ki, artıq birbaşa vətəndaşın evlərinə girirlər. Halbuki, həmin vətəndaşlar heç bir siyasi prosesə qoşulmayıblar, heç bir partiyanın üzvləri deyillər, etiraz aksiyası keçirməyiblər, hansısa xuliqanlıq hərəkətlərinə yol verməyiblər. İkinci bir məsələ, Fazil Mustafa deyir ki, “Bəxtiyar Hacıyev Azərbaycanın düşmənidir”. Amma başa düşmür ki, biz uzun illər ermənilərlə Dağlıq Qarabağ münaqişəsinin gələcəyi ilə bağlı danışanda, ermənilər bizə deyirdilər, həmçinin beynəlxalq təşkilatlara, beynəlxalq qurumlara bu arqumentdən istifadə edirək müraciət edirdilər ki, “Azərbaycan hakimiyyəti Azərbaycan vətəndaşlarına sərt davranır, onların hüquqlarını qorumur. Buna görə də Ermənistanın Dağlıq Qarabağ icması Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilməz”. Təsəvvür edin ki, növbəti beynəlxalq konfransların birində bu kadrlar nümayiş olunur və Paşinyan beynəlxalq təşkilatlara bu sualı verir ki, “Xüsusi karantin rejimində, heç bir zərurət olmadığı halda, öz vətəndaşlarına bu şəkildə qəddar davranıb, onun evinə girib, bu qəddarlığı videolentə alın yayan Azərbaycan hakimiyyəti erməni icmasına hansı təhlükəsizliyi vəd edə bilər?” Yəni Fazil Mustafa bunu da düşünsün ki, biz əslində polis zorakılığına etiraz etməklə, həm də öz dövlətimizin beynəlxalq təşkilatlardakı mövqelərini möhkəmləndirmək istəyirik.

 

- Fazil Mustafa bizimlə söhbətində Sizin xarici xüsusi xidmət orqanlarına işlədiyinizi iddia etdi və dedi ki, “gün gələcək bunun üstü açılacaq, o zaman hamı mənə halal olsun deyəcək”. Bilmək olar, hansı ölkənin xüsusi xidmət orqanına işləyirsiniz?

 

- Fazil Mustafanın əlində belə bir informasiya varsa, onu təqdim eləsin Dövlət Təhükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə. Mən bütün formalarda yoxlanılmağa hazıram. Əgər, belə bir şey yoxdursa, Fazil Mustafa həmin böhtana görə cavab verməli olacaq.

Dövlət Təhlükəsizliyi Xidməti sosial şəbəkələrdə fəaliyyətə ...

- Nə kimi cavab?

 

- Təbii ki, biz buna görə məhkəməyə müraciət edəcəyik. Onun təhqir və böhtanları ilə başqa cür danışmaq olmaz. Fazil Mustafa özünü məlumatlı şəxs kimi göstərir, amma dünən məlum oldu ki, hətta, polisin operativ məlumatını da bir binanın komendantı verib və o komendant konkret şəxslərdən başqa da kimlərinsə adını salıb o siyahıya. Adi binadan operativ məlumat ala bilməyən dövlətin deputatı məni xarici kəşfiyyat orqanlarına işləməkdə ittiham edir.

 

- Məhkəmə demiş, millət vəkilinə sual verdim ki, “it sürüsü adlandırdıqlarınız Sizi məhkəməyə verərsə, arqumentiniz nə olar”… “Mən rahatlıqla sübut edə bilərəm ki, mövqeyim haqlıdır” cavabını verdi. Nəzərə alsaq ki, o ifadəni konkret Sizə qarşı işlədib, “it sürüsü”, yaxud “xaricə işləyən agent” ittihamlarına görə Fazil Mustafanı məhkəməyə verməyi düşünürsünüz?

 

- Birinci növbədə, hazırda Milli Məclisin spikerinə ünvanlayacağım məktub üzərində işlyirəm və orada biz çağırış edirik ki, millət vəkili vətəndaşlarla danışıq tərzinə görə, İntizam Komissiyasına çağırılsın və orada bu məsələlər araşdırılsın. Fazil Mustafa gözlərinin içinə qədər yalan deyir ki, o ifadəni şəxsən mənə ünvanlayıb. Onlarla vətəndaşa qarşı, hətta, ondan betər ifadələr işlədib. Fazil Mustafa, sadəcə bu prosesdə özünün ailədə aldığı tərbiyəni nümayiş etdirib. Mən o səviyyəyə düşüb onun dediyi ifadələrlə ona cavab verməyəcəm. Bu cavabın verilməsi üçün Milli Məclisin rəhbərliyinə müraciət edəcəm. Eyni zamanda, təbii ki, məhkəməyə də müraciət olunacaq.

 

- Onu “Facebook”da dostluqdan çıxardınız, amma sonrakı statuslarınızdan birində adını yenidən işarələdiniz. Barışmaq istəyirsiniz, yoxsa?

 

- Xeyr. Ümumiyyətlə, müxtəlif insanlarla qısamüddətli konfliktlər ola bilər, emosiyalar tarıma çəkilə bilər və kimlərsə səhv edə bilər. Amma bir insan ki, bu qədər böyük polis qəddarlığını müdafiə edir və bunu xüsusən də Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü olaraq edir… Həmçinin, polis zorakılığına qarşı çıxan insanları nalayiq ifadələrlə təhqir edir və onları “it sürüsü” adlandırır. Belə insanla barışmağa dəyməz. Cəmiyyət onsuz da ona qiymət verib. Onun məndən fərqi odur ki, millət vəkili statusu daşıyır. Amma biz bir çox yerlərdə gördük ki, rəsmi titul hər şeyi həll eləmir. Rəsmi olaraq millətin vəkili ola bilər, amma millətin ona verdiyi dəyər aşağı və özünə layiqdir. Eyni zamanda, mənə də verilən dəyəri görürəm. Yəni mənim Fazil Mustafa ilə barışmağa heç bir ehtiyacım yoxdur. Bəlkə də o, barışmaq istəyər, amma mən belə bir təşəbbüs göstərmək istəmirəm.

 

- O, təşəbbüs göstərsə, barışarsınız?

 

- Xeyr. Barışmaq deyəndə, biz küsməmişik. Mən, sadəcə belə aşağı mövqeli, aşağı səviyyəli, aşağı tərbiyəli bir insanla təmasda olmaq istəmirəm.

<img alt="Fazil Mustafa polisin başına zibil tökənləri dəstəkləyənləri " it="" ..."="" data-cke-saved-src="https://www.bizimyol.info/az/wp-content/uploads/2018/09/fazil_mustafa.jpg" src="https://www.bizimyol.info/az/wp-content/uploads/2018/09/fazil_mustafa.jpg">

- Münaqişədə olduğunuz şəxsin əsas əltutar yeri “mənim üçün dövlətin marağı hər şeydən üstündür” arqumentidir. Elə bizə müsahibəsində “hüquqmu, dövlət marağımı” sualına “belə vəziyyətdə ancaq dövlət marağı” cavabını verdi. Belə çıxır ki, Bəxtiyar Hacıyev üçün dövlət marağı arxa plandadır…?

 

- Kim deyir ki, dövlət maraqları qanun çərçivəsində təmin edilə bilməz? Kim deyir ki, dövlət maraqları ilə qanunun tələblərinə uymaq bir-birinə ziddir? Əksinə, qanunun tələblərinə uymaq, ədalətli məhkəmə sistemi qurmaq dövlət maraqlarına ən böyük xidmət olardı.

 

- Fazil Mustafa Yasamalda baş verənləri Gəncə hadisələri ilə müqayisə edir və düşünür ki, hadisələr cızığından çıxsaydı, bizi yenə də o cür təhlükə gözləyirdi. Bu iddiaya münasibətiniz?

 

- Gəncə hadisələrinin kökündə xüsusi qəddarlığı ilə seçilən icra başçsının vətəndaşlara zülmü dayanırdı və Fazil Mustafanın təbiri ilə desək, dövlətçilik maraqları nəzərə alınaraq, o, uzun müddət idi ki, öz vəzifəsində saxlanılmışdı. Amma günlərin birində kimsə ona qarşı sui-qəsd həyata keçirəndə, əhalinin böyük əksəriyyəti icra başçsını yox, heç kimin tanımadığı cinayətkarı müdafiə etməyə başladı. Bunun kökündə o dayanırdı ki, insanların uzun müddətlik kin-küdurəti ürəklərində yığılıb qalmışdı və bu kin-küdurəti kimsə ifadə eləmişdi. Yasamaldakı insidentdə də nə üçün Azərbaycan vətəndaşının Azərbaycan polisinə zibil atdığına baxmaq lazımdır. Polis bunun ətrafında baş sındırmalı idi ki, “bizə qarşı bu qədər nifrət hardandır?” Bunu düzəltmək əvəzinə, vətəndaşları sındırmağa çalışdılar və buna dövlətçilik maraqları, uzun müddətlik sabitlik üçün haqq qazandıranlar var. Üzr istəmək əvəzinə, geri addım atmamaq barədə düşündülər və nəticədə milyonlarla insanın yaddaşına Azərbaycan polisi vətəndaşın evinə girib onu çılpaq evindən aparan, döyən, uşaqlarını, xanımını telefona çəkən, vətəndaşa “dovşan” deyən obraz kimi qalacaq. Artıq sabah kiçik bir insidentdə vətəndaşlar bunun qisasını almağa çalışacaqlar. Sual yaranır: dövlətçilik marağı beləmir olur? Əgər dövlət üzr istəsə, kiçilməyəcək, əksinə, daha da böyüyəcək.

 

- Hansı səviyyədə üzr istənilməsini təklif edirsiz?

 

- Mən düşünürəm ki, Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri mətbuat konfransı keçirə, polisin qanun pozuntusuna yol verdiyini etiraf edə və buna qol qoyan polislərin işdən xaric olunduqlarını bəyan edə bilərdilər. Daha sonra da gedib bina sakinləri ilə görüşərdilər və bu da olardı onlara verilən dəyər.

 

- Mən ölkədə belə bir nümunə xatırlamıram...

 

- Çox təəssüf ki, yoxdur. Amma normal ölkələrdə belə davranılır. Vətəndaş nə istəyir? DİN rəhbərliyindən kimsə gəlsin desin ki, “sizi təhqir ediblər, biz də həmin əməkdaşları cəzalandırmışıq”.

 

- Polisin haqlı olduğunu düşünənlər isə bu fikirdədirlər ki, üzr istəmək zəiflik kimi qəbul edilə bilər, dövlətin dayaqları sarsılar və artıq-əskik hərəkət edənlər dövlətdən qorxmamağa başlayarlar.

 

- Uzun illərdir ki, dövlət eyni siyasəti həyata keçirir. Deməli, geri addım atmaqla bağlı qarşı tərəf, adətən deyir ki, “biz zəif görünə bilərdik və dövlət məcbur oldu bu addımı atmağa”. Mən bir misal gətirim. Mehman Hüseynov həbsdə olan vaxtı ona qarşı ikinci bir cinayət işi açmaq istəyirdilər. Bütün cəmiyyət Mehman Hüseynova dəstək ifadə etmək üçün səfərbər olmuşdu. Sonra dövlət başçısı mövqe qoydu ki, “biz onların barışmasını məsləhət görürük və hüquq mühafizə orqanlarına məsləhət görürəm ki, məsələni yenidə araşdırsınlar”. Nəticədə Mehman Hüseynova qarşı açılmış cinayət işi bağlandı və bununla insanların heç birinin yadında qalmadı ki, Mehman Hüseynov həbsdə olanda ona qarşı ikinci cinayət işi açılmışdı. Çünki cəmiyyətin hirsi soyudu. Bəs, dövlət uduzdumu buna görə? Əlbəttə ki, xeyr! Çünki dövlət dövlətliyini göstərdi ki, Mehmanla prinsipə gedib küçə səviyyəsində çəkişmə edə bilmərik. Mehmanı saxlaya bilərdilərmi? Bəli! Amma o zaman, 2019-cu ildə başlayan qəzəb soyumayacaqdı və bu günə qədər davam edəcəkdi.

