Bakıya təyinat alan Türkiyə generalları: Onların işi nə olacaq? - TƏHLİL

Aktual

10.09.2021 - 19:20

Engin Özer: “Türkiyə-Azərbaycan ortaq qrupu Rusiyanın neytral qüvvə hesab edilə bilməyəcəyini nəzərə alaraq vəziyyəti tarazlaşdıracaq”

Türkiyə Silahlı Qüvvələrini Azərbaycanda təmsil etmək üçün Xüsusi Komandanlıq Qrupu yaradılıb. Bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat verib. Xəbərə görə, qrupa dörd yüksək rütbəli türk generalı daxildir.

Qrupun rəisi olaraq Türkiyənin Quru Qoşunlarının Əməliyyat Bölməsinin rəisi, general-mayor Bəxtiyar Ersay təyin edilib.

General Abdullah Qatırçı Azərbaycan üzrə Xüsusi Qrupun Birgə Mərkəzinin Komandanlığına daxil olub.

General Ender Güner Qrup Komandanlığının Baş Qərargah rəisi təyin edilir.

Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi attaşesi də dəyişdirilib - indi bu vəzifəni general Zəkəriyyə Yalçın tutur.

Bununla əlaqədar olaraq ortaya təbii suallar çıxır. Bu, Rəsmi Bakının Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsini həyata keçirməyə başladığı anlamına gəlmirmi? Bu qrup Rusiya sülhməramlı qüvvələrinə qarşı çıxa bilərmi, əgər belədirsə, nə dərəcədə? Onun vəzifəsi nədir? Bu, Azərbaycan ərazisində Türkiyə hərbi bazalarının yaradılmasına hazırlıq demək ola bilərmi? Yoxsa məqsəd Türkiyəni sülhməramlı bir missiyaya cəlb etməkdir?

Ən əsası, bu Qrup da Ağdamda heç bir səlahiyyətə malik olmayan türkiyə hərbçilərinin iştirakı ilə yaradılan Birgə Monitorinq Mərkəzinə bənzəməyəcəkmi?

Mövzu barədə türkiyəli politoloq, Ankara-Moskva Ekspert və Analitik Şəbəkəsinin aparıcı mütəxəssisi Engin Özer AYNA-nın sualları cavablandırıb.

Politoloq qeyd edib ki, bu xüsusi qrup Rusiya sülhməramlı qüvvələri ilə tarazlıq üçün yaradılmayıb: “Bildiyimə görə, nə Azərbaycan Konstitusiyasında, nə də hərbi doktrinada ölkə ərazisində xarici bazaların yerləşdirilməsi nəzərdə tutulmayıb. Ayrıca bir türk deyil, vahid hərbi qruplaşmanın yaradılması isə Azərbaycan qanunlarına zidd deyil. Hazırda region böyük geosiyasi dəyişikliklərə məruz qalır. Beləliklə, dünən Moskva və Minsk iki ölkənin inteqrasiyasını dərinləşdirmək üçün 28 bəndlik proqram, o cümlədən vahid müdafiə məkanının yaradılması haqqında razılaşma əldə etdilər. Əslində vahid bir dövlət yaradılır ki, gələcəkdə Ermənistan Baş naziri Nikol Paşinyanın gedişindən sonra ehtimal ki, Ermənistanı da buraya daxil edəcəklər. Daha sonra Rusiya hərbi kontingenti qanuni əsaslarla Cənubi Qafqazda və Azərbaycanın sərhədlərində yerləşəcək”.

“Bu arada, Azərbaycanda Rusiya hərbi qüvvəsi yalnız bir sülhməramlı missiya olaraq iştirak edir, ancaq Türkiyə-Azərbaycan ortaq qrupu Rusiyanın neytral qüvvə hesab edilə bilməyəcəyini nəzərə alaraq vəziyyəti tarazlaşdıracaq. Ancaq beş ildən sonra Rusiya Ordusu Dağlıq Qarabağdan çıxanda bu qrupa çox ehtiyac olacaq”, - deyə Özer vurğulayıb.

Türkiyə-Rusiya müştərək Monitorinq Mərkəzinə gəlincə, mütəxəssis əvvəl dediklərinin üstündə dayanır: “Əvvəldən demişdim ki, Monitorinq Mərkəzinin heç bir səlahiyyəti yoxdur, yalnız monitorinqlə məşğuldur. Yəni ki, sadəcə dekorativ bir quruluşdur. Başlanğıcda yaradılışında heç bir məntiq yox idi və əslində başqa heç bir funksiya yerinə yetirmir. Hətta bu Mərkəz Türkiyə Ordusunun imicinə və nüfuzuna xələl gətirir”.

Müəllif: Mira Həsənova