Bakıdan Gəncəyə: yol əhvalatı

Cəmiyyət

07.11.2021 - 11:05

Həkimlər Klinikalar SEO Xidməti

“Yola çıxandan beş dəqiqə sonra hamı yatacaq, mən də oyaq qalmaq üçün siqaret çəkirəm...”

Uzun zamandan sonra yolum Bakı Beynəlxalq Avtovağzalından düşüb. Elə bilirəm, çatacam, gedəcəyim istiqamətdə avtobuslardan birinə minib, ödənişi edib, rahat gedəcəm. Amma yenə unutmuşam ki, bu məmləkət "bura Azərbaycandır" deyərək yaşayanların ölkəsidir. O ölkə ki öz vətəndaşları "bura Azərbaycandır" ifadəsini "burada ağlına gələ biləcək və bilməyəcək hər qanunsuz işi görə, hər vəziyyətdə rahatlıqla istənilən qeyri-etik davranışı sərgiləyə və qarşılaşa bilərsən" ilə eyniləşdiriblər.

Mənim üçün ağılalmaz, çoxları üçün çox normal və adi bir hal kimi gələn vəziyyəti sizinlə də bölüşmək istədim. Bəlkə də səhv məndədir,  nə bilmək olar...

Avtovağzala daxil oluram. Qapıda polis və digər nəzarətçi içəri daxil olanlara "Vaksin pasportunuz varmı?" sualını verməklə kifayətlənir. "Vaksinsiz adam var?" sualı ilə yolçulardan  biri kinayə ilə soruşsa da, reaksiya verən olmur. Nəzarətçi “rayonlara gedənlər üçüncü mərtəbəyə qalxsın”, - deyir.

Üçüncü mərtəbəyə qalxıram, rayonlara gedən avtobuslar dayanıb. Gözüm Gəncə yazısını axtarır. Bir neçə maşının ön pəncərəsinə Gəncə, Gəncə-Şəmkir yazılsa da, avtobusların  görüntüsündən narahat olub yaxınlaşmaq istəmirəm. Bir nəfər orta yaşlı kişi yaxınlaşır, “hara gedirsiniz?” - soruşur. “Gəncəyə” cavabımı eşidər-eşitməz, “buyurun,  biz çıxırıq”, - deyir. Avtobusları təzə, səliqəli görünür.

- Qiymətləri bilmirəm, neçəyə aparırsınız?

-10 manata.

- Bu, bilet qiyməti ilə eynidir, yoxsa kim neçəyə istəsə, aparır?

- Bilet 9 manat 40 qəpikdir, mən 60 qəpiyinizi  verərəm.

- Ehtiyac yoxdur, sadəcə maraqlıdır, soruşdum. 

Əlində kağız-qələm ora-bura var-gəl edən orta yaşlı bir kişiyə tərəf üzünü tutub, “xanım üçün yer yaz”, - deyir. Adam alıcı baxışları ilə məni başdan-ayağa süzüb, "şoferin arxasındakı sdeniyaya keç, əyləş”, - deyir.

- Sürücü siqaret çəkirmi?

- Çəkir.

- Yox, o zaman mən bu avtobusda gedə bilmərəm. Yolboyu siqaretin tüstüsü bizi boğar ki.

- Sürücü mənəm. Yola çıxandan beş dəqiqə sonra hamı yatacaq. Oyaq qalmaq üçün çəkirəm. 

- Düz etmirsiniz. Avtobusda uşaq, yaşlı var. Onlara pis təsir edəcək. Yuxulamamaq üçün başqa bir üsul sınayın. 

Bunu dediyimdə  yanındakılar da daxil olmaqla mənə elə təəccüblü baxışlarla baxırlar, sanki siqaret tüstüsünün  ətrafdakılara pis təsir etdiyini  ilk dəfə eşidirdilər.

“Siz siqaret çəkməyən sürücü çətin tapasınız. Yolboyu hamı çəkir”, - deyir.

Tələsirəm, amma təhlükəsizlik baxımından avtovağzaldan çıxan avtobuslara  üz tutmuşam. Düşünürdüm ki, burada sürücülərə nəzarət var. Narkotik vasitələrin konfet kimi satıldığı, alındığı bir vaxtda yoldan hansısa taksiyə əyləşib getmək düzgün olmaz.

Əsəblərim tarıma çəkilmədən kassa tərəfə üz tuturam. İçəri zəif işıqlandırılıb. Yəqin enerjiyə qənaət edirlər. Kassanın  qarşısında çoxlu adam toplaşıb. Qara geyimlər, içərinin ala-qaranlığı adamın ürəyini darıxdırır. Kassanın yanında qara kostyumlu, plaşlı, yaşlı kişilər dayanıb. Yaxınlaşıb avtobuslara  kimin nəzarət etdiyini öyrənməyə cəhd edirəm.

- Buyurun, xanım. Kömək edək.

- Gəncəyə çıxan avtobuslar harada dayanır?

- Aha, bax, o tərəfdə.

- Yox, onlardan başqa. Deyəsən, heç o avtobuslara nəzarət edən yoxdur. Normal görünən avtobuslardan birinə yaxınlaşdım, sürücü deyir, “mən siqaret çəkməsəm, yataram”. Mən anlamıram, bu, nə deməkdir? Ümumiyyətlə, bunlara nəzarət edən yoxdur?