- Yasamaldakı hadisələrin polislər tərəfindən lentə alınması, yayılması faktı xeyli təəccüb doğurdu. Fazil Mustafa hesab edir ki, polisin daxilindəki müəyyən bir qüvvə bunu qəsdən edib, təxribat törədib. Azərbaycan polisi güclü struktur sayılır. Sizcə, polis daxilində hansısa qüvvə öz rəhbərliyinə, yaxud ölkə rəhbərliyinə qarşı belə bir təxribata cəsarət edərmi?

 

- Böyük bir polis qüvvəsinin binanın həyətinə cəlb edilməsi, üstəlik bir neçə polis əməkdaşının videoçəkiliş aparması onu göstərir ki, onlara ən yüksək səviyyədə göstəriş verilib ki, çəkiliş aparılsın və həmin kadrlar yayılsın. Bunun arxasında yalnız və yalnız bir məqsəd dayanırdı: “polisin üzərinə zibil atılıb və polis gücünü göstərməlidir”. Vətəndaşları da ən çox qəzəbləndirən bu oldu ki, zorakılıq etməyiniz, vətəndaşın şərəf və ləyaqətini alçaltmağınız bir tərəfə, dövlət olaraq bu cinayətləri və mənəvi terroru çəkirsiz və yayırsız. Ən böyük etiraz buna olmuşdu. Yox, daxildə təxribatçı varsa, dövlətin hüquq mühafizə oqanları hara baxır? Təxribatı vaxtında aşkarlayıb qarşısını almaq lazımdır. Yox, qarşısını ala bilmirsinizsə, bu təxribatı tənqid edənləri niyə həbs edirsiz? Yəni, əgər bir təxribat baş veribsə, bu, birbaşa Prezidentə qarşıdır. Çünki bu gün insanların böyük əksəriyyəti deyir ki, nazirin göstərişi olmadan Çevik Polis Alayı oraya gedə bilməzdi. Əgər ortada hansısa təxribat varsa, bunu cəmiyyətə çatdırmalıdırlar.

 

- Sizin son dövrdəki ictimai fəaliyyətiniz cəmiyyətdə kifayət qədər dəstək qazanıb. Son hadisə də göstərdi ki, ən azından fikir ifadə etmək baxımından sizin ətrafınızda cəmləşən insanlar var. Ola bilməz ki, bütün fəaliyyətiniz şəxsi piarınıza xidmət etsin? Tutalım, yeni siyasi lider kimi meydana çıxmaq, partiya yaratmaq, yüksək iddialar ortaya qoymaq…

 

- Birinci insanların məni dəstəkləməsindən başlayaq. Ona görə ki, mən adətən haqlı olan mövqeyin arxasında duran adamam və ona görə də məni dəstəkləyirlər. Əgər mən bu gün Fazil Mustafa kimi desəydim ki, “polis daha da sərt addımlar atmalıydı”, inanın ki, mənə dəstək verənlərin 80-90 faizi məndən üz çevirəcəkdilər. Mən, adətən çalışıram ki, ədalətli mövqe tutum və güclü olanın yox, haqlı olanın yanında olum. İkincisi, siyasi partiya yaratmaq, iddia qoymaq məsələsinə gəldikdə, əgər hakimiyyət normal idarəçilik sistemi qursaydı, mənim məşğul olacağım ən son iş elə siyasət olardı. Mən bunu yüksək vəzifəli şəxslərə də demişəm ki, normal idarəçilik qurun, biz də kiçik bir işlə məşğul olub, dünyanı gəzək. Mənə maraqlı deyil Fazil Mustafa ilə həmsöhbət olmaq, Mirşahin Ağayevin atmacasına cavab vermək, sadəcə olaraq buna məcbur oluruq. Biz də etməsək, gələcək nəsillər bizi tənqid edəcək. Necə ki, biz özümüzdən əvvəlki nəsilləri buna görə tənqid edirik. Lakin son illərdə yetişən yeni nəsilin hamısı bu məslədə həmfikirdir.

Müəllif: Tural Talehoğlu