Beş-on manat ödəməklə yaxamızı qurtarmaq mümkün olsaydı...

Cəmiyyət

05.03.2022 - 21:34

Həkimlər Klinikalar SEO Xidməti

Üzdə qadınlara xoş duyğu ifadə etsə də, Azərbaycan kişisinin bubayrama münasibəti olduqca neqativdir

“İstəyərdik, ətirlərimiz satılsın”

Əlbəttə, bəzi kişilər 8 Martı qadınlardan daha səbirsizliklə gözləyirlər. “İstəyərdik, ətirlərimiz satılsın, burada gördüyümüz aksesuar satılsın, gördüyünüz “mişka”lar satılsın, bəxti açılsın, yansın, alov saçılsın. Suvenir alanın bəxti açılsın. Nə deyə bilərəm”, - deyən kişilərin alveri deyinə-deyinə əlini cibinə atan digər kişilərin səxavətindən asılıdır.

Gül yetişdirən, gülü dəstələyən və satan kişilər hər dəfə yatıb yuxuda 8 Martı görürlər. Restoran və kafe sahibləri, barmenlər, qulluq edən personal elə martın əvvəlindən müştəri axınına hazır olur. Biri gəlməsə də, digəri mütləq xanımını götürüb gələcək. 8 Martdan pul qazanan kişilər “bayram”ın ləğvindən çox narazı olardılar.

Ötən ildən davam edən koronavirus biznesə müəyyən qədər zərbə vursa da, hər halda satışın həcmi kifayət qədər yüksəkdir.

Mümkün olan hədiyyələrin hamısını almısan

Narazı kişilərin işi bu pandemiya dövründə bir qədər yüngülləşsə də, ümumilikdə yükü çəkməlisən. 8 Mart nifrətinin səbəbi nədir? Yəni kişilər nədən bir qədər xanımlarına pul xərcləmək istəmirlər?

Məsələ pulla tamamlanmır, axı. Səbəblər çoxdur. Birincisi, “bayram”ın yad mənşəli olması, Azərbaycan xalqına heç bir aidiyyətinin olmaması tam aydındır. Vaxtilə Almaniyada yaşayan sosial-demokrat Klara Setkinin təşəbbüsü ilə bu gün qadınların kişilərlə eyni hüquqa malik olması uğrunda mübarizəyə çağırış qəbul edilib.

İdeoloji platforması olduğundan Sovet İttifaqında xüsusi təmtəraqla qeyd olunardı. Dövlət dağıldı, Azərbaycan müstəqillik qazandı, amma 8 Mart yerindən tərpənmədi. Hazırda “bayram”ın qeyd edilməsi öz miqyasına görə sovet dövrünü artıq geridə qoyub. Alverçilərin alveri yüksəlib, adi insanların isə cibi bu ərəfədə boşalmalıdır.

Daha bir narahatlıq psixoloji amillərə bağlıdır. Əgər şərti olaraq 5-10 manat ödəyib 8 Mart bəlasından yaxa qurtarmaq olsaydı, bəlkə də, kişilərin münasibəti daha mülayim olardı. Amma belə deyil. Martın 6-dan başlayaraq şəhərin ofislərində, tədris ocaqlarında, iri qurumlarda bir canlanma müşahidə olunur. Heç kim bu prosesdən kənarda qala bilməz. Təşkilat rəhbərləri qadın əməkdaşlara gül və tort almalı, kişi həmkarlar qadın həmkarları hədiyyəsiz də olsa, təbrik etməlidirlər. 

Kişilər həm xanımlarına, həm də çevrədə olan digər qadınlara diqqət göstərməli, hədiyyə almalı, mesaj yollamalı olurlar. Psixoloji olaraq bir təzyiqin formasıdır, başqa heç nə. Adi günlərdə ananı, bacını sakit formada bir zənglə təbrik etmək olarsa, bu ərəfədə mütləq bir yararsız hədiyyə əldə edib təqdim etməlisən.

Bəyəm hədiyyə almaq asandır? Ötən il, ondan əvvəlki il, 5 il, 10 il öncə mümkün olan hədiyyələrin hamısını almısan. Daha yeni bir nəsə düşünüb tapmağa halın yoxdur, amma nə edəsən, hamı gözləyir. Kişisən, alma, gör nə qədər inciklik yarana bilər.

Kişilərdə nifrət doğuran 8 Martı ləğv etmək olduqca çətindir

Qadınlar bu gün diqqət, hədiyyə gözləyir, televizorda kişilər əyninə döşlük taxıb yemək bişirirlər - guya xanımına kömək məqsədilə. 8 Martı istənilən digər bayramla əvəzləmək də olardı. Ana dili günü, Analar günü kimi dəyərli bayramları qeyd etmirik, amma Klara Setkinin 8 Martında bir ətək pul xərcləyirik.

Martın 5-də Ümumdünya nənələr günüdür, amma nədənsə qeyd edən yoxdur. 19 noyabr – Beynəlxalq kişi günü kimi tarixə düşüb. Nədən bu günü Azərbaycanda heç kim qeyd etmək istəmir?

Aydın məsələdir, kişi bayramı kimə lazımdır axı? Heç alverçi zümrəsinə də gərək deyil. Qadın bayramında əldə edilən gəlir kişi gününün alverindən dəfələrlə çox olacaq.

Kişiləri stresə salan, onlarda nifrət doğuran 8 Martı ləğv etmək olduqca çətindir, amma əvəzləmək yerinə düşərdi. Heç olmasa, nə qeyd etdiyimizin bir mahiyyətinə vara bilərdik. Ev-eşiyi mənasız hədiyyə ilə doldurmaq əvəzinə pulu ailə büdcəsində saxlamaq daha düzgün olardı. Pulu qazanmaq üçün həyatımızı veririk, onu nə səbəbdən kiməsə pay verməliyik? Kimsə pul qazanacaq deyə biz ömrümüzü niyə verməliyik?

Koronavirusun hesabına bu müddətdə ömrümüzün bir hissəsini qoruyub saxlaya bilmişik. Təhsil ocaqları tam gücündə işləmir deyə 8 Mart xərcimiz də bir qədər azalıb. Allah qismət eləsə, gələcəkdə bu praktikadan tam yaxa qurtararıq.

İsmayıl Rafiqoğlu,

Xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş