Çimərlik ərazilərində maarifləndirici lövhələr, poster və elanlar yenilənir
Qarşıdan gələn yay çimərlik mövsümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklərdə mövsümə hazırlıq işləri başa çatıb.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, artıq iki ildir ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərliyinin ərazisində - ümumilikdə 6 yerdə fəaliyyət göstərən bu çimərliklər şəhər sakinlərinin Leyla xanım Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb. Burada yaradılan şərait və ən başlıcası, pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhərimizin qonaqlarının böyük rəğbətini qazanıb.
Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılılıb, digər təmizlik işləri görülüb. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılır, qaydaya salınır, cari təmir işləri, bir sıra yerlərinin rənglənməsi aparılır.
COVID-19 pandemiyasının hələ də davam etməsi ilə əlaqədar vətəndaşların sağlamlıqlarının qorunması məqsədilə hər bir çimərlikdə mövcud epidemioloji vəziyyətə uyğun tədbirlər nəzərdə tutulub. Çimərlik ərazilərində maarifləndirici lövhələr, poster və elanlar yenilənir. Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılacaq.
Qeyd edək ki, paytaxtda çimərlik mövsümünün başlanma vaxtının təyin edilməsi və burada istirahət qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və təlimatları əsasında həyata keçiriləcək.