- Ay xanım, Azərbaycanda siqaret çəkməyən adam var? Evdə uşağa da deyirsən, çəkmə, gedir xəlvətdə çəkir.

- Kiminsə uşağının xəlvətdə siqaret çəkməyinin bu məsələyə nə aidiyyəti var?

- Yox, demək istəyirəm ki, kiməsə nəzarət etmək çətindir.

- Elədir, amma sürücü mənə deyir ki, “çəkməsəm, oyaq qala bilmərəm”. Günün günorta çağında yola çıxan sürücü niyə yuxulasın axı? Bu qədər can ona əmanət edilir. Üstəlik də avtobusda qadın, uşaq, yaşlı, xəstə adamlar var. Kimsə sürücünün siqaret tüstüsünü udmağa məcbur deyil.

- Çəkəndə də tüstü pəncərədən uçub gedir...

- İndi deyirsiniz ki, mən bu boyda avtovağzalda siqaret çəkmədən yola çıxan bir sürücü tapmayacam, gedəm?

Burada müzakirəmiz bir qədər davam edir, qarşı tərəf sürücünün  yolboyu siqaret çəkməsinə nəzarət etməyin mümkün olmadığını, mənim də bunu qəbullanmağımı deyir. Mən isə əksini müdafiə edirəm. Bu zaman orta yaşlı  bir bəy bizim söhbətə qarışır. Təmkinli səslə:

- Bizim maşında siqaret çəkən yoxdur. Özüm sürürəm. Xanım bilet alsın, bizimlə getsin.

Bu boz, qaranlıq yerdə elə bilirəm, haradansa bir işıq közərir. Çünki artıq əlimi üzmüşdüm, düşünürdüm ki, ya yolumdan qalmalı olacam, ya da yol boyu kiminsə siqaret tüstüsündən boğulmalı. Amma nə yaxşı oldu ki, qanım qaralmamış bir maşın tapdım.

Sanıram, avtovağzalın  işçisi olduğunu zənn etdiyim yaşlı kişi də işin belə alındığından məmnun qalmışdı. Mənə tərəf çevrilərək, “siz özünüz maşına baxın, sonra bilet alın. Yəqin rahat gedərsiniz, amma görün ikinci mərtəbədə getmək sizə rahatdırmı” - söyləyir. Razılığımdan sonra çevikliklə kassaya tərəf yönələrək, bir əli ilə də mənə "bəri gəl" işarəsi verir. Kassanın qarşsında dayanır. Deyəsən, kimsə yoxdur, bir neçə saniyə gözləsə də, gələn olmur. O biri kassaya keçir. Kassir xanıma mənim üçün Gəncəyə bilet verməsini deyir. Kənardan müxtəlif suallarla ona yaxınlaşan başqa yolçular da var. Səs-küydən kim nə soruşur, o qədər də aydın deyil. Amma o, hamını hansısa tərəfə istiqamətləndirir.

Xanım 11:30 üçün yer olduğunu bildirir. Bilet üçün 8 manat 40 qəpik ödədikdən sonra avtobusa tərəf yollanıram.

Avtobusun yola çıxmasına bir saata yaxın vaxt var. Ətrafı müşahidə edirəm. Qara paltarlı kişilər hərəsi bir tərəfdə siqaret tüstülədir. Söhbət edənlərin belə, əllərində siqaret tüstülənir. Ətrafda zibilqabı gözə dəymir və təbii olaraq bütün siqaretlərin kötükləri yerə atılır. Qarşıdakı köhnə avtobusun tüstü borusundan çıxan qatı duman da bir tərəfdən havanı çirkləndirir. Məcbur qalıb açıq havada maskamı yuxarı qaldırıram.

Deyəsən, bu baş verənlər təkcə məni narahat edir. Ən böyük narahatlığım da elə budur. Təəssüf ki, bu gerçəkliklə çoxdan tanışam. Bizim camaat xaosa öyrəşib və ya öyrəşdirilib. Az yaşım olmasa da, başqalarının haqqına girməkdən ehtiyat edərək yaşadığım bu illərdə ölkəmdən xəbərim olmayıb. Müstəqil həyata başlayandan sonra az qala hər addımda təəccüblənir, barışması çətin vəziyyətlərlə qarşılaşıram. Elə bil, elin Avropasında böyümüşəm, bu ölkəyə də təzə gəlmişəm. Yoxsa kiçiyindən tutmuş böyüyünə kimi qəbullana bilmədiyim, hər nitqimdə etiraza çevrilən gerçəkliklərimiz mənim də çoxdan vərdişim  olmalı idi. Təəssüf ki, ola bilməyib, indidən sonra da olan deyil.

Mənim dəyişməz olan gerçəyim belədir ki, hər kəs qəbul etməlidir, bu ölkə bizim evimizdir, etinasızlıq yolverilməzdir. Sabah bu evdə uşaqlarımız yaşayacaq, elə etməliyik ki, onlar bizim etinasızlığımızın nəticəsi olaraq ortaya çıxan haqsızlıqlara, özbaşınalığa, xaotik vəziyyətə görə bizə lənət oxumasınlar. Mədəni, nizamlı cəmiyyətdə insan kimi yaşamaq bizim də, onların da ən təbii haqqıdır.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş