Bakının marşrut sistemində sistemsizlik: narkotikin təsirindəki sürücülər, texniki baxışsız avtobuslar...

Cəmiyyət

18.12.2021 - 15:20

Sürücülərin reysöncəsi tibbi müayinədən keçirilməsi və avtobusların texniki baxışdan keçirilməsi - qaydalarda var, reallıq isə başqadır 

Bu günlərdə Bakıda sərnişin avtobusunu narkotik sərxoş vəziyyətdə idarə edən sürücü həbs edilib. Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) hesabatında qeyd olunduğu kimi, ötən 9 ayda nəqliyyat vasitələrini narkotik vasitələrdən sərxoş vəziyyətdə idarə edən 650, son bir ayda isə 150-yə yaxın belə fakt müəyyən edilib, qeydiyyata alınıb.

BDYPİ daşıyıcı şirkətləri, fiziki və hüquqi şəxsləri bu kimi məsələlərdə ayıq-sayıq olmağa, işə qəbul zamanı və reys zamanı sürücülərin sağlamlıq vəziyyətini yoxlamağa çağırır.

Bu yerdə qeyd etmək yerinə düşər ki, son vaxtlar Bakıda nəinki narkotik aludəçisi olan avtobus sürücüləri, hətta sərnişinləri daşıyan koronavirusa yoluxmuş sürücü də müəyyən edilib.

Bu faktlarla tanış olan oxucunun sual vermək hüququ var - niyə sərnişin avtobuslarının sürücüləri üçün məcburi reysöncəsi tibbi müayinə keçirilmir?

Hələ 2009-cu ildə Nazirlər Kabineti yüklərin və sərnişinlərin daşınması ilə məşğul olan şirkətlər üçün texniki baxışın və səfərqabağı tibbi müayinənin keçirilməsi qaydalarını təsdiq edib. Nəqliyyat vasitəsinin texniki baxışdan keçirildiyi və sürücüsünün yoxlanılması haqqında arayış olmadan onları reysə buraxmırlar. Və 2017-ci ildə bu qaydalara edilən dəyişikliklərə əsasən, sürücülərin reysöncəsi tibbi müayinə jurnalı tətbiq edilir.

Ancaq bu məcburi qaydalar hələ də yalnız kağız üzərindədir. Əgər avtobus sürücüsü reysə spirtli və ya narkotik sərxoşluğu ilə yola düşürsə, bu o deməkdir ki, səhər saatlarında heç bir tibbi müayinədən keçməyəcəyinə əmindir. Eyni şey avtobusun texniki baxışına da aiddir. Bakı kəndlərinə xidmət göstərən daşıma şirkətlərinin əksəriyyətinin öz qarajı belə yoxdur. Avtobuslar gecə ya həyətlərdə, ya da son dayanacaqlarda saxlanılır. Təbii ki, sürücü işə başlayanda, evdən çıxıb yaxınlıqda qalan avtobusa minirsə, hər hansı texniki baxışdan, tibbi müayinədən söhbət gedə bilməz.

Bu situasiyaya görə məsuliyyət daşıyan Bakı Nəqliyyat Agentliyi (BNA) baş verənlərdən xəbərdardır. Axı sərnişin avtobusları videomüşahidə kameraları ilə təchiz olunub və onların köməyi ilə qanun pozuntularını aşkar etmək olar. Amma bir gün böyük faciə ilə nəticələnə biləcək çoxsaylı qanun pozuntuları ilə müşaiyət edilən bu prosesi heç kim izləmir.

Bu sözlərin müəllifi hər gün Balaxanı kəndindən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə gedən 216 nömrəli marşrutdan istifadə edir. Sürücülərdən biri ehtiyatsızlıq ucbatından bir neçə dəfə enən sərnişinlərin qarşısında qapıları bağlayıb. Xoşbəxtlikdən avtobusun qapıları birdən-birə bağlanmır, ona görə də düşən sərnişinlər cəld reaksiya veriblər. Amma fakt faktlığında qalır ki, sürücünün tibbi müayinə tələb edən problemləri aşkardır.

Bu vəziyyət belə bir hiss yaradır ki, aidiyyatı strukturların heç biri sərnişinlərin elementar təhlükəsizliyi ilə xüsusilə maraqlanmır. Əks halda BNA mütəmadi yoxlamalar aparar, narazı sərnişinlərdən “qaynar xətt”ə zəng gözləməzdi.

Yeri gəlmişkən, yol polislərinin özləri də qeyri-adekvat sürücülərlə mübarizədə uğurları barədə hesabat verərək, bəzən qayda pozuntularına yol verirlər. Məsələn, reydlər zamanı avtobus sürücülərinin sürücülük sənədlərinin olmadığı aşkar edilərək, onlar dərhal reysdən uzaqlaşdırılır. Nəzərə alsaq ki, sərnişin avtobuslarının əksəriyyəti gediş haqqını səyahət kartları ilə ödəməyə keçib, bu, sərnişinin cibinə zərbədir. Yaxşı olmazmı ki, bu hallarda yol polisi avtobusu son dayanacağa qədər müşayiət etsin və orada sürücünün məsələsinə baxsın?

Müəllif: Asif Aydınlı