Belə çıxır ki, Azərbaycanda vəziyyət İsrail və ABŞ-dan yaxşıdır? - HEYRƏT

Maraqlı

31.10.2021 - 19:24

Eldar Zeynalov: “Orada başqa dövlətlərə boş həbsxanalarını icarəyə götürməyi təklif edirlər, amma bizim onları boşaltmaq üçün amnistiya, və əfvdən başqa yolumuz yoxdur”

Bu yaxınlarda 100 000 əhaliyə düşən məhbusların sayı və məhbusların mütləq sayına görə, 223 ölkənin reytinqini dərc edən “World Prison Brief” təşkilatının hesabatı yayıldı. Məlumatlar Cinayət Siyasətinin Tədqiqatları İnstitutu (Institute for Criminal Policy Research) tərəfindən toplanıb. Ölkəmiz ikinci göstəriciyə görə, 67-ci yerdə qərarlaşıb, halbuki reytinqə əsasən, Azərbaycanda 25 501 nəfərlik həbs yerlərində 21 253 nəfər cəza çəkir.

AYNA mövzuya dair Azərbaycan İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalovla həmsöhbət olub.

- Azərbaycanın nəticəsini necə qiymətləndirirsiniz?

- Birinci göstərici həlledicidir – söhbət əhalinin hər 100 mininə düşən məhbusların sayından gedir, əks halda əhalisi daha az olan ölkələr “əlaçılar” arasında lider olardı. Buna əsasən, əhalinin hər 100 min nəfərinə 208 məhkumun olduğu ölkəmiz 64-cü yeri tutsa da, bu, heç də ən pis göstərici deyil. Eyni statistik məlumatlardan məlum olur ki, bizim vəziyyətimiz xüsusilə Litva (216), İsrail (234), Gürcüstan (254), İran (278), Rusiya (327), Türkiyə (335), Belarus (345) və hətta ABŞ-la (629) müqayisədə daha yaxşıdır.

- Məhkumların sayı çox vaxt demokratiyanın vəziyyəti, siyasi azadlıq və dövlətin iqtisadi inkişafı ilə əlaqələndirilir. Bununla razısınızmı?

- Bu cür göstəricilər ətrafında çoxlu siyasi spekulyasiyalar gedir. Bu göstəricini yuxarıda qeyd olunan amillərlə əlaqələndirmək üçün böyük cəhdlər var, eyni zamanda reytinqi hazırlayan tədqiqat institutunun özü də buna işarə edir. Amma kriminallıq və cəza siyasəti ilə bağlı vəziyyət o qədər də sadə qiymətləndirməyə imkan vermir. Əks arqumentlərdən biri də bütün dünyada demokratiya standartlarını müəyyən edən ABŞ-dır: axı, o, dünyanın ən çox məhbus göstəricisinə malikdir, hətta kommunist Çini belə, arxada qoyur. ABŞ-da həbsxanalarda 2 068 800 məhbus var ki, bu da Latviya əhalisindən çoxdur və Şimali Makedoniya və ya Lesoto əhalisi ilə müqayisə oluna bilər. Azərbaycandan fərqli olaraq, ABŞ-ın ərazisində hərbi əməliyyat olmayıb, heç bir xarici işğal olmayıb, hər onuncu sakin qaçqın olmayıb. Orada hakimiyyətdə olan partiyalar mütəmadi olaraq dəyişir, yüz müşahidəçinin gözü hər bülletendə olur. Məhkəmələr fəaliyyət göstərir, güclü vətəndaş cəmiyyəti var və islah olunmayan cinayətkarlara ölüm cəzası tətbiq olunmaqda davam edir. Amma nəticə göz qabağındadır və bu, ildən-ilə təkrarlanır.

Türkmənistan məhbusların sayına görə ABŞ-dan (552) sonra ikinci yerdədir və bu da paradoksdur. Orada ən çox tənqid olunan siyasi rejimlərdən biri var, demokratiya, müxalifət yoxdur - amma ümumilikdə, korrupsiyanı çıxsaq, konkret cinayət əməlləri yoxdur. Küçələrdə, məktəblərdə gülləbaran etmirlər, bankları soymurlar. Hər il çoxlu sayda məhkum amnistiyaya düşür. Amma məhbusların sayı ilə bağlı vəziyyət dəyişmir...

Rusiyada dəmir barmaqlıqlar arxasında 472 226 məhbus var - bu, bütün Malta əhalisi qədərdir. Amma əhaliyə nisbətdə (327) və bu da ABŞ-dan iki dəfə ən yaxşı göstəricidir. Rusiyada həyat səviyyəsi aşağı və cinayətkarlıq yüksəkdir, korrupsiya, qonşularla münaqişələr var, illərdir ki, sanksiyalar altında yaşayırlar. Lakin o, demokratik Amerikaya yetişə və keçə bilmir.

Ümumiyyətlə, ölkələrə yapışdırılan etiketlər çətin ki, müəyyən ölkələrdə nə üçün çox və ya az məhbus olduğunu anlamağa kömək etsin. Məsələn, İsveçrənin göstəricisi 73-dür, Afrika Benini ilə eynidir. Afrika Seneqalı ilə postsovet Özbəkistanında (68) isə göstərici Almaniyadan (70) yaxşıdır. Çiçəklənən Hollandiya bombalanmış Suriya ilə eyni göstəriciyə malikdir (60). Norveç (56) Sudan və Tanzaniyadan (52) daha pis nəticə göstərir. Əfqanıstanda “Taliban” hakimiyyətə gəlməzdən əvvəl göstərici 77 idi - onu işğal edən ABŞ və bir çox Avropa ölkələrindən daha yaxşı. Heç kimin həbsdə olmadığı San Marinodan sonra ən yaxşı göstərici Qvineya-Bisaudadır (10).

Yeri gəlmişkən, Danimarka Avropa mükəmməlliyindən uzaq olan Ermənistanla eyni göstəriciyə malikdir (72). Eyni zamanda məlum olur ki, Ermənistanda işlər İsveçrə (73), Avstriya (91), Fransa (100), Böyük Britaniya və ABŞ-ı demirəm, əksər Avropa ölkələrindən yaxşıdır. Belə ki, məhbusların sayına görə ən pis göstərici firavan ABŞ-da, ən yaxşısı isə “üçüncü dünya”da itmiş Qvineya-Bisaudadır. Bu, “müəyyən ölkədə məhbusların sayına görə hakim rejimin repressivlik dərəcəsini necə qiymətləndirmək olar” (hesabatın ön sözündən ifadə) haqqında müzakirənin sonu ola bilər. Bu göstərici ölkənin iqtisadi cəhətdən nə qədər inkişaf etmiş və varlı olduğunu, həbsxanalarda şəraitin yaxşı olub-olmadığını göstərmir.

- Bəs, bu göstərici son olaraq nədən xəbər verir?

- O, yalnız ölkədə cinayətkarlıqla bağlı ümumi vəziyyətdən, məhkəmələrin və hüquq-mühafizə orqanlarının barışmazlığının dərəcəsindən, çox vaxt isə onların korrupsiyasından danışır. Məsələn, sivil ölkədə polis öz həyatını riskə ataraq, cinayətkarları saxlamağa çalışır ki, onlar məhkəmə qarşısına çıxsınlar, bu da öz növbəsində cinayətkarların vəzifəsindən, var-dövlətindən, əlaqələrindən asılı olmayaraq ədalətli cəzalandırır. Əksinə, başqa bir ölkədə binaya bomba qoyan terrorçulardan daha çox girov öldürülər və həbs olunanlar olmadan da iş bitə bilər. Üçüncüsü, ölkədə hüquq-mühafizə orqanları cinayətkarın kütlə tərəfindən linç edilməsinə və ya özbaşına edamlara göz yumur. Dördüncüsü, cinayətkarlar rüşvətə görə məsuliyyətdən “bağışlanır”. Təbii ki, birinci, ən sivil ölkə göstəricilərinə görə digərlərindən pis çıxacaq, baxmayaraq ki, onun cinayətkarları cəzasız qalmır, həbsxanalarda şərait daha yaxşıdır.

- Həbsxanalarımızı boşaltmağa ehtiyac varmı və əgər belədirsə, bu, kriminal vəziyyətin pisləşməsi ilə nəticələnə bilərmi? Dekriminallaşdırma prosesi necə gedir?

- Hüquq-mühafizə sistemimizin problemi etibarsız statistikadır ki, bu da bəzi problemləri ört-basdır edir və bununla da bütövlükdə dövlət sisteminə bu problemlərlə mübarizə siyasətini planlaşdırmağa imkan vermir. Buna görə də bəzi cinayətkarlar məsuliyyətdən yayınır, bəziləri isə əksinə, kameraları doldurur. Məsələn, xaricə gedən fahişəlik, miqrantların məcburi əməyi, qondarma siyasi mühacirət (insan alveri) ən azı SSRİ-də yenidənqurmadan sonra mövcuddur. Ancaq onları qətiyyətlə və qəti şəkildə inkar etdilər və ilk növbədə bu fenomenlə mübarizə aparmalı olanlar tərəfindən inkar edildilər. Nəticədə Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) və 144-2-ci (məcburi əmək) maddələri yalnız 2005-ci ilin sentyabrında qanunvericiliyimizə daxil oldu və müstəqilliyin ilk 14 ilində buna qarşı mübarizə aparılmadı. Cinayət Məcəlləsinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərə görə cəzalandıran 144-3-cü maddəsi isə 2013-cü ilin aprelində ortaya çıxıb, halbuki bəllidir ki, əksər hallarda saxta sənədlər olmadan insan alveri mümkün deyil.

Bu maddələr Cinayət Məcəlləsinə daxil olandan sonra da, yumşaq desək, insan alverinə qarşı mübarizə çox könülsüz aparılır. Nümunə olaraq Avropa İnsan Haqları Məhkəməsində (AİHM) baxılan “Zoletiç və başqaları Azərbaycana qarşı” (No 20116/12) işini göstərəcəyəm. Klassik insan alveri vəziyyətini təsəvvür edin: yalnız Azərbaycanda qeydiyyatdan keçmiş “Serbaz” adlı bir serb şirkəti Bosniyada ən azı 33 inşaatçı cəlb edir, onları 30 günlük turist vizası ilə Azərbaycana gətirir, bundan sonra pasportları götürülür və klassik zorakılığa məruz qalırlar. Hamının gözü qarşısında işləyirlər, üstəlik “Buta Palace”, “Baku Expo Center”, “28 Mall” kimi tanınmış obyektlərdə heç bir icazəsiz işləyirlər. Onlara maaşları verilmədiyi üçün bir sıra beynəlxalq təşkilatlardan humanitar yardım alırlar. Sonda bu əhvalat mediada gündəmə gəlir, lakin cinayətkarları cəzalandırmaq əvəzinə, işçilərə tez bir zamanda pasportlar verilir və sakitcə Bosniyaya göndərilir. Beləliklə, bütün bir qrup insan müttəhim kürsüsünə çıxmadı. AİHM-in qərarından sonra da kiminsə cəzalandırılacağına inanmaq çətindir.

İntihara sürükləmə (125-ci maddə) demək olar ki, istifadə olunmayan maddədir. 2020-ci ildə 597, 2021-ci ilin birinci yarısında 322 intihar hadisəsi baş verib. Bütün bu insanlar psixi cəhətdən anormal ola bilməzlər axı. Amma 2020-ci ildə rəsmi statistik məlumatlara görə, məişət zorakılığı nəticəsində intihara aparan cəmi 1 (bir) hadisə qeydə alınıb. Jurnalistlər, psixiatrlar, hüquq müdafiəçiləri pandemiyanın və qadağaların məişət zorakılığının və intiharın artmasına təsirindən danışırlar, lakin bir vaxtlar insan alverində olduğu kimi, aktiv şəkildə təkzib olunurlar: baxın, deyirlər, statistikada hər şey qaydasındadır, zorakılıqda sıçrayış yoxdur. Əminəm ki, bu yaxınlarda polisdə əri, polis tərəfindən güllələnən qadın polisə şikayətlə getməyib, özünü pəncərədən bayıra atsaydı, o zaman bu işdə də başqa bir amil tapacaqdılar.

Cinayət Məcəlləsinin çoxlu "yatmış", praktiki olaraq tətbiq olunmayan maddələri var, baxmayaraq ki, bununla bağlı problemlər nəzərə çarpır və sosial şəbəkələrdə müzakirə olunur. Məsələn, işgəncə (293-cü maddə) - 2000-ci ildən indiyədək heç kim müvafiq maddə ilə məhkum olunmayıb. Ya da sübutların saxtalaşdırılması (maddə 294) ilə.

- O zaman həbsxanalar kimlərlə doludur?

- 234-cü maddənin (narkotik vasitələrin qanunsuz dövriyyəsi) yayılması hələ də yüksəkdir. O, narkotik istifadəçiləri üçün qismən dekriminallaşdırılıb. Amma çox vaxt bu, məhbuslara o qədər də kömək etmir, çünki həbs olunandan sonra onlar da başqa maddələrlə ittiham olunurlar. Deməli, bu istiqamətdə müəyyən irəliləyiş var, lakin vəziyyət kəskin şəkildə dəyişməyib, çünki digər sosial amillər gözdən qaçırılır. Axı işsiz narkoman narkotik üçün pulu ancaq cinayət yolu ilə tapa bilər, bu da o deməkdir ki, o, əmlak cinayətlərindən birini edəcək. Eyni zamanda, xırda mənimsəmə (500 manatdan aşağı olan) cinayət məsuliyyətinə cəlb olunmur və buna görə də statistikanı korlamır. Amma o, narkodillerlərin ciblərini doldurur.

Bu yaxınlarda jurnalistlər narkopritonda çəkiliş edərək, oranın ciddi nəzarətə götürüləcəyinə dair təminat aldılar. Ehtimal edirəm ki, jurnalistlər daxildən gülürdülər, hesab edirdilər ki, priton artıq nəzarət altındadır, çünki o, uzun müddətdir fəaliyyət göstərirdi və çoxlarının onun varlığından xəbəri var.

Narkomaniya ilə mübarizədə ictimai səylər ona gətirib çıxardı ki, statistika yaxşılaşdı, lakin bu sosial yaradan gəlir əldə edənlər onları itirmədi. Çünki yüngül dərmanlardan istifadə hələ də cəzalandırılır ki, bu da onların dövriyyəsinə nəzarətin sərfəli olması deməkdir. Hollandiyada onlar leqallaşdırılıb və cinayətlərin sayı artmayıb, çünki orada narkomanlara cinayətkarlar yox, dövlət nəzarət edir. Statistikanı müqayisə edin: onlarda 100 min nəfərə 60 məhbus düşür, bizdə isə 208. Orada başqa dövlətlərə boş həbsxanalarını icarəyə götürməyi təklif edirlər, amma bizim onları boşaltmaq üçün amnistiya, əfv elan etməkdən başqa yolumuz yoxdur.

- Keçmiş məhbusların sosial reabilitasiyası məsələsində irəliləyiş varmı?

- Burada vəziyyə pis olaraq qalır. Elə azadlığa çıxan məhbusları dəstəkləmək üçün probasiya mərkəzlərinin və həbsxanaların özlərində iş yerlərinin geniş şəkildə yaradılması məsələsi kimi. Bütün bu məsələlərlə bağlı Prezidentin fərman və sərəncamları var - kifayət qədər aydın və real, lakin məmurlar sanki onları özləri üçün qəbul etmirlər. Eyni zamanda, ictimai faydalı əməyi olmayan məhkumlar deqradasiya edir və onların üçdə ikisi azadlığa çıxdıqdan sonra yenidən həbsxanaya qayıdır. Əgər işləməyi yadırğayan insan cinayətkar damğasına düçar olaraq, normal yaşamaq üçün praktiki olaraq heç bir perspektivi olmayan cəmiyyətə buraxılırsa, deməli, onun yeni cinayət törətməsi vaxt  məsələsidir.

Müəllif: Elya Belskaya