Baxın və utanın, əgər utanacaq üzünüz varsa...

Dünya

12.06.2022 - 10:29

Ya da unutmayın ki, çay keçərkən atlar dəyişdirilmir

Dünyanın demək olar ki, hər bir ölkəsi kimi Türkiyə də çətin dövrdən keçir. Rusiya-Ukrayna müharibəsinin harada və necə dayanacağı bəlli deyil. Qərb Rusiyanı aldatdığını və Rusiyanın dağılacağını hesablasa da, bunun əksi baş verdi - Rusiya hər cəhətdən güc qazansa da, rəqibləri gücdən düşdü.

Elə bir ölkə yoxdur ki, müharibənin mənfi təsirlərindən, xüsusən də qida baxımından təsirlənməsin. Onların bəzilərini yaxın gələcəkdə aclıq və qıtlıq gözləyir.

Nə yaxşı ki, Türkiyə o vəziyyətdə deyil. Ölkəmiz ərzaq baxımından özünü təmin edən nadir ölkələrdən biridir.

Bununla belə, neft və enerji qiymətlərindəki anormal artımlar istər-istəməz bütün növ mal və xidmətlərə təsir göstərir. Bütün bunlarla yanaşı, doymaq bilməyən hərislər və fürsətçilər də var.

Hökumət bütün imkanlarını səfərbər edərək xalqın yükünü yüngülləşdirməyə çalışır. Əgər bütün bu inkişafa yönəlik siyasət vaxtında həyata keçirilməsəydi (enerjidən kənd təsərrüfatına, sənayedən nəqliyyata, müdafiədən ictimai işlərə və s.), əgər zamanında lazımi tədbirlər görülməsəydi, bu gün ölkəmiz Ecevitin Baş nazir olduğu ölkə kimi 5 qəpiyə möhtac qalacaqdı. O zamanlardakı kimi əsas ərzaq məhsullarının çatışmazlığı yaranacaq və əldə qalan məhsullar da “qara bazar”a daşınacaqdı.

Millətimiz bunu görür: cənab Ərdoğan 20 illik hakimiyyətində bu ölkəni o cür təlatümlərdən qurtardı. Şəhərlər müasirləşdi, kəndlər şəhərləşdi. 81 vilayətin heç biri artıq məhrumiyyətdən əziyyət çəkmir.

Yenə Türkiyəni bütün dünya ölkələrinə təsir edən bu mənfi atmosferdən çəkib çıxaracaq və yenidən düzənə salacaq şəxs Ərdoğandır. Çünki cənab Ərdoğan bu vəziyyətdən dəfələrlə danışıb və müvafiq nümunələr gətirib.

2002-ci ili xatırlayın: cənab Ərdoğan divara çırpılan və iqtisadiyyatına sıfırın altına düşən bir ölkəni təhvil aldı. 80 faiz civarında olan inflyasiyanın səviyyəsini bir neçə il ərzində 10 rəqəmədək endirdi. Sonrakı illərdə millətimiz cənab Ərdoğanın dövründə son 50 ilin birrəqəmli inflyasiya səviyyəsini gördü.

O zaman sözügedən mənfi tendensiyanı dayandıran, ölkəni xilas edən və bu gün də bütün dünyaya mənfi təsir edən böhranı Türkiyədə dayandıracaq Ərdoğandan başqası deyil.

Türkiyə dosta inam, düşmənə qorxu aşılayan müdafiə sənayesində nəhəng addımlarla irəliləyir. Növbəti beş illik dövr çox, həm də çox vacibdir. Mövcud investisiyaların tamamlanması və Türkiyənin heç kimdən asılı olmadan öz təhlükəsizliyini təmin etməsi üçün siyasi iradə çox önəmlidir.

Bu iradə ölüm riski ilə bu xidmətləri başlayan və böyük əzmlə davam etdirən cənab Ərdoğanda var. İndi Ərdoğana qarşı durub iqtidar arzusunda olanlar ABŞ-ın çaldığı havaya oynayan və köhnə qəyyumluq (parlament) sisteminə qayıtmaq istəyənlərdir.

Lakin Türkiyənin daha bir əsr gözləməyə nə səbri, nə də şansı var. Dəmir öz zindanında döyülür və çayı keçərkən at dəyişdirilmir.

Xalq axtardığını Ərdoğanda tapmasaydı və onun gördüyü işləri bəyənməsəydi, 20 il ərzində keçirilən bütün seçkilərdə onu qalib edərdimi? Millətimiz mərhəmətli və sadiqdir. Dünən öz pulumuzla dron alıb, aldıqlarımızı təmir etdirə bilmirdiksə, bu gün çoxlu sayda İHA, SİHA, TİHA istehsalı edir, xaricə satırıq, ölkəmizə fəlakət yaşadan terrora son qoyub müharibə tarixini yenidən yazırıq.

Bunu Ərdoğanın kürəkəni (Selçuk Bayraktar) etdiyi üçün rişxənd edənlər, ağız büzənlər Qarabağda (Azərbaycanda), Liviyada, Suriyada, İraqda terrora qarşı aparılan uğurlu mübarizələrə baxıb utansınlar! Təbii ki, utanacaq üzləri varsa!

Amma utanc yoxdur. Utanmaq əvəzinə, ABŞ-ın, Qərbin və terror tör-tpküntülərinin (FETÖ və PKK) qılıncını qurşanaraq Ərdoğana qarşı vuruşurlar...

Müəllif: Fuat Bol

Mənbə: "hurriyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